Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3925/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) və həmin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə həmin qurumun işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. İddiaçı tərəf həmçinin məhkəməyə yeni iddia ərizəsi təqdim etmiş və iddianın dəyişdirilərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və son 3 il müddət üzrə ödənilməmiş pensiya məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 8 oktyabr 1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1977-ci ildən başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 1977-ci ildən 2003-cü ilədək ümumi əmək stajı 26 il təşkil edir və bundan 19 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (vəzifələrdə) işləmişdir. 1 sentyabr 1977-ci il tarixdən 8 oktyabr 1978-ci il tarixədək “Azselstroy” Trestində kuryer vəzifəsində işləmiş, 22 oktyabr 1978-ci il tarixdən 27 oktyabr 1980-ci il tarixədək ordu sıralarında hərbi xidmətdə olmuş, 2 dekabr 1980-ci il tarixdən 10 oktyabr 1984cü il tarixədək VPO “Soyuzneftemaş” Maşınqayırma Zavodunda frezerovşik şagirdi, 2-ci dərəcəli frezerovşik vəzifələrində işləmişdir. 29 oktyabr 1984-cü il tarixdən 30 oktyabr 2003-cü il tarixədək X4 “Qafur Məmmədov”, “Şair Vidadi”, “İslam Səfərli” gəmilərində matros şagirdi, matros, kapitanın 3-cü köməkşisi, kapitanın 2-ci köməkşisi, kapitanın baş köməkşisi vəzifələrində işləmişdir. 60 yaşım tamam olduqdan bir müddət sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN5” Mərkəzinə ərizə ilə müraciət etmişdiк. 3 dekabr 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, onun fərdi hesabımın sığorta hissəsinində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, 40.400 manat hesablandığı halda cəmi 19.229,60 manat təşkil edir və bu səbəbdən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İddiaçı hesab edir ki, ona verilmiş bu imtina cavabı qanunvericiliyinin tələblərinə uyğun deyil, əsassızdır, hesabalamalar düzgün aparılmamışdır və ona güzəştli şərtlərlə pensiyanın təyin edilməlidir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 №-li Qanununa əsasən kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsi isə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Pensiyaçılara əmək pensiyasının düzgün təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa məhkəməsinin presedent hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. “ASAN5” Mərkəzi tərəfindən 3 dekabr 2020-ci il tarixli ərizəyə 23 dekabr 2020-ci il tarixli imtina cavabı 29 dekabr 2020-ci il tarixdə “ASAN5” Mərkəzində ona (iddiaçıya) təqdim edilmişdir və buna dair o, qeydiyyat jurnalında imza etmişdir, yəni, hazırki iddia qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürmüşdür. Göstərilənlərə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyi üçün 57 yaş tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son üç il müddıt üzrə ödınilməmiş pensiya məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - X1 iddiasını DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qəbul etmir. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddia əsassızdır. 1) «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarm: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün onun 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması: 3) İddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»ında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanm fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta rə yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, İddiaçının 60 yaşının tamam olduğu 10 noyabr 2020-ci il tarixdə 65 yaş olmuşdur. Deməli, «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə əsasən iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay İddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 60 yaşla «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 60 il = 5 il). 204 ay x 200 manat (minimal pensiya məbləği) = 40,800.00 manat. İddiaçının cəmi pensiya kapitalı 19,229.60 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli XXVİİİ. Nəqliyyat” bölməsində (3. Dəniz və çay donanması) 23003010 kodu ilə “dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)”, 23003020 kodu ilə “Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla)” nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh onun fərdi hesabının sığorta hissəsində toplanmış pensoya kapitalının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini (tələb olunan 40.800 manat pensiya kapitalının qarşılığında 19.229,60 manat toplanmışdır) səbəb kimi göstərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması və 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq (1977 – 2003-cü illərdə hərbi xidmət dövrü də daxil olmaqla fasiləsiz əmək fəaliyyəti var) ümumi iş stajına malik olması işin mübahisə olunmayan hallarına daxildir və işdə olan şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətlərindən də müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ tərəfindən 18 oktyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 8 oktyabr 1960-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, A.M.Cümə küçəsi, 14 nömrəli evin 7 nömrəli mənzilidir. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1978-ci ilin oktyabr ayından 1980-ci ilin oktyabr ayınadək olan dövrdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyətinin 01/17-231 nömrəli 16 noyabr 2020-ci il tarixli arxiv arayışında aşağıdakılar bildirilir: - İddiaçı (8 oktyabr 1960-cı il tarixdə doğulmuş) həqiqətən 29 oktyabr 1984-cü il tarixdən (29 oktyabr 1984-cü il tarixli 188/y nömrəli əmrlə) 30 oktyabr 2003-cü il tarixədək (4 dekabr 2003-cü il tarixli k-352 nömrəli əmr) X4 “Qafur Məmmədov”, “Şair Vidadi”, “İslam Səfərli” gəmilərində matros şagirdi, matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərə aid deyildir. AR Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X8 Donanmasının yenidın təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericilik 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajı, o cümlədən azı 12 il 6 ay AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən peşələrdə iş stajı olan kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir və bu hüququn yaranmasını “pensiya kapitalı” ilə şərtləndirmir. Belə olan halda, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdehin imtinası qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitaçası, hərbi bilet və 16 noyabr 2020-ci il tarixli arxiv arayışı onlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən dəlillər və sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə vurulayır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 3 dekabr 2020-ci il tarixdə (yəni 57 yaşı tamam olduğu vaxtdan 3 il sonra) müraciət etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən yYaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (8 oktyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son 3 il müddət üzrə ödənilməmiş pensiya məbləğinin qanunvericililiyin tələblərinə uyğun ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (8 oktyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və son 3 il müddət üzrə ödənilməmiş pensiya məbləğinin qanunvericililiyin tələblərinə uyğun ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3925/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3925/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver