Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3932/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində adın dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı doğum akt qeydində adının Gülnarə əvəzinə Gülnar olaraq dəyişdirilməsi və doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Səbail rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1996-cı il tarixində Bakı şəhərində doğulmuşdur. Doğulduğu vaxtdan öz adını Gülnar olaraq bilmiş və bütün sənədlərində də adı Gülnar olmuşdur. İddiaçı doğum haqqında Şəhadətnaməsini itirdiyi üçün təkrar almışdır, lakin bu zaman müəyyən olmuşdur ki, doğum haqqında Şəhadətnamədə adı Gülnarə kimi qeyd edilmişdir. O adındakı yalnışlığın düzəldilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir, lakin cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu vermiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı cavabdehin imtinası qanunsuz hesab edir və problemin gələcəkdə daha böyük fəsadlara yol açacağını bilir ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaya dair münasibət bildirərək münasibətində imtina əsaslarını təkrarlamış və xx.xx.2023-cü il tarixli məktub ilə məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022-ci il tarixli imtina məktubu. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli Arayışı. - iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus AZ-İ seriyalı 677229 nömrəli Doğum haqqında şəhadətnamənin surəti; - məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş doğum akt qeydinin surəti; - məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubu; - məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş tələbnamə; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş doğum akt qeydinin surəti. - iddiaçıya məxsus 20-0716 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Diplomun surəti. - iddiaçıya məxsus Vİ-МЮ seriyalı 508060 nömrəli Nikah haqqında şəhadətnamənin surəti; - Rusiya Federasiyasına tərəfindən verilmiş iddiaçıya məxsus 55 ******* nömrəli paspotrun surəti;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iş üzrə iddiaçı döğum akt qeydində adının Gülnar olaraq qeyd edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir: “Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 965 saylı xx.xx.1996-cı il tarixli doğum haqqında akt qeydində və xx.xx.2005-ci ildə təkrar verilmiş doğum haqqında şəhadətnamədə sizin adınız Gülnarə yazılmışdır. Bildiririk ki, Azərbaycan Republikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş” Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər, qaydasının 1-ci bəndində göstərildiyi kimi Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi , ona dəyişikliklər və əlavələr edilməsi kifayət qədər əsaslar olduqda, təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən dəyişiklik və ya əlavə edilir. Siz adınızın Gülnar olduğunu təsdiq edən sənədləriniz olmadığı üçün bu barədə məhkəməyə müraciət edə bilərsiniz” Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Akt qeydində İddiaçıə Dilqəm qızı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulduğu qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus Vİ-МЮ seriyalı 508060 nömrəli Nikah haqqında Şəhadətnamədə, İ.M.Seçenov adına X1 Tibb Universiteti tərəfindən iddiaçıya verilmiş 20-0716 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Diplomda, iddiaçıya məxsus AA seriyalı 174377 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsində və iddiaçıya məxsus Rusiya Federasiyasına tərəfindən verilmiş 55 ******* nömrəli pasportda iddiaçının adı İddiaçı olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının adının “Gülnarə” olaraq deyil “Gülnar” olması bütün sənədlərdə işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmənin sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Tələbnamə icra edilərək məhkəməyə göndərilmişdir. Həmin tələbnamə icra edilərək (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olub-olmaması, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər təqtbiq edilib-edilməməsi barədə) heç bir məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçıə Dilqəm qızına Azərbaycan Respublikası hüdudlarından hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmadığı qeyd edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı barəsində tərtib olunmuş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının "Gülnarə" əvəzinə "Gülnar" kimi qeyd edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı barəsində tərtib olunmuş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının "Gülnarə" əvəzinə "Gülnar" kimi qeyd edilməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev