Məhkəmə qərarları › İş №2-1(112)-3929/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3929/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3929/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı «əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 4 may 1969-cu il tarixdəı dpğulmuşdur. Polis polkovnikidir. 25 fevral 2022-ci il tarixdə öz arzu ilə (ailə vəziyyəti ilə əlaqədar) X4 tərxis olunmuşdur. Onun DİO-da 33 il 7 ay 1 gün stajı, 38 il 8 ay 1 gün güzəştli şərtlər ilə stajı var. 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axirinci iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi olmuşdur. 21 oktyabr 2021-ci il tarixdə öz xahişi ilə (ailə vəziyyəti ilə əlaqədar) DİO-dan tərxis olunmaq üçün sərəncama buraxılıb saxlanılmışdır. 21 dekabr 2021-ci il tarixdə əsassız və ya səhv olaraq Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Lakin həmin vəzifədə işləməmiş (xidmət göstərməmiş), maaş və məvaciblər almamış və pul vəsaitlərindən sosial fonduna ödəniş olunmamışdır. Sonradan qeyd edildiyi kimi, 25 fevral 2022-ci il tarixdə öz arzusu ilə ailə DİO-dan tərxis olunmuşdur. Ona qanunsuz olaraq, Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsini icra edən kimi şəxsə pensiya təyin olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hisəssinin tələbləri pozulmuşdur. Həmin maddədə də nəzərdə tutulmuşdur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikliyi hüququ mənə qarşı pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci hissəsinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçuların sırasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi rütbəli şəxslər və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən xüsusi rütbəli şəxslər aid edilmişdir. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50 – 100 % həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15 – 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. İddiaçı cavabdehə 24 sentyabr 2022-ci il tarixdə pretenziya qaydasında pensiyasının qanuna uyğun yenidən hesablanması barədə ərizə göndərsə də, bu günədək ərizəyə cavab almamış və onun hüquqları pozulmuş vəziyyətində qalmaqdadır. Göstərilənlərə əsaslanaraq və İPM-in 2-ci maddəsini rəhbər tutaraq, İddiaçı axırıncı 5 il, yəni 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axirinci iş yeri və vəzifəsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi (polis polkovniki) güzəştli şərtlərlə pensiyanı yenidən 25 fevral 2022-ci il tarixdən təyin etməklə və hesablamaqla yaranmış ödənilməmiş pul məbləqinin fərqini birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması mıəhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavandeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı mıəhkəməyə ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən təqdim olunmuş məlumat vərəqində onun vəzifəsi “Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsi – müstəntiq”, rütbəsi “polkovnik”, cəmi xidmət müddəti “38 il, 8 ay, 21 gün”, təminat xərcliyi “1.903,55 manat” və ehtiyata buraxılma tarixi “25 fevral 2022-ci il” göstərilmişdir. Həmin məlumat vərəqinə uyğun olaraq ona «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə əsasən 26 fevral 2022ci il tarixdən 38 il, 8 ay, 1 gün xidmət müddətinə görə təminat xərcliyinin (1.903,55 manat) 100% miqdarında hərbi quluuqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) qərarına əsasən indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixdən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 2.183,37 manata çatdırılmışdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etrazında bildirilir ki, İddiaçı, ona axırıncı 5 il, yəni 18 sentyabr 2017-ci il tarixdən başlayaraq axırıncı iş yeri və vəzifəsi DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlə şəxsə güzəştli şərtlərlə pensiyanı yenidən 25 fevral 2022-ci il tarixdən təyin etməklə və hesablanmaqla, yaranmış ödənilməmiş pul məbləğinin fərqinin birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddiaçının tələbi qanuna müvafiq olmadığından rədd edilməlidir. Belə ki, iddiaçıya 26 fevral 2022-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, iddiaçıya 26 fevral 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay) xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçının xidmətdən ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində yenidən xidmətə qəbul olunduğu aşkar edilmişdir. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənnilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Lakin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işə qəbul edilməyi ilə bağlı Mərkəzi Filiala hər hansı məlumat daxil olmayıb. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin iyun ayından etibarən yalnız sığorta hissəsindən ibarət olmaqla 356,67 manat məbləğində müəyyən edilərək ona ödənilir. Eyni zamanda, iddiaçıya artıq ödənilmiş vəsait 21 iyun 2023-cü il tarixli razılıq ərizəsinə əsasən cari aydan etibarən pensiyanın 10 faizi miqdarında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də «İnzibati icraat haqqında» Qanunun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı 21 iyun 2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçıya 21 iyul 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə məktub ünvanlanmışdır. Həmçinin iddiaçının barəsində 24 iyun 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli yenidən xidmətə qayıtması ilə bağlı qərarlar qəbul edilmişdir. Göründüyü kimi, DSMF orqanı tərəfindən «İnzibati icraat haqqında» Qanunun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək bildirdi ki, iddiaçının DİO-da 38 ildən çox stajı olmuşdur, 5 ildən artıq işlədiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi (polis polkovniki) nəzərə alınmaqla onun əmək pensiyasının 35 fevral 2022-ci il tarixdən yenidən təyin edilməsi, hesablanması və ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddiaçının barəsində Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsindən məlumat vərəqəsi daxil olmuşdur və həmin məlumat vərəqəsinə əsasən ona əmək pensiyası təyin olunmuşdur. 5 il və son 2 il üzrə əmək haqqı nəzərə alınmaqla əmək pensiyası təyinatı dövlət qulluqşularına şamil olunur, iddiaçı isə təqdim olunmuş məlumat vərəqəsinə əsasən pensiya təyin olunmalıdır. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1.-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllini təmin edilmədiyindən (imtina olunduğundan), tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Nəsimi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsisi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: (9.6.1) hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; (9.6.2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; (9.6.3) hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; (9.6.4) ali zabit heyətinə aid şəxslər. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin Qanunun 22.4-cü maddəsinə görə hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) Bu Qaydalar «Əmək pensiyaları haqqında» Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - (2-ci bənd) Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; - (3-cü bənd) Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Göründüyü kimi, əmək pensiyaları haqqında qanunvericilik hərbi qulluqçu kimi 20 ildən artıq xidmət etmiş şəxslərə yaşa görə əmək pensiyasının bu barədə sonuncu xidmət keçdiyi qurum tərəfindən verilmiş onun sonuncu tutduğu vəzifəsi üzrə təminat xərcliyinə uyğun məlumat vərəqəsi əsasında təyin edilməsini nəzərdə tutur və müvafiq icra hakimiyyəti orqanlarında, o cümlədən DİO-da xidmət etmiş xüsusi rütbəli şəxsləri də bu hərbi qulluqçulara bərabər təminatlı müəyyən edir. Hazırkı işin hallarına görə cavabdeh inzibati orqan tərəfindən DİO-da 38 il 8 ay 1 gün (təqvimi xidmət illəri 33 il 7 ay 1 gün, güzəştli xidmət illəri 5 il 1 ay olmaqla) xidmət etmiş şəxs kimi İddiaçı əmək pensiyası onun xidmət keçdiyi qurum Daxili İşlər Nazirliyi tərəfindən sonuncu tutduğu Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsi (polkovnik rütbəsi ilə) üzrə tərtib edilmiş məlumat vərəqəsi əsasında təyin edilmişdir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə müvafiq əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, xidmət etdiyi orqan – Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsi onun sonuncu tutduğu həmin vəzifə üzrə tərtib edildiyindən, o, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsində nəzərdə tutulan kateqoriya şəxslərə aid olmadığından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 21 dekabr 2021-ci il tarixədək işlədiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi vəzifəsi üzrə təminat xərcliyi əsasında əmək pensiyasının hesablanmasından imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddia “əmək pensiyasının yenidən hesablanması” hissəsində əsassızdır. İddiaçının ikinci – “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən və keçmiş dövr üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar