Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3927/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 və X1 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması üçün Suraxanı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı1 1999-cu ildə X4 ilə nikaha girərək ailə qurmuş və ailə quraraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 2, ev 3 ünvanına gəlin köçərək orada yaşayır. Birgə nikahdan 04.04.2000-ci il təvəllüdlü İddiaçı2 və 26.10.2003-cü il təvəllüdlü X5 dünya gəlmişlər. O və övladları bu günədək sözü gedən ünvanda yaşasalar belə bugünədək həmin mənzilə pasport qeydiyyatına alınmamışlar. 23.12.2020-ci il tarixdə Suraxanı Rayon Polis idarəsinə onun, qızı İddiaçı2 və oğlu X1 pasport qeydiyyatına alınmalarına dair ərizə ilə müraciət etsələr də, Polis tərəfindən ünvanlanmış 07.01,2021-ci il tarixli, 096-31601D- 1221 nömrəli məktubla hal-hazırda yaşadığınız ünvan 4 ünvanın hüquqi sənədi olmadığından qeydiyyata almaq mümkün deyil məzmunlu ərizələri cavablanmışdır. O 1999-cu ildən və iki övladı isə doğulduğu tarixdən sözü gedən mənzildə yaşayır, orada yaşamaqlarının təsdiq edən kifayət qədər sübutlar var. Əsas sübutlardan biri də Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18.12.2020-ci il tarixli, 1/30 nömrəli məktubudur. Məktubda İddiaçı1 1999-cu ildən, İddiaçı2 2000-ci ildən və X1 2003-cü ildən ünvan 1 ünvanına yaşamaqları tam təsdiq edilmişdir, lakin Suraxanı Rayon Polis idarəsi 07.01,2021-ci il tarixli, 096-31601 D-1221 nömrəli məktubla İddiaçı1, İddiaçı2ndı və X3 pasport qeydiyyatına alınmalarına imtina etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə heç bir rəsmi məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İddiaçı hazırki tələblə Bakı şəhər Suraxanı rayon Polis idarəsinə müraciət etmiş, sonuncu tərəfindən 04.01.2021-cu il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və ona ünvan 4 ünvanının hüquqi sənədi olmadığına görə qeydiyyata alınmanın mümkün olmayacağı bildirilmiş, aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18.12.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 nikah haqqında şəhadətnamə əsasında 1999-cu ildə Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 2, 33 saylı evə gəlin gəlmiş və mərhum yoldaşı X4 ilə birgə nikahından 2 övladı olmuşdur. O, iki övladı olan X6 – (2000-ci il təvəllüdlü) və X5 –(2003-cü il təvəllüdlü) ilə hal-hazırda Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 2, 33 saylı evdə qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21.06.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, 07.09.1972-ci il təvəllüdlü X4 06.06.2015-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ İİ seriyalı 133508 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.10.2020-ci il tarixdə beyindaxili mədəcikdaxilinə qansızma səbəbindən ölmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 01 mart 2021-ci il tarixli, **********79 saylı sorğuya cavab məktubunda qeyd olunur ki, ünvan 6 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 1953-cü il tarixli 72/33 saylı ev dəftərinin surətindən görünür ki, ünvan 6 saylı mənzil İddiaçı1 əri və 2 övladının atası X2 istifadəsində olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddianın tələbinin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədiyi ünvan 6 ünvanında yerləşən mənzil onların istifadəsində olmaqla, uzun illər daimi yaşayış yeri olduğuna görə və inzibati orqan tərəfindən İddiaçı1 əri X4 həmin ünvana qeydiyyata alındığına və ölüm tarixinədək orada qeydiyyatda olmaqla yaşadığına görə hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı1 yetkinlik yaşına çatmayan oğlu X1 ünvan 6 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 ünvan 6 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3927/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3927/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver