Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3917/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 aprel 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, almadığı geyim əşyaları əvəzinə pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunda bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrinin 56-cı bəndinin tələblərinə əsasən əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququna malik deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ehtiyata buraxılarkən almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənişinin qanunvericiliyə müvafiq qaydada hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissənin X1 taborunun Mühafizə bölüyünün komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0315 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatdığına görə xx.xx.2016-cı il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli qərarına əsasən zabit heyətindən olan şəxslər ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. O, ehtiyata buraxılarkən ona almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə məktubla müraciət edərək ona ehtiyata buraxılarkən almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənişini Qanunvericiliyə müvafiq qaydada hesablayıb ödənilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən ona xx.xx.2022-ci il tarixli 3014 nömrəli məktubla cavab verilərək sözügedən kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Həmin imtina cavabını əsassız hesab edir. Belə ki, imtina məktubunda Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrinin 56-cı bəndinə əsaslanılaraq bildirilmişdir ki, 1,5 il (1 il 6 ay) müddətinə çağırılmış zabitlərə tərxis olunduqdan sonra əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilmir. Həmin məktubun son cümləsində isə qeyd olunur ki, Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmri xx.xx.2004-xx.xx.2016-cı illər ərzində 1,5 il (1 il 6 ay) müddətində hərbi xidmət keçən və xidmət müddəti başa çatıb ehtiyata buraxılan hərbi qulluçulara şamil edilir. Cavab məktubundan da göründüyü kimi məktubun 1-ci və 2-ci abzaslarının mətni 3-cü abzasının mətninə tam ziddir. Cavab məktubunda istinad edilmiş 112 nömrəli əmrin mətni yaxud həmin əmrdən çıxarış da məktuba əlavə edilməmişdir. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrində 1,5 il (1 il 6 ay) müddətinə ehtiyatdan çağırılmış zabitlərə tərxis olunduqdan sonra əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməməsi barədə hər hansı bir maddə, yaxud bənd mövcuddursa belə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli qərarı ilə həmin əmrin mətni ziddiyyət təşkil etdiyi halda Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı 05 noyabr 2014-cü il tarixdən 28 may 2016-cı il tarixədək leytenant hərbi rütbəsi ilə N nömrəli hərbi hissənin X1 taborunun Mühafizə bölüyünün komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 05 may 2016-cı il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə 28 may 2016-cı il tarixdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi”nin 56-cı bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar. Qeyd edilən əsasnamənin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər normanın təsir dairəsinə düşmədiyindən normanın müddəaları onlara şamil edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı almadığı geyim əşyaları əvəzinə pul kompensasiyasının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsinin isə iştirak etmələsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. . ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş,: EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant hərbi rütbəsində xidmət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 №-li Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında” Əsasnamə:
56. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunveriliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 mart 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnaməsi”nin 56-cı bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar. Qeyd edilən əsasnamənin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər normanın təsir dairəsinə düşmədiyindən normanın müddəaları iddiaçıya şamil edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov