Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3932/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “yoxlama aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 01 may 2011cı il tarixdən 20 fevral 2020-ci il tarixədək olan dövrdə Neftçala rayonu İcra Hakimiyyətinə rayonun abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, digər təmir-tikinti işlərinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmasına dair 14 noyabr 2020-ci il tarixli Yoxlama Aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 18.05.2001-ci il tarixdə ********** (VÖEN) sayla, AZ0100, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC Şirkətinin nizamnamə üzrə əsas fəaliyyəti təmir tikinti işlərinin təşkilindən ibarətdir. 2013-cü il tarixdə şirkət Neftçala rayon İcra Hakimiyyəti ilə podrat müqaviləsi bağlayaraq Yuxarı Qaramanlı kənd orta məktəbinin tikintisinə başlanılmışdır. Bununla bağlı Neftçala rayon İcra Hakimiyyətinin başçısı ilə mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəlikləri şirkət tam olaraq yerinə yetirmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Audit şöbəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin 05 iyun 2020-ci il tarixli qərarının icrası ilə əlaqədar 01 may 2011-cı il tarixdən 20 fevral 2020-ci il tarixədək olan dövrdə Neftçala rayonu İcra Hakimiyyətinə rayonun abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, digər təmir-tikinti işlərinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması həyata keçirilmiş və buna dair 14 noyabr 2020-ci il tarixli Akt tərtib edilmişdir. Qeyd edilən Aktla dövlət büdcəsinin xərclərindən yoxlama ilə əhatə olunan dövr ərzində Neftçala rayonu İcra Hakimiyyətinə təmir-tikinti işlərinin aparılması üçün ayrılmış 21184,60 min manat məbləğində vəsaitin təyinatı üzrə xərclənməsi, 23852,53 min manat dəyərində təmir-tikinti, işlərinin sənədli yoxlanılması, o cümlədən 15998,60 min manat dəyərində işlərin nəzarət-ölçü qaydasında yoxlanılması nəticəsində “xxxx” MMC tərəfindən görülmüş işlərin dəyərinin 334,69 (ƏDVsiz 283,64) min manat artırıldığı müəyyən olunmuşdur. Mübahisələndirilən Akt qeyriobyetiv bir yoxlama, yoxlayıcıların bilərəkdən yol verdiyi yanlışlıqlar və əsassız yanaşma nəticəsində ərsəyə gəlmişdir. Əsassız olduğundan inzibati orqanın Yoxlama Aktı ləğv edilməlidir. Yoxlama Aktı bütövlükdə iddiaçının görmüş olduğu işlə əlaqədar tərtib edilməsinə baxmayaraq, bu günə kimi bu mübahisələndirilən Akt iddiaçıya təqdim olunmamışdır. Aktın surətini əldə etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və DTX-nın İstintaq İdarələrinə müvafiq sorğular verilmişdir. Cavabdeh sorğuya cavab olaraq qeyd edilən sənədi təqdim etməmiş, lakin DTX İstintaq Baş İdarəsi tərəfindən iddiaçıya Aktdan Çıxarış təqdim edilmişdir. Qeyd edilən mübahisələndirilən Aktda verilmiş çıxarışa əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 12 sentyabr 2020-ci il tarixli, MN seriyalı, ********* nömrəli vəsiqəsinə əsasən X4 Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişləri X1 və X3 tərəfindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 05 iyun 2020-ci il tarixli 7/2040 nömrəli məktubunun və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin 05 iyun 2020-ci il tarixli qərarının icrası olaraq 01 may 2011-cı il tarixdən 20 fevral 2020-ci il tarixədək olan dövrdə Neftçala rayonu İcra Hakimiyyətinə rayonun abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, digər təmir-tikinti işlərinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmışdır. Nəticə etibarı ilə 334,69 (ƏDV-siz 283,64) min manat vəsaitin artırıldığı, yəni yayındırıldığı müəyyən edilmişdir. Lakin Akta əlavə edilmiş yerinə yetirilmiş işlərin cədvəlinə nəzər yetirdikdə vəsaitlər üzrə məbləğlərin saya uyğun hesablanmayaraq qərəzli olaraq artırılması açıq aşkar görünür: 1.Yoxlama aktının "Məktəb binası" bölməsindəki 17 bənddə ümumi məbləğ "20" manat etdiyi halda "100" manat yazılmışdır. 2."Ventilyasiya" bölməsində 23-cü bənddə 1240 manat yazılmalı olduğu halda sıfırın biri artıq olaraq 12240 manat kimi yazılmışdır. 3."İşiqlanma" bölməsində 32-ci bənddə 765 manat olmalı olduğu halda 7665 manat qeyd olunmuşdur. Artıq hesablama məbləği: ((100-20) +(12240-1240)+(7665-765))= 17980,0 manat. 4.İki ədəd 25 m3 həcmində su hovuzunun tikintisi - 1 ədəd 8020 manat x 2 ədəd = 16040 manat etdiyi halda bu işlərə qiymət verilməmişdir. 5.Məktəb binası bölməsində beton döşəmək qatının həcmi 68.7 m3 deyil 359 m3-dur. Bunun dəyəri 59523.6 manat - 11400 manat = 48123.6 manat etdiyi halda cavabdeh tərəfindən bunlar yanlış müəyyən edilmişdir. 6."Məktəb binası" bölməsində 6 və 7-ci bənd üzrə, başqa məhəccər qoyulduğu üçün 516 manat deyil (516-413)=103 manat təşkil edir. 7."İstilik təchizatı" bölməsində 8,9,10,11,12,13,14,15,16 və 17 bəndlər icra olunmuşdur - 1096 manat vəsaitlə. 8."Ventilyasiya" bölməsində 18 və 23-cü bəndlər icra olunmuşdur - 3240 manat. Lakin buna baxmayaraq, məbləğ artırılaraq yazılmışdır. 9."Elektrik Saatlaşdırma" bölməsindən 44,45,46,47 və 48-ci bənd icra olunmuşdur - 329 manat. 10."Texnoloji avadanlıq" bölməsində 66,67-ci bəndlər icra olunmuşdur - 1565 manat, eyni zamanda 77-ci bənddə 10 deyil 12 ədəd, 78-ci bənddə 22 deyil 30 ədəd, 79-cu bəndə isə 3 ədəd tam və 81,82-ci bəndlər tam icra olunmuşdur (smetada kompyuter 9 ədəd göstərilib) - 2770 manat. 11."Qazanxana" bölməsində 1,2,3 və 4-cü bəndlər icra olunmuşdur - 533 manat. 12."Qazanxananın" avadanlıq bölməsindən 15,16,17,18,19,22,23,24,26,27-ci bəndlər icra olunmuşdur - 1558 manat. 13."Abadlıq" bölməsində 4,5,6,7,8,9 bəndlər icra olunmuşdur - 6033 manat. 14."Xarici işiqlanma" bölməsində və 3,4-cü bəndlər icra olunub - 57 manat, cəmi 81447,60 manat. 15.Havalandırma bölməsində kanal üçün əlavə alçıpan işi görülüb 343 m2 - 6345 manat. Lakin yoxlayıcılar tərəfindən bu hal nəzərə alınmamışdır. 16.Tikintiyə başlanan zaman inşaat meydançasında mövcüd çalalar doldurulmuşdur (ekskovatorla qazmaq, yükləmək və daşımaq) 750 m3 - 2838 manat. Bu işlər də yoxlayıcılar tərəfindən müəyyən edilsə də qeyd edilməmişdir. 17. 3.365 metr məsafədən su xətti çəkilmişdir (boru + mühərrik və elektrik naqili) - 2803 manat. Bu xidmət də müəyyən edilmədən saxlanılmışdır, cəmi 11986 manat. 18."Telefonlaşdırma" bölməsində 36-cı bənddə işin dəyəri, 7 ədəd telefon x 5 manat = 280 manat. 19."Texnoloji avadanlıq" bölməsində işin dəyəri 68,69,70,71,72,73,74,80,85,88 bəndlə işin dəyəri - 2516 manat. 20."Avtomatlaşdırma bölməsində işin dayəri 31,32,23 və 34-cü bəndlər - 312 manat. Beləliklə, cavabdeh tərəf bilərəkdən və ya yanlışlıqla yoxlamanın nəticəsini rəsmiləşdirərək nəticədə iddiaçıdan dövlət büdcəsinə cavabdeh tərəfindən müəyyən edilmiş artıq vəsaitin geri ödənilməsi tələb edilərək hüquqlarının kobud pozulmasına gətirib çıxarmışdır. Cavabdeh maliyyə orqanının bu formada hesablama aparması qanunvericiliyə tamamilə ziddir və maliyyə orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi akt inzibati akt deyil. Yoxlamanın nəticəsi olaraq akt tərtib edilmişdir. Həmin akt hər hansı nəticə yaratmır. Akt tərtib edilərək istintaqa təqdim edilir. Həmin akt əsasında onlar tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Analoji hallarda da onlar qərar qəbul etmirlər, yalnız yoxlamanın nəticəsini özündə əks etdirən akt tərtib edilir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinliyərək, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş yoxlama aktını mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırda mübahisələndirilən yoxlama aktı inzibati orqan tərəfindən qəbul edilsə də, qeyd olunan digər əlamətlərə malik deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş mübahisələndirilən yoxlama aktı inzibati akt hesab edilmir. İnzibati akt və ondan yaranmış nəticələr mübahisələndirilmədiyindən, hazırda tərəflər arasında inzibati mübahisə mövcud olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (bənd 1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (bənd 1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (bənd 1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (bənd 1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (bənd 2.1). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın (bənd 13). İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (bənd 14.1). İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır (bənd 14.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3932/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3932/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver