Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3933/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akkreditasiya və Nostrifıkasiya İdarəsinin 21 oktyabr 2020ci il tarixli qərarının ləğv edilməsi, Diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası, Mahaçqala şəhəri, X4 Universtitetində, Neft və Qaz işi üzrə Bakalavr təhsili almışdır. Bununla əlaqədar ona həmin Universitet tərəfindən 30 iyun 2019-cu il tarixdə, 525 qeydiyyat nömrəli Bakalavr Diplomu verilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bakalavr diplomunu və ona əlavə olunmuş sənədləri Azərbaycan dilinə Notariusla tərcümə etdirib və təsdiq etdirərək, bütün sənədlərlə birlikdə aidiyyəti üzrə Diplomun tanınması barədə Şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifıkasiya İdarəsinin Online poçt ünvanına 05 dekabr 2019-cu il tarixdə daxil etmişdir. Bundan sonra iddiaçının ərizəsi üzrə əlavə olunan sənədlərdə tamamlanmış, baxılması və araşdırılması üçün həmin idarədə baxılmağa başlanmışdır. Mərhələli şəkildə iddiaçı öz poçt ünvanından ona aid olan sənədlərlə və gedilən iş prosesi ilə bağlı maraqlanıb, işin gedişatı ilə tanış olmuşdur. İlk olaraq iddiaçıya aid diplom və ona əlavə olunan sənədlər Ekspertizaya göndərilmiş, daha sonra növbəti prosesin davamı olaraq iddiaçı ilə əlaqə saxlanılaraq müsahibəyə çağırılmışdır. Müsahibədə ona ixtisası ilə bağlı, rus dilində bir sıra suallar verilmiş, ixtisasını nə dərəcədə öyrənib-öyrənilməməsi yoxlanılmışdır. İddiaçıya nəticə barədə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçıya aldığı ixtisas üzrə fənnlərin mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı və müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Bununla razılaşmayaq iddiaçı hüquqlarının pozulmasını əsas hesab edərək məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi cavabların lazımi yetərli olduğunu, həmçinin ona aid olan sənədlərin də tam şəkildə qaydasında olduğunu cavabdeh də qəbul etmişdir. Ancaq yüksək səviyyədə dili bilmə meyarının əsas kimi qəbul edilməsi iddiaçının mülahizəsinə görə qanunvericilik qaydasına ziddir.Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, iddiaçının hüquqları pozulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Təhsil Nazirliyinə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmişdir. 20.04.2021-ci il tarixli qərardadla əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Rusiya Federasiyası Dağıstan X2 “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair 30.06.2019-cu il tarixdə adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə X3 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında bildirilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə X3 müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1. Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2. xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir. Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir. 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yenitexnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə zidd olduğu üçün əsas kimi qəbul edilə bilməz ona görə ki, Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərin araşdırılmaması özü qaydaların tələblərinin pozulması deməkdir. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı, P4591606 nömrəli xarici pasportun surətindən müəyyən edilir ki, İddiaçı mütəmadi şəkildə Rusiya Federasiyasına səfər etmişdir. - Rusiya Federasiyası X4 Universiteti tərəfindən 30.06.2019-cu ildə iddiaçıya verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) Bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin universitetin “neft və qaz işi” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının protokol №33 20 iyun 2019-cu il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmişdir. Diplom 28.10.2019-cu il tarixdə X4 Universitetinin möhürü ilə Mahaçqala şəhərində Dağıstan Respublikası Elm və Ali Təhsil Komitəsi tərəfindən 519264 nömrəsi ilə 05 oktyabr 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - Rusiya Federasiyası X4 Universiteti tərəfindən 30.06.2019-cu ildə iddiaçıya verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) Bakalavr diplomuna əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin ali təhsil müəssisəsində “neft və qaz işi” ixtisası üzrə 5 il qiyabi təhsilalma formasında təhsil almış, həmin müddətdə bakalavr/mütəxəssis proqramını mənimsəmiş, 53 fənndən yaxşı, məqbul və kafi qiymətlər almış, tədris təcrübəsini keçmiş, 8 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. 28.10.2019-cu il tarixdə X4 Universitetinin möhürü ilə Mahaçqala şəhərində Dağıstan Respublikası Elm və Ali Təhsil Komitəsi tərəfindən 519264 nömrəsi ilə 05 oktyabr 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 21.10.2020-ci il tarixli ərizəsi ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən onun ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin alı təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - 10.07.2019-cu il tarixində “İntellekt” Tədris Mərkəzi tərəfindən verilmiş Sertifikatdan aydın olur ki, İddiaçı həqiqətən 05.02.2019-cu ildən 10.07.2019-cu ilədək bu mərkəzdə rus dili kursunu orta səviyyədə bitirmişdir. - Rusiya Federasiyası Mahaçqala şəhərində X4 Universitetində “Neft və Qaz işi” ixtisası üzrə bakalavr ali təhsili almış İddiaçı Nizami oğlunun rus dilini bilməsi səviyyəsi haqqında Mütəxəssis Rəyinə əsasən müəyyən olunur ki, İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən iddiaçının Rusiya Federasiyasının Mahaçqala şəhərində X4 Universitetində “Neft və Qaz işi” ixtisası üzrə bakalavr ali təhsili alması işin mübahisələndirilməyən halıdır. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, İddiaçı 2014-cü ildə Rusiya Federasiyası X4 Universitetinə daxil olmuş, 30.06.2019-cu ildə həmin ali təhsil müəssisəsinin “neft və qaz işi” ixtisası üzrə tam kursunu bitirmiş və 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diploma əsasən ona bakalavr ixtisası verilmişdir. İddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə aidiyyəti qaydada müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ona imtina edilmişdir. İddiaçının diplomunu və diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etməsinin yeganə əsası kimi onun həmin ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə X3 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Agentliyin nizamnaməsi təsdiq edilmişdir. Agentliyin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət gösətərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİ.3 bəndinə əsasən həmin Konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırki Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Həmin Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Rusiya Federasiyası X4 Universitetini “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair 30.06.2019-cu ildə İddiaçı adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Həmin Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili inzibati orqanın nəzdindəki Komissiyanın iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasında təhsil standartlarına cavab verməməsini müəyyən etməsidir. Bununla bağlı isə məhkəmənin qənaəti belədir ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Bundan əlavə məhkəmə iclasında Bakı Slavyan Universitetindən dəvət edilmiş mütəxəssis tərəfindən İddiaçı rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəldiyi, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə tam cavab verdiyi barədə rəy verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, Rusiya Federasiyası X4 Universitetini “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair 30.06.2019-cu ildə İddiaçı adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Rusiya Federasiyası X4 Universitetini “neft və qaz işi” ixtisası üzrə bitirməsinə dair 30.06.2019-cu ildə İddiaçı adına verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə X3 həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyası X4 Universiteti tərəfindən 30.06.2019-cu ildə verilmiş 100524 ******* nömrəli (qeydiyyat nömrəsi 525) diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3933/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3933/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver