Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3922/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun yazılmasına dair qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fiziki şəxs kimi ona 17700 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin vergi borcunun silinməsinə dair qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olub və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim edib. Lakin 2021-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə qanunsuz və əsassız olaraq ona 17700 manat məbləğində vergi borcu yazılmışdır. Bununla əlaqədar bildirir ki, o, vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına vergi hesabatlarını verib. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq fiziki şəxs kimi ona 17700 manat məbləğində süni surətdə yaradılmış vergi borcu yazılmışdır. Bununla əlaqədar dəfələrlə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edib, lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə qanunsuz və əsassız olaraq fiziki şəxs kimi mənə 17700 manat məbləğində vergi borcu yazılmışdır. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı ilə fiziki şəxs kimi mənə 17700 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassızdır, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil,qanunsuz olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə yazıldığına görə cavabdehin qərarı məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməli və mənə qanunsuz yazılmış vergi borcu silinməlidir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən iddia növünə münasibətdə də İnzibati Prosessual Məcəllənin tələblərinə düzgün əməl olunmamışdır. İddia ərizəsinin əvvəlində iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin İddiaçı mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində yaranmamışdır.
4. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş 17700.0 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir.
5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, iddia tələbindəki borc məbləğinin hesablanmasında əsas olmuş qərarı təqdim etməklə iddia tələbinin həmin qərarın mübahisələndirilməsi kimi dəyişdirilməsi kimi təklif edilmişdir. İddia tələbinin həmin tələblərə uyğunlaşdırılmamasının onun mümkünsülüyünə səbəb olması izah edilmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etmir və iddia ərizəsində göstərilmiş ünvana göndərilmiş məhkəmə bildirişləri geri qaytarılmışdır.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə baxmayaraq, məhkəməyə məktublaşma üçün etibarlı ünvan təqdim etmədiyindən ünvanına göndərilmiş məhkəmə bildirişləri bir halda “ünvan düzgün deyil”, bir halda isə “həbsxanadadır” poçt qeydi ilə geri qaytarılmışdır.
10. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, hüquqi marağına uyğun olaraq vergi orqanının müvafiq qərarını mübahisələndirə bilər.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva