Məhkəmə qərarları › İş №2-1(112)-3933/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3933/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3933/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4110003AADBA nömrəli, xx.xx.2018-ci il tarixli Forma 88 əsasında ona təyin olunmuş 2-ci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli imtinanın ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli 789 №-li Qərara əsasən, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sabunçu rayon 3 saylı şəhər xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Xayanın əzilmiş yarası. Çanağı sağ yarısının sıxılması, qansızması. Dəraltı toxumanın hematoması. Sağ oturaq sinirinin sıxılma sindromu. Sağ aşağı ətraf funksiyasının pozulması". “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bundan başqa 18 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş Ambulator kartadan çıxarışdan görünür ki, ona güllə yaralanmasından sonra “sağ budun yuxarı 1/3-də və Th12-L1 fəqərə cismin hematogen osteomieliti, sekvestral boşluqları ilə oturaq sinirinin nevriti sağ aşağı ətraf funksiyasının pozulması. Th12-L1 fəqərəarası cismin radikulopatiyası çanağın sağ yarısının əzilməsi. Çanaq orqanlarının əzilməsi. Xəyanın əzilməsi” diaqnozu qoyulmuşdur. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 4110003AADBA nömrəli, xx.xx.2018-ci il tarixli Forma 88 tərtib edərək xx.xx.2023-cü ilədək ikinci dərəcəli əlillik təyin etmişdir. Göndərişdən görünür ki, ona təyin edilmiş diaqnoz “güllə yaralanmasından sonra sağ budun yuxarı 1/3-də və Th12-L1 fəgərə cismin hematogen osteomieliti, sekvestral boşluqları ilə oturaq sinirinin nevriti sağ aşağı ətraf funksiyasının pozulması. Th12-L1 fəgərəarası cismin radikulopatiyası çanağın sağ yarısının əzilməsi. Çanaq orqanlarının əzilməsi. Xəyanın əzilməsi"dir. Ona 4110003AADBA nömrəli, xx.xx.2018-ci il tarixli Forma 88 əsasında xx.xx.2023-cü il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən ona təyin edilmiş əlillik “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. İddiaçı vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmişdir və ona beş il müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. İnzibati icraat aparılmış olsaydı belə, yəni müvafiq sorğular verilmiş olsaydı belə, əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlillik qərarının ləğv edilməsinə yönələ bilərdi, etibarsız hesab edilməsinə deyil. Belə cavabdeh orqan pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə onun əlilliyini etibarsız hesab etmişdir. Bundan başqa, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan onun əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bud-çanaq oynağı və bud nahiyəsinin səthi travmaları, Güllə yaralanmasından sonra sağ budup yuxarı 1/3-də və Th12-L1 fəqərə cismində hematogen osteomielit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 789 saylı qərarından görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli 17/2593 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici material və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sabunçu rayonu 3 saylı şəhər xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Xayanın əzilmiş yarası. Çanağın sağ yarısının sıxılması, qansızması. Dərialtı toxumanın hematoması. Sağ oturaq sinirinin sıxılma sindromu. Sağ aşağı ətraf funksiyasının pozulması" (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin göndərişi, xx.xx.2016-cı il tarixli 110 nömrəli arayışı, Sabunçu rayonu 3 saylı şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublıkasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2018-ci ildə iddiaçıya “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.5 - Digər xro...Güllə yaralanmasından sonra sağ budun yuxarı 1/3-də və Th12-L1 fəgərə cismin hematogen osteomieliti, sekvestral boşluqları ilə. Oturaq sinirinin nevriti. Sağ aşağı ətraf funksiyasının pozulması. Th12-L1 fəgərəarası cismin radikulopatiyası. Çanağın sağ yarısının əzilməsi. Çanaq orqanlarının əzilməsi. Xayanın əzilməsi.” diaqnozu üzrə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2023-cü il müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçının əlillik müddəti bitdikdən sonra sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən M00113910DYP nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) verilmiş, iddiaçıya əsas diaqnoz S70. Bud-çanaq oynağı və bud nahiyəsinin səthi travmaları, Güllə yaralanmasından sonra sağ budun yuxarı 1/3-də və Th12-L1 fəqərə cismində hematogen osteomielit., ağırlaşmalar R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sağ aşağı ətrafın funksiyasının pozulması, M54.1. Radikulopatiya, Radikulopatiya, G57. Oturaq sinirinin zədələnməsi, Oturaq sinirinin güllə yaralanmasından sonrakı postravmatik neyropatiyası, R32. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Çanaq orqanlarının funksiyasının saxlamama tipli pozulması diaqnozu qoyulmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. Cavabdehin bu qərarı ilə razılaşmayan iddiaçı Agentliyə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsini həyata keçirmişdir. Həmin müayinənin nəticələrinə dair cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 789 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Xayanın əzilmiş yarası. Çanağın sağ yarısının sıxılması, qansızması. Dərialtı toxumanın hematoması. Saq oturaq sinirinin sıxılma sindromu. Saq aşağı ətraf funksiyasının pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda qıcolma (yığılma), keyimə hissi, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, bu ilin iyul ayında ürək damarlarına stend qoyulduğunu bildirmiş, medikamentoz preparatlardan “İnsulin”-dən hər axşam 40 vahid inyeksiya şəklində istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı sol xaya üzərində çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı tük örtüyü saxlanılmış, diz, axil refleksləri çox zəif çağırılmış (şəkərli diabet xəstəliyinə bağlı), əzələ gücü və tonus norma daxilində olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X5 İnstitutunun xx.xx.2023-cü il tarixli Kompyuter EEQ müayinəsinin nəticəsi "Neyromotor aparatda nevral tipli pozulma: sağ oturaq sinirinin qarışıq tipli neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2023-cü il Çıxarışında diaqnoz "Əvvəllər keçirilən miokard infarktı. Essensial (birincili) hipertenziya. İnsulindən asılı olmayan şəkərli diabet” kimi qeyd olunmuş, qeyd olunan xəstəliklərin ağırlaşmaları aşkarlanmamışdır. X7 xx.xx.2023-cü il tarixli Elektrokardioqram (EKQ) müayinəsinin nəticəsi "Sinus ritmi. ÜEO zəif sola meyil etmişdir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Koronar anqioplastikadan sonraki vəziyyət (2023). Aorta sərtləşib. Septumun cüzi hipertrofiyası (1.2sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, inferior septumun bazalı cüzi hipokinetikdir, sistolik funksiya cüzi azalıb (LVEF=53% Simpson) Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda bu qərarla razılaşmayaraq ona yenidən əlillik təyin edilməsini xahiş edir. Məhkmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçının əlilliyi ilk dəfə xx.xx.2018ci ildə qiymətləndirilmiş, ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti bitdikdən sonra verilmiş yeni göndəriş əsasında diaqnozun əlillik təyin etməməsi əsası ilə iddiaçının müraciəti təmin olunmamışdır. Məhkəmə icraatı gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən təqdim edilmiş T413/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1.3.4.İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən Akad. Cavadzadə adına Uroloji Klinikaya göndərilmiş və xx.xx.2024-cü il tarixdə həkim komissiyası tərəfindən müayinəsi zamanı ona “Diabetik nefropatiya (N08.3)” daiqnozu müəyyən edilmişdir. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00113910DYP saylı forma 088 göndərişində qeyd edilmiş XBT 10 kodu: Əsas diaqnoz S70.-Bud-çanaq oynağı və bud nahiyəsinin səthi travmaları, Güllə yaralanmasından sonra sağ budun yuxarı 1/3-də və Th12-L1 fəqərə cismində hematogen osteomielit., Ağırlaşmalar R26.8,- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Sağ aşağı ətrafın funksiyasının pozulması, M54.1.-Radikulopatiya, Radikulopatiya, G57.-Oturaq sinirinin zədələnməsi, Oturaq sinirinin güllə yaralanmasından sonrakı postravmatik neyropatiyası, R32.- Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Çanaq orqanlarının funksiyasının saxlamama tipli pozulması. Yanaşı xəstəliklər: Z95.5- Koronar angioplastik implantatın olması. Stend implantasiyasından sonrakı vəziyyət. G63.2*- Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polineyropatiya.İll.İ20-Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəliyi İİ tip. Stenokardiya (döş inağı). ÜİX. Gərginlik stenokardiyası fs İİ. EH- İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip, insulin tələbli” diaqnoz ona stasionarda müayinə müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulsa da, şəxsin DTSERA-da əyani müayinəsi zamanı sol xaya üzərində çapıq izlənmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, nevroloji baxışda diz, daxil, refleksləri çox zəif çağırılmış (şəkərli diabet xəsliyi ilə bağlı), əzələ gücü və tonus norma daxilində olmuş, hipotrofiya, atrofıya, parez və iflic aşkarlanmamışdır. Qərardadın 2-ci bəndində qoyulan sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Tibbi-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Görünüyü kimi, ekspert iddiaçının sağlamlıq vəziyyətinin anamnestik, klinik, laborator instrumental müayinələr əsasında qiymətləndirildiyini bildirsə də, onun hazırkı salğlamlıq vəziyyətində hipotrofiya, atrofiya, parez və iflicin aşkarlanmadığını, əzələ gücü və tonus norma daxilində olduğunu bildirmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə isə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. İstinad olunan normalardan görünür ki, şəxsin istənilən sağlamlığının pozulması deyil, cəmiyyətdə digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan pozulması ona əlilliyin təyin edilməsinə əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həbi xidmət keçərkən travma alması işin mübahisəsiz halıdır. Lakin həmin travmanın iddiaçıya əlillik təyin edilməsi üçün Meyarlarda göstərilən əlamətləri də özündə əks etdirməsi iş materialları ilə müəyyən olunmur. Yəni iddiaçının sağlamlıq vəziyyəti, onun xəstəliyinin gedişat forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələri və tezliyi, patoloji prosesin yayılması kimi kliniki funksional xüsusiyyətləri əlillik təyin edilməsinə əsas vermir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar