Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3925/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3 (X4) göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının X7 (X4) qızına torpaq sahəsinin ayrılmasına dair 1303 saylı, 11 sentyabr 2000-ci il tarixli sərəncamının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1303 saylı, 11 sentyabr 2000-ci il tarixli sərəncamı ilə X7 (X4) qızına Dövlətin müstəsna səlahiyyətində saxlanan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X9 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X9 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X6 şirkətləri arasında imzalanmış X2 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Respublikası Hökuməti tərəfindən (‘"Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X8 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti özünün səlahiyyətində olmayan, ona ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşən və sənaye təyinatlı torpaq sahələri kateqoriyasına aid olmaqla Qanunla Saziş ərazisinin hüdudlarına daxil edilərək Şirkətin müstəsna istifadəsinə verilmiş torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa ayırmaqla Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinin müddəalarını pozmuşdur. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu” və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, “əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarf’nm 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin həmin qərara əsasən, şəxsi tikililərlə elektrikötürücü xətləri arasında minimum məsafə 12-19 metr, mühafizə zonaları daxilində isə 10-15 metr olmalıdır.
3. Məhkəmənın iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh ştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
10. İddiaçının tələbi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1303 saylı, 11 sentyabr 2000-ci il tarixli sərəncamının etibarsız hesab edilməsidir.
11. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
12. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
13. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
14. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
15. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
17. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, sərəncamın mübahisələndirilməsi (etibarsızlığının tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
18. Məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif edilmiş, iddiaçı iddia müddətinin ötürülməməsinə istinad edərək, tələbin təmin edilməsini qeyd etmişdir.
19. Odur ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
20. İddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi ilə bağlı məsələlərə baxılmasına zərurət qalmadı.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva