Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3918/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Suvorov küçəsi, 39 saylı evin 79 saylı mənzilində qeydiyyatda olmuşdur, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon XDS İK-nın 20 noyabr 1987-ci il tarixli qərarı 21/11 saylı qərarı ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Mənzil şəraitinin yaxşı olmaması və daimi yaşayış yeri verilmısi imkanlarının olmaması səbəbindən, Nəsimi RİHnın 25 fevral 1992-ci il tarixli 191/22 nömrəli qərarına əsasən mənzil məsələləri həll edilənədək iddiaçıya ünvan 1 ünvanında yerləşən 11 saylı məhdud kommunal şəraitli mənzil sığınacaq kimi verilmişdir. İddiaççı bundan sonra dəfələrlə RİH-ə müraciət etsə də, mənzillə təmin olunmamışdır. İddiaçı növbəti dəfə RİH-ə sorğu ilə müraciət edərək, mənzil növbəsində olması ilə bağlı məlumat almaq istəmişdir. Nəsimi RİH-in 4/908 nömrəli 8 avqust 2022-ci il tarixli cavab məktubunda onun mənzil növbəsi barədə məlumatın olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, yaşadığı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdehin 4 oktyabr 2022-ci il tarixli məktubunda onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, bu imtina onun hüquqlarını pozur, mənzil sığınacaq kimi verilmiş olsa da, mənzil npvbəsindən çıxarılması mənzilin ona daimi əsaslarla verilməsinin sübutudur. Qeyd olunan sərəncama əsasən o, mənzilə pasport qeydiyyatına götürülmüşdür, mənzil npvbəsindən çıxarılmışdır, mənzilin fərdi maliyyə hesabı onun adına rəsmiləşdirlmişdir. 2009-cu ilin 1 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsində, eləcə də yeni Mənzil Məcəlləsində sığınacaq kimi nəzərdə tutulmuş mənzillərə dair ayrıca, o cümlədən məhdudlaşdırıcı qaydalar müəyyən edilmədiyindən, cavabdeh müvafiq yaşayış sahəsinin sığınacaq kimi ayrılmasını əsas gətirərək ona hüquqların qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Göstərilənlərə və «Azərbaycan Respublikasında mənzil fondunun özələşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə, İPM-in 34, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 27 sentyabr 2022ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minınədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim edilməmişdir. Həmçinin, 25 fevral 1992-ci il tarixli 191/22 nömrəli sərəncam ilə sözügedən mənzil sığınacaq kimi iddiaçının istifadəsinə verilmişdir. Daimi istifadəsinə verilməsi haqqında sərəncam verilməmişdir. Qeyd olunan səbəbə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 4 oktyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, 4,8 kv.m əlavə tikili mövcuddur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11, 11, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon MKTB 52 saylı MKİS-in 29 noyabr 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzili (sığınacaq) çəraiti “qismən kommunal” olmaqla İddiaçı məxsusdur (sahibliyindədir), mənzildə özü, 1992-ci il təvəllüdlü qızı X3, nəvələri 2004-cü il təvəllüdlü X4 və 2008-ci il təvəllüdlü X6 qeydiyyatdadrlar. İş materiallarında görünür ki, X3 və X4 Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə notarial qaydada ərizələr imzalamışlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH-in 4/908 nömrəli 8 avqust 2022-ci il tarixli məktubunda bildirilir ki, Nəsimi rayonu, S.Əsgərova (keçmiş Sverdlov) küçəsi, 175 nömrəli evin 11 saylı mənzilində yaşayan vətəndaş İddiaçı hazırda Nəsimi RİH-də mənzil növbəsində deyil, nə vaxt mənzil növbəsinə götürülməsi və növbədən çıxarılması barədə isə hər hansı bir məlumat yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 25 fevral 1992-ci il tarixli 191/22 nömrəli sərəncamında qeyd olunmuşdur ki, vətəndaş İsmayılova S.A.İsmayılova 10 nəfərdən ibarət ailəsi ilə birlikdə Suvorov küçəsi, 39 saylı evin 79 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X13. Mənzil kirayəçisi atasıdır. O, 3 nəfərdən (özü, oğlu, qızı) ibarət ailəsi ilə 1987-ci ildən yaşayış yeri üzrə güzəştli mənzil uçotundadır. ünvan 2 ünvanında, sahəsi 45,94 kv.m olan, sərbəst tutduğu 3 otaqlı 45 saylı mənzildən çıxarılması barədə 22 oktyabr 1991-ci il tarixli qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən ona Sverdlov 175 ünvanlnda yerləşən, məhdud kommunal şəraiti olan, 31 kv.m sahəsi olan 2 otaqlı 11 saylı mənzil sığınacaq kimi təklif edilmiş, o isə buna razılıq vermişdir. Sərəncamla aşağıdakılar qərara alınmışdır: - vətəndaş S.A.İsmayılovaya onun hamiləliyi də nəzərə alınaraq mənzil məsələsinin həll edilməsi ilə əlaqədar 3 nəfərdən (özü, oğlu, qızı) ibarət ailəsi üçüm Sverdlov küçəsi, 175 ünvanında yerləşən, məhdud kommunal şəraiti olan, 31 kv.m sahəsi olan 2 otaqlı 11 saylı mənzil sığınacaq kimi veilsin. İş materiallarında olan Nəsimi Rayon XDS İK mənzil komissiyasının 11 noyabr 1987-ci il tarixli iclasının protoklundan görünür ki, həmin iclasda Nümunəvi Qaydaların 5-ci bəndinə əsasən Nəsimi rayon şurası üzrə komitəsinə vətəndaş S.A.İsmayılovanın 3 nəfərdən ibarət (özü, oğlu, qızı) ailəsi ilə birlikdə mənzil uçotuna alınması və müəllimlərin ardıcıllığı siyahısına daxil edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsi tərəfindən Vİ ЖГ 293594 nömrəli 29 may 1992-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X5 arasında 29 may 1992-ci il tarixdə nikah bağlanmış və nikahdan sonra arvada (S.A.İsmaylovaya) “Axundova” soyadı verilmişdir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanlarının sərəncamları bu əsaslar sırasında nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Bakı şəhəri Nəsimi RİH-in 23 fevral 1992-ci il tarixli 191/22 nömrəli sərəncamı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi (əvvəlki Sverdlov küçəsi), 175 saylı evin 11 saylı mənzilinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sərəncamın həqiqiliyini şübhə altına almamış, sənədin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillər odur ki, müvafiq yaşayış sahəsi sığınacaq kimi ayrılmışdır və əlavə 4,8 kv.m bitişik tikili mövcuddur. Məhkəmə imtina dəlilləri ilə bağlı ilk növbədə diqqətə çəkir ki, İddiaçı hazırkı halda yaşadığı mənzilə mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanundan və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunlarda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, “sığınacaq”la bağlı ayrıca hüquqi rejim müəyyən edilməmiş, həmin yaşayış sahəsi digər kateqoriyadan olan yaşayış sahələrindən, o cümlədən mənzildən fərqləndirilməmişdir. Müvafiq qadağa yalnız tələbə yataqxanalarında olan yaşayış sahələrinə, qəzalı vəziyyətdə olan mənzillərə, xidməti və qapalı hərbi şəhərcikdə yerləşən mənzillərə aid edilmişdir. İddiaçıya ayrılmış mənzil isə qəzalı vəziyyətdə olduğu (qismən kommunal şəraitli olsa da) halda, ona ayrılması mümkün olmazdı və ya bu barədə müvafiq sərəncamda qeyd aparılardı. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının vaxtilə mənzil növbəsində olması sözügedən yaşayış sahəsinin ayrılması barədə sərəncamda göstərilmiş, həmin yaşayış sahəsi ayrıdıqdan sonrakı dövdrdə onun mənzil növbəsində saxlanılması müəyyən edilmir (Nəsimi RİH-in məktubuna əsasən). Mənzilin ölçüsünə gəldikdə isə, əlavə 4,8 kv.m tikilinin mövcudluğu isə yaşayış sahəsinə mülkiyyət hüququnun sahə müvafiq sərəncamda göstərilən ölçüdə olmaqla reyestrdə qeydiyyata alınmasına manə kimi çıxış edə bilməz. Çünki, iddiaçı həmin əlavə tikilinin qeydiyyatını tələb etmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzilinə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1 və 5-ci maddələrinə əsasən İddiaçı mülkiyyət hüquqları yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 saylı evin 11 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3918/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3918/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver