Məhkəmə qərarları › İş №2-1(112)-3931/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3931/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3931/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyesterində çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyesterində çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosunun xx.xx.2020-ci i tarixli, 039-16319H- 3120 saylı arayışında qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı N-14421H saylı torpağın mülkiyyətə verilməsinə dair İddiaçı verilmiş şəhadətnamə barədə idarənin arxiv və kadstr baza məlumatlrında hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, arayışda qeyd olunan şəhadətnamənin kodunun (********) Səbail rayonuna, JN-14421H nömrəsinin isə Xətai rayonuna aid olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının təqdim etdiyi itki sənədlərində göstərilən rekvizitlərlə keçmiş DTXK tərəfindən adına şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, bildirmişdir ki, İddiaçı tərəfindən sözügedən məsələ iə bağlı ********** saylı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qayadada müraciət edilmiş, lakin müraciət ərizəsinə hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Belə ki, vətəndaş tərəfindən ərizəyə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosunun 14.11 2020-ci il tarixli, 039-16319H-3120 saylı arayışı əlavə edilsə də, qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı X1 adına verilmiş JN-14421H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə idarənin arxiv və kadastr baza məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, arayışda qeyd olunan şəhadətnamənin kodunun (********) Səbail rayonuna, JN-14421H nömrəsinin isə Xətai rayonuna aid olduğu müəyyən edilmişdir. Təqdim etdilmiş itki sənədlərində göstərilən rekvizitlərlə keçmiş DTXK tərəfindən X1 adına şəhadətnamə verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçıya ünvanlanan 04 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və ona məxsus olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerlkəşən 12 sot torpaq sahəsinə verilmiş JN-14421H KOD 00445214 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq 525-ci qəzetin 03 noyabr 2020-ci il buraxılışında qeyd olunan “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-14421, H kod 00445214 nömrəli şəhadətnamənin itirilməsi barədə” elana istinad etməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyesterində çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Beləliklə iddiaçı qeyd olunan tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 dekabr 2020-ci il tarixli, **********86 saylı imtina məktubu ilə iddiaçı tərəfindən təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və Bakı şənər Baş Polis İdarəsinin Tapıntılar Bürosunun xx.xx.2020-ci il tarixli, 039-16319H-3120 saylı arayışında qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı JN-14421H saylı torpağın mülkiyyətə verilməsinə dair İddiaçı verilmiş şəhadətnamə barədə idarənin arxiv və kadastr baza məlumatlarında hər hansı məlumatın aşkar edilmədiyi, arayışda qeyd olunan şəhadətnamənin kodunun (********) Səbail rayonuna, JN-14421H nömrəsinin isə Xətai rayonuna aid olması, itki sənədlərində göstərilən rekvizitlərlə keçmiş DTXK tərəfindən iddiaçının adına şəhadətnamə verilmədiyi əsası ilə müraciətin təmin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan halların araşdırılması məqsədilə İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü, Bakı şəhəri) adına hər hansı torpaq sahəsinin qeydə alınıbalınmaması (sübut təqdim edilməklə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-14421H nömrəli (kod ********) şəhadətnamənin təsdiq edilmiş surətinin və onun verilməsinin əsasları barədə cavabdehə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq 01 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri ərazisində dövlət reyerstrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmiş, həmçinin JN-14421H nömrəli (kod ********) şəhadətnamə ilə bağlı idarənin arxivində məlumat aşkar edilməmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçınun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını tələb etsə də, lakin həmin torpaq sahəsinin ona məxsus olmasına dair ilkin hüquqmüəyyənedici sənədləri nə məhkəməyə, nə də inzibati orqana təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin verdiyi izahatdan da məlum olmuşdur ki, vətəndaş tərəfindən ərizəyə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosunun 14.11 2020-ci il tarixli, 039-16319H-3120 saylı arayışı əlavə edilsə də, qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı X1 adına verilmiş JN-14421H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə idarənin arxiv və kadastr baza məlumatlarında hər hansı məlumat aşkar edilməmiş, o cümlədən arayışda qeyd olunan şəhadətnamənin kodunun (********) Səbail rayonuna, JN-14421H nömrəsinin isə Xətai rayonuna aid olduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə eyd edir ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinin əvvəlki DTXK tərəfindən verilən JN-14421H saylı şəhadətnaməyə istinad etsə də, lakin istinad olunan JN-14421H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə arxiv və kadastr baza məlumatlarında hər hansı məlumat aşkar edilməmiş, o cümlədən cavabdehin arqumentinə istinadən şəhadətnamənin kodunun (********) Səbail rayonuna, JN-14421H nömrəsinin isə Xətai rayonuna aid olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar