Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-392/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanından qeydiyyatdan olan), Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhəçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X7 qızının Cavabdehna (3-cü şəxs "xxxx" ASC olmaqla) kompensasiyanın hesablanması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X7 qızı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının 25518 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi, "xxxx" ASC-də olmuş kreditinin Mərkəzi Kredit Reyestrinə daxil edilməsi və ona “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq kompensasiya hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, əsl Cavabdeh ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4447/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən "xxxx" ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ******************** nömrəli hesabına bağlı olan plastik kartına 4000 avro məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə xx.xx.2015-ci il tarixinə, yəni birinci devalvasiyanın baş verdiyi tarixə əsas borcu 0.00 avro, faiz borcu isə 72,44 avro olmuşdur. İkinci devalvasiyanın baş verdiyi xx.xx.2015-ci il tarixə isə onun həmin kredit xətti üzrə əsas borcu 3999,55 (üç min doqquz yüz doxan doqquz, əlli beş) avro, faiz borcu isə 0,19 avro təşkil etmişdir. Bunu "xxxx" ASC tərəfindən verilmiş MF-4150 nömrəli, xx.xx.2019-cu il tarixli arayış da təsdiq edir. İddiaçı ona hesablanmış kompensasiyanın portalda əks olunması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Palata tərəfindən araşdırma aparılmış sonda müraciəti təmin edilməmişdir. O, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının gəldiyi nəticədən Apelyasiya Komissiyasına müraciət etmiş və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasının #25518 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarı ilə müraciəti təmin edilməmişdir. Apelyasiya Komissiyasının qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restruktrizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunur.” Hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, "xxxx" ASC-də olmuş krediti Mərkəzi Kredit Reyestrinə daxil edilməli və ona “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq kompensasiya hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2019-cu il tarixli Fərman qəbul edilərkən həmin fərmanda vurğulanmışdır ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək fərmanın əsas mahiyyətini təşkil edir. Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Qeyd edilən fərmanda, həmin Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.3-cü bəndinə əsasən banklar fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən MKR-ə məlumatlar xüsusi proqram təminatı vasitəsilə tərtib edilmiş elektron formatda təqdim edilir. Müxtəlif dövrlərin hesabatları arasında uyğunsuzluq aşkar edilərsə və ya hər hansı digər səbəbdən təsdiqləyici hesabatlar kağız daşıyıcılarda da tələb edilə bilər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Göründüyü kimi möcvud qanunvericlik MKR-ə məlumatların daxil edilməsinin borcalanların deyil kredit təşkilatlarının vəzifəsi olduğunu imperativ şəkildə müəyyən etmişdir. Bankın krediti barədə məlumatları vaxtında MKR-ə təqdim etməməsi onun Konstitusion hüququnun pozulmasına gətirib çıxara bilməz. Belə ki, 2-ci devalvasiya tarixində kreitinin mövcud olması barədə hesabdan çıxarış və bank tərəfindən verilmiş həmin faktı təsdiqləyən arayış Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilmişdir. Belə olan təqdirdə Palatanın və daha sonra müraciətə baxan Apelyasiya Komissiyasının gəldiyi nəticə həm mövcud qanuvericiliyin, həmdə cənab xx.xx.2019-cu il tarixli Fərmanının müddəalarına uyğun deyildir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq göstərmişdir ki, iddiaçı Əfəndi-zadə (Yaqubova) Səbinə Məzahir qızının iddia tələbi üzrə müvafiq kompensasiyanın hesablanmamasına səbəb hazırda mübahisələndirilən müqavilə üzrə Mərkəzi Bankın MKR və PK məlumat bazalarına Bank tərəfindən hər hansı məlumatların daxil edilməməsi olmuşdur. Məhkəmə araşdırması zamanı bu məsələ müzakirə edilmiş və bankla iddiaçı arasında məlum devalvasiyaların baş verdiyi günə qədər xarici valyutada kredit müqaviləsinin bağlanılmasının təsdiqi kimi həmin müqavilənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçının vəkili onlarda belə bir müqavilənin olmadığını bildirdikdən sonra məhkəmə Banka da müvafiq sorğu göndərmiş və belə bir müqavilənin olduğu təqdirdə onun məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmə sorğusuna cavab olaraq isə Bank tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışda X2 məxsus hesaba bağlı olan plastik kartına 4.000 avro məbləğində kredit xəttinin açıldığı və əsas borcun xx.xx.2015-ci il tarixinə 3999,55 avro təşkil etdiyi göstərmişdir. Göründüyü kimi istər iddiaçı, istərsə də Bank tərəfindən onlar arasında bağlanmış kredit müqaviləsi nə məhkəməyə, nə də Mərkəzi Banka təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Həmçinin, bu Qanunun 36.6-cı maddəsinin tələblərinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmin vaxt qüvvədə olan Cavabdeh “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə əsasən, kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Qaydalara əsasən, kredit müqaviləsində ən azı kreditin məqsədi, şərtləri, qaytarılma qrafiki və Qaydalarda təsbit olunmuş digər əsaslar asan oxunan və aydın şəkildə göstərilməlidir. Beləliklə, hazırki iş üzrə kredit müqaviləsinin təqdim olunmaması və MKR-də bu barədə heç bir qeydin mövcud olmaması bankla Əfəndi-zadə (Yaqubova) Səbinə Məzahir qızı arasında kredit münasibətlərinin olduğunu təsdiq etməyə imkan vermir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsini şifahi məhkəmə baxışı iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş MF-4150 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin Mərkəzi X1 (hal-hazırda X7 qızı) məxsus və ******************** hesaba bağlı olan plastik kartına 4000.00 avro məbləğində kredit xətti açılmışdır. Ayrılmış kredit xətti üzrə xx.xx.2015-cı il tarixinə əsas borc 0 avro, faiz borcu 72,44 avro və xx.xx.2015-ci il tarixinə əsas borc 3999,55 avro, faiz borcu 0.19 avro təşkil etmişdir. İşdə olan 28 sentyabr 2019-cu il tarixli, #25518 saylı qərarından görünür ki, iddiaçının müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə işin hallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən ******************** nömrəli hesabı ilə bağlı plastik kartına 4000 avro məbləğində kredit xətti açıldığı və onun ikinci devalivasiya baş verdiyi xx.xx.2015-ci il tarixə kredit xətti müqaviləsi üzrə əsas borcunun 3999,55 avro, faiz borcunun isə 0,19 avro təşkil etdiyinə əsaslanaraq, götürdüyü kredit məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il, 551 saylı Fərmanının əhatə dairəsinə düşdüyü halda, həmin Fərmanın ona münasibətdə tətbiq edilmədiyindən, onun adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməklə, ona kompensasiya hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 sentyabr 2019-cu il tarixli, #25518 saylı qərarı üzrə iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması dövründə Əfəndi-zadə (Yaqubova) Səbinə Məzahir qızına kredit xəttinin açılmasına əsas olmuş sənədlərin, bağlanmış kredit müqaviləsinin təsdiq edilmiş surəti sorğu əsasında "xxxx" ASC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq verilmiş "xxxx" ASC tərəfindən verilmiş 18/9000 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bankın Mərkəzi filialı ilə Əfəndizadə (Yaqubova) Səbinə Məzahir qızı arasında bağlanmış kredit müqaviləsi üzrə hesabdan çıxarışları təqdim edilmiş və bildirilmişdir ki, kredit dosyesinə aid sənədlər toplusu “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimata müvafiq olaraq arxivə təhvil verilərək məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Göstərilən dövr qüvvədə olmuş Cavabdeh “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə əsasən kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilməlidir: - kreditin məqsədi və dəqiq təyinatı; - kreditin şərtləri (kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər); - kreditin qaytarılma qrafiki; - kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri; - kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; - tərəflərin hüquq və vəzifələri; - tərəflərin məsuliyyəti; - mübahisələrin həlli qaydası. Kreditin təminatı ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır. Hazırki halda "xxxx" ASC-də iddiaçının hesabına bağlı olan plastik kartı üzrə kredit xətti açıldığı qeyd edilsə də, lakin iddiaçı ilə banka arasında kredit müqaviləsinin bağlanması, bununla da kredit münasibətlərinin mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”ndan görünür ki, Bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2-ci bəndinə əsasən 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Fərmanının 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. Kredit müqaviləsi mövcud olmadığı halda isə iddiaçının xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edilməsi mümkün deyildir. İddiaçı ilə bank arasında kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən, yəni tərəflər arasında kredit münasibəti mövcud olmadığından, bank tərəfindən onun barəsində Mərkəzi Kredit Reyestrinə hər hansı məlumat daxil edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi üçün əsaslar mövcud olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 75-ci və 85-ci maddəsinə əsasən məhkəmə, QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-392/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-392/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver