Məhkəmə qərarları › İş №2-1(112)-3934/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3934/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3934/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı inzibati xəta barəsində inzibati araşdırmanın aparılmaması və müvafiq protokolun tərtib edilməməsinin, müvafiq qərarın qəbul edilməməsinin qanunsuz hesab edilməsi və həmin vəzifələrin yerinə yetirilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı inzibati xəta barəsində inzibati araşdırmanın aparılmaması və müvafiq protokolun tərtib edilməməsinin, müvafiq qərarın qəbul edilməməsinin qanunsuz hesab edilməsi və həmin vəzifələrin yerinə yetirilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli sübutların təqdim edilməsinə dair qərardadı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilməmiş, əmək pensiya məbləğinin yenidən hesablanması qaydası və məbləğdə olan dəyişikliklərin müvafiq tarixlərə uyğun qrafikdə göstərilməsi barədə arayış cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə müvafiq icra vərəqəsini Binədəi rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Lakin qərardadın icrası yenə də tam qaydada həyata keçirilməmişdir. Bununla da pensiya orqanı AR İXM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin bununla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilməmiş, inzibati məsuliyyətə cəlb edilmə barədə tədbir görülməmişdir. Bundan əlavə, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına dair pensiya orqanı tərəfindən AR İXM-nin 594-1.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, qərardadı icra etməyən cavabdeh pensiya məbləğinin əsassız olaraq 400 manat həcmində azaldılması barədə qərar qəbul etmiş və bunun səbəbi barədə nə məhkəməyə nə ona izah verməmişdir. Birçox müraciətlər olsa da müraciətlərlə bağlı cavabdeh tərəfindən lazımı tədbirlər görülməmiş, cavab təqdim edilməmişdir. Bununla bağlı AR İXM-nin 594-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi üzrə icraat başlanılması üçün prokurorluğa şikayət verilsə də heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatı dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi inzibati xətalara dair işlərə aidiyyəti üzrə baxılmasında səlahiyyətli məhkəmə qismində ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri çıxış edir. Məhkəmə isə hazırkı iddia tələblərinə dair işin inzibati xətalara dair iş olması və hazırkı mübahisəyə baxılmasında səlahiyyətli məhkəmənin inzibati məhkəmə əvəzinə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsi olması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia tələbindən də müəyyən edilir ki, iddiaçı AR İXM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia etdiyi pensiya orqanı barəsində inzibati xətaya dair inzibati araşdırma aparılmasında, bununla bağlı müvafiq protokolun tərtib edilməsində maraqlıdır ki, bununla əlaqədar hərəkətsizliyin qanunsuz hesab edilməsini və və araşdırmanın aparılması vəzifəsinin İcra şöbəsinə həvalə edilməsini xahiş edir. İddiaçı eyni zamanda, AR İXM-nin 594-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia etdiyi pensiya orqanı barəsində inzibati xətaya dair inzibati araşdırma aparılmasında, bununla bağlı müvafiq qərarın qəbul edilməsində maraqlıdır ki, bununla əlaqədar hərəkətsizliyin qanunsuz hesab edilməsini və araşdırmanın aparılması vəzifəsinin İcra şöbəsinə həvalə edilməsini xahiş edir. Aydın məsələdir ki, AR İPM-nin 2.2.2-ci və 2.2.3-cü maddələri ilə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, habelə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmişdir. Lakin inzibati orqanlar üzərinə inzibati işə baxan məhkəmə tərəfindən vəzifənin qoyulması üçün inzibati orqanın icra etməli olduğu vəzifənin ilk növbədə publik hüquqdan törəməsi zəruri şərtdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı işdə də publiklik baxımından şərtlər ödənilir. Belə ki, cavabdeh tərəflər inzibati orqandır və yaranmış mübahisə publik hüquq münasibətlərindən yaranmış mübahisədir. Lakin, cavabdehliyi inzibati orqan və orqanlar daşıyan bütün publik hüquq münasibətlərindən törəmiş mübahisələr inzibati icraat və eləcə də inzibati məhkəmə icraatı qaydasında həll edilmir. Yuxarıda da qeyd olunan müddəalardan göründüyü kimi, eləcə də “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Beləliklə, inzibati xətalara dair işlər üzrə inzibati orqanların apardığı və ya aparmalı olduğu icraat inzibati icraat haqqında qanunvericiliklə tənzimlənə bilmirsə, bunun davamı kimi həmin icraatda nəticəsində yaranmış məhkəmə mübahisələrinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi, mübahisənin publik hüquq münasibətlərindən yaranması hər bir halda inzibati məhkəməni səlahiyyətli etmir. Publik hüquq sahəsinə aid olan spesifik münasibətlər var ki, məsələn cinayət, cinayət prosessual, inzibati xəta və s həmin hüquqla tənzimlənən münasibətlər üçün spesifik tənzimləmə müəyyən edilmişdir ki, həmin işlərin spesifikliyi də ixtisaslaşmış orqan və ixtisaslaşmış məhkəmələrin yaranmasına səbəb olmuşdur. Qeyd olunan səbəbdəndir ki, inzibati məhkəmə qaydasında inzibati orqanın hansısa inzibati xəta hadisəsinin olub-olmamasının müəyyən edilməsində səhvə yol veribverməməsini, inzibati xəta haqqında protokol və ya qərarın qəbul edilməli olubolmamasını, inzibati orqanın bununla əlaqədar hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olmamasını yoxlamaq mümkünsüz olur. Belə ki, spesifik bilik tələb edən həmin məsələlərin aydınlaşdırılması üçün mütləq qaydada inzibati xəta qanunvericiliyin müvafiq tələblərinin mükəmməl qaydada nəzəri və praktiki baxımından öyrənilməsi zərurəti yaranır ki, hazırkı halda həmin qanunvericiliyin mükəmməl qaydada nəzəri və praktiki baxımından bilinməli olmasının inzibati məhkəmədən tələb edilməsi məhkəmələrin ixtisaslaşması ilə bağlı tələblərə birbaşa ziddir. Bu səbəbdəndir ki, hazırkı qəbildən olan işlərin ümumi yurisdiksiyalı məhkəmələrdə inzibati xəta barədə işlərə baxan hakimlər tərəfindən baxılmalı olması ilə bağlı qayda müəyyən edilmişdir. Belə ki, fəaliyyətinin əsas hissələrindən biri inzibati xətalara dair inzibati orqanların hərəkətlərindən şikayət və digər bu xarakterli materiala baxan ixtisaslaşmış məhkəmənin cavabdehin AR İXM-nin 594-1.1-ci maddəsi və 595.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xətaya dair araşdırma aparılıb-aparılmamasını daha peşəkar səviyyədə müəyyən etməsi başa düşüləndir. Hazırkı halda isə, iddiaçı inzibati məhkəmədən pensiya orqanının AR İXM-nin 594- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə və AR İXM-nin 595-1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə görə araşdırmanın aparılmaması və inzibati xəta barədə müvafiq qərar və protokolun tərtib edilməməsini qanunsuz sayılmasını tələb edir ki, iddiaçının hazırkı müraciətləri cinayət işi başlamayan cinayət prosesini həyata keçirən orqanların cinayət işini başlamamasının qanunsuz hesab edilməsi və aidiyyəti polis, prokurorluq və digər xarakterli hüquq mühafizə orqanına cinayət işinin araşdırılması vəzifəsinin qoyulması ilə oxşarlıq təşkil edir. Məlumdur ki, xarakter baxımından inzibati xəta və cinayət və cinayət prosessual hüquq publik hüquq sferasına daxildir və şəxslərlə inzibati orqanlar arasında yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirirlər. Belə ki, AR İXM-nin 12.1-ci maddəsinə əsasən vu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. AR CM-nin 14.1-ci maddəsinə görə vu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Göründüyü kimi sadəcə əməlin ictimai təhlükəli olub-olmaması meyarı törədilmiş və törədilməsi ehtimal olunan əməllə bağlı inzibati orqanın tərəfi olduğu icraatı müəyyən edir. Bununla əlaqədar olaraq iddiaçının hazırkı müraciətinin cinayət prosessual və cinayət hüquqi ilə müqayisəsi iddianın hazırkı məhkəməyə aid olmadığının müəyyən edilməsi üçün zəruridir. Belə ki, iddiaçı yuxarıda da qeyd olunduğu kimi AR İXM-nin xüsusi hissəsində qeyd olunan inzibati xəta ilə bağlı araşdırmanın aparılmamasını və müvafiq protokol və qərarın qəbul edilməməsinin qanunsuz sayılmasını və həmin vəzifələrin inzibati orqanlara həvalə edilməsini xahiş edir. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçının həmin müraciəti ilə iddiaçının qəsdən adam öldürmədə və ya başqa xarakterli ictimai təhlükəli əməlin törədilməsində günahlandırdığı şəxs barəsində cinayət işi başlamayan prokurorluq və ya polis orqanının cinayət işi üzrə araşdırma aparılmaması və cinayət işinin başlanması barədə qərar qəbul edilməməsini inzibati məhkəmədə qanunsuz sayılmasını istəməsi və həmin vəzifələrin polis və ya prokurorluq orqanına həvalə edilməsini inzibati məhkəmədən xahiş etməsi ilə prinsip etibarı ilə heç bir fərq mövcud deyil. Belə ki, məhkəmə nəzarəti qaydasında işə baxan rayon məhkəməsindən fərqli olaraq inzibati məhkəmə necə ki, cinayət prosesini həyata keçirən orqanın cinayət işini başlamamasını və bu barədə araşdırma aparmamasının qanunsuz olub-olmamadığını müəyyən etməkdə, eləcə də cinayət işi üzrə araşdırmanın aparılması ilə bağlı inzibati orqana vəzifə həvalə etməkdə səlahiyyətli məhkəmə hesab edilmirsə, eyni ilə pensiya orqanının inzibati xəta törətməsinə dair araşdırmanın aparılmaması və araşdırmanın aparılmasında vəzifə həvalə etməkdə də səlahiyyətli hesab edilə bilməz. Bu səbəbdəndir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Lakin, bu zaman həmin bəndin tələbinin davamı kimi iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Doğrudur ki, cinayət prosessual qanunvericilikdən fərqli olaraq inzibati xətanın törədilməsindən imtina və ya inzibati xətanın törədilməsi barədə zərərçəkmiş müraciəti barədə hər hansı qərarın qəbul edilməməsinə dair inzibati xəta haqqında qanunvericilikdə prosedur müəyyən edilməmişdir. AR İXM-nin 6.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İlk baxışdan göründüyü kimi, zərərçəkmişin inzibati xətaya dair araşdırmanın aparılmaması, bununla bağlı hərəkət və hərəkətsizliyin mübahisələndirilməsi üçün inzibati xəta üzrə prosedur qaydanın olmaması və bununla əlaqədar prosedur qaydanın oxşar qanunvericilik normaları ilə tənzimlənə bilinməcəyi halının mövcudluğu görünsə də, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR İXM-də hazırkı məsələ birbaşa tənzimlənməsə də, AR CPM-də cinayət ərizəsinə dair araşdırmanın aparılmalı olub-olmaması, imtina və hərəkətsizlikdə müdafiə barədə prosedur qayda müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmənin qənaətinə görə, şəxsin cinayət haqqında ərizəsinə cavab verilməməsi inzibati orqan tərəfindən cinayət haqqında ərizənin qəbul edilməsindən imtina kimi qiymətləndirilməlidir. Belə ki, CPM-in 449.3.1-ci maddəsində cinayət haqqında ərizənin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilməsindən imtina edilməsi həmin orqanın aktiv davranışı kimi nəzərdə tutulsa da, hazırkı halda, bu qənaət (cinayət haqqında ərizənin qəbul edilməsindən imtina) həmin orqanın ərizəyə cavab verilməməsində ifadə olunan passiv davranışından irəli gəlir. Göründüyü kimi, hər iki (aktiv və passiv) davranış eyni nəticəyə yönəlmişdir. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Bu səbəbdəndir ki, hazırkı halda iddiaçının inzibati xətaya dair ərizəsi də oxşar qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçı ilə müzakirə etmiş, iddiaçı iddia ərizəsinin nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı tələbi ilə aidiyyəti üzrə inzibati xətalar dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar