Məhkəmə qərarları › İş №2-1(112)-3929/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3929/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3929/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə - DSMF) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988xx.xx.1988-ci il dövrü üzrə fasilənin iş stajına daxil edilməsi və pensiyanın 33 illik sığorta stajı ilə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci ildə X2 Stansiyasında fəhlə kimi işə qəbul olunmuş, fasiləsiz olaraq meşə sahəsində direktor vəzifəsinə qədər müxtəlif vəzifələrdə xx.xx.2004-cü ilə qədər işləmiş və bunun hamısı əmək kitabçasında qanunauyğun şəkildə qeyd olunaraq, möhür vurulmuşdur. Həmin iş stajının 2001-2004-cü illəri baş idarə-X1 ləğv olunaraq yeni yaranmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşməsi ilə əlaqədar həmin nazirliklə bağlıdır və əmək kitabçasında qeyd olunub. xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə qədər meşə və yaşıllıq üçün ting istehsalı ilə məşğul olan "xxxx" kiçik müəssisəsində işləmiş və əmək kitabçasında qeyd olunmuşdur. Digər sənədlərlə yanaşı 1972-73-cü illərin əmək stajını təsdiq edən arayış - əmək kitabçasından çıxarış məhv edilib. Bir saylı DOST mərkəzi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə həmin arxiv sənədini də təqdim edərək pensiyasının yenidən hesablanması üçün müraciət etsə də, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona məktubla bildirilmişdir ki, xx.xx.2004-xx.xx.2006-cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Daha sonra sentyabrın əvvəllərində telefonuna gələn mesajda bildirilmişdir ki, xx.xx.1990-xx.xx.2004-cü illər üzrə sığorta stajı yoxlama ilə öz təsdiqini tapmayıb və ona görə də ona 25 illik sığorta stajı hesablanmışdır. Onun xx.xx.1990-cı ilə dair əmək kitabçasında qeyd yoxdur. Əmək kitabçasında 2004-cü ildə idarənin ləğv olunması ilə əlaqədar işdən çıxmağına Nazirliyin möhürü vurulmuş, müəssisənin kadr idarəsindən qeydiyyatlar aparıldıqdan sonra Nazirliyin kadr idarəsinə təhvil verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hazırda fəaliyyət göstərir, nazirliyin kadr idarəsindən və Nazirliyin Meşələrin İnkişafı Departamentindən aydınlaşdırmaq mümkündür. O, işlədiyi dövrlərdə həmişə müəyyən sənədləri saxlamışdır. Həmin yazışmalarda onun həm Giləzi meşəçiliyinin müdiri, həm baş meşəçi, həm direktor vəzifəsində işlədiyi aydın sübut edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 28 il 09 ay 17 gündür: ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər. Mübahisəli sosial sığorta stajı 01 il 11 ay 29 gündür: ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün faktiki və arxiv sənədlərin təhvil verildiyi ünvan məlum olmadığından həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Həmin maddənin tələblərinə uyğun olaraq, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan əmək fəaliyyəti dövrü xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil müddəti ilə üst-üstə düşdüyü üçün qeyd olunan əmək fəaliyyəti dövrlərini sığorta stajına əlavə etməklə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Əlavə olaraq, AR Milli Arxiv İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən 235,43 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə pensiya təyinatı həyata keçirilən zaman xx.xx.2006-cı il tarixədək 28 il 09 ay 17 gün sosial sığorta stajına və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24117,84 manat (2021-ci il tarixi üçün indeksləşdirilmiş) pensiya kapitalına əsasən pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 273,50 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 377,07 manata çatdırılmışdır. Həmin qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixdən) hesablanmış əmək pensiyasının fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. İddiaçı 01 dekabr 2021-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin “pensiyamın yenidən hesablanması vəzifəsinin cavabdehə üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, iddia tələbinin “pensiyamın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsi qərara alınmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə işlədiyi dövr və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli icasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünü, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada 25 il sığorta stajına (faktiki sığorta stajı 15 il 6 ay) və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 24117,84 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və əmək pensiyası məbləği xx.xx.2019-cu il tarixinən 254,37 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 330,40 manata çatdırılmışdır. Ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Mərkəzi Filialda aparılan araşdırmaya əsasən X3 rayon şöbəsi hal-hazırda fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin təhvil verilmədiyi üçün əmək kitabçasının surətində qeyd olunan xx.xx.1988-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsindəki dövrlər sığorta stajına əlavə edilməmişdir. Əmək kitabçasının surətində qeyd edilən xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədləri saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 20 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik müəssisəsində dair məlumat mövcud deyildir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28 aprel 2022-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" Kiçik müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə 23 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Ona xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının sığorta stajı 29 il 9 ay 29 gün (xx.xx.1973xx.xx.1978, xx.xx.1978-xx.xx.1979, xx.xx.1980-xx.xx.1988, xx.xx.1988-xx.xx.2001, xx.xx.2001-xx.xx.2004) hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2001xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı hazırda həmin dövrlər nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır; 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, "xxxx" kiçik müəssisəsinin isə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından staj kimi nəzərə alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının müraciət etdiyi zaman qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə işlədiyi "xxxx" kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən müəssisənin mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Məhkəmə iddianın predmetini təşkil edən digər dövrlə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasında (səhifə 48-51) onun xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18.07.201-ci il 08/4 №-li əmrinə əsasən yeni yaradılmış Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsinə direktor müavini təyin edilməsinə əsasən işdən azad edilməsi qeyd edilsə də, həmin qeyd cavabdeh inzibati orqan tərəfindən düzgün olmayaraq vəzifəyə keçirilmə kimi deyil, işdən azad edilmə kimi qəbul edilmiş və xx.xx.2001-xx.xx.2001-ci il dövrü nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, həmin dövr də sığorta stajına daxil edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə Ceyranbatan Meşəsalma və Meşə Meliorasiya müəssisəsində və xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar