Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3934/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Adi cəlbtetmə qaydasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (adi cəlbtetmə qaydasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “fərdi yaşayış evinin mülkiyyətə verilməsinə dair sərəncamın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi evin iddiaçının mülkiyyətinə verilməsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında vəsatət təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi evin iddiaçının mülkiyyətinə verilməsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2022ci il tarixli, X-09 nömrəli məktubundan göründüyü kimi, İddiaçı 2005-ci ildə vəfat etmiş ulu nənəsi X6 vərəsəsidir (ölüm haqqında şəhadətnamənin və notariusun məktubunun surəti əlavə olunur). Həmçinin qeyd olunan notariat ofisinin 26 iyul 2022-ci il tarixli, X-202 nömrəli arayışından göründüyü kimi iddiaçı 28 may 2021-ci il tarixdə vəfat etmiş babası X7 də vərəsəsidir (ölüm haqqında şəhadətnamənin və notarius tərəfindən verilmiş arayışın surəti əlavə olunur). Mərhum X12 və X10 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, lakin həmin evin üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd edilməlidir ki, sözügedən yaşayış evi əvvəllər Ermənistan vətəndaşı Qrant Babayan adlı şəxsə məxsus olmuşdur (X5 (Arşakoviçin) adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun və həmin evə dair digər texniki sənədlərin surəti əlavə edilir). Azərbaycan və Ermənistan arasında birinci hərbi münaqişə başlandığı dövrdə Sona Cəfərova Ermənistandakı evini Qrant Babayanın Bakıdakı evi ilə dəyişdirmişdir. X11 tərəfindən X2 Yuriy Cəfəroviçə verilmiş, notarial qaydada təsdiq olunmuş 1988-ci il tarixli vəkalətnamə və Ermənistan SSR Kalinin Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin verdiyi xx.xx.1989-cu il tarixli, 10 nömrəli İcazə sənədinə əsasən həyata keçirilmişdir (icazə sənədinin və vəkalətnamənin surəti əlavə edilir). Qeyd etmək lazımdır ki, həm Sona Cəfərova, həm də Yuriy Cəfərov qaçqın statusuna malik olmuşdurlar (Azərbaycan Qaçqınlar Cəmiyyətinin təqdim etdiyi qaçqınlığı təsdiq edən arayışların surəti əlavə edilir). Eyni zamanda, iddiaçı özü də qaçqın statusuna malikdir. (Azərbaycan Qaçqınlar Cəmiyyətinin vəsiqəsinin surəti əlavə edilir). xx.xx.2022-ci il tarixində qeyd edilən fərdi yaşayış evinin mülkiyyətinə verilməsi ilə bağlı ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra - "Cavabdeh") müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavabı (bundan sonra - "İmtina Aktı") ilə ərizəyə imtina verilərək göstərilmişdir ki, qeyd olunan məsələ Cavabdehin səlahiyyətləri xaricində olduğundan mövcud sənədlərlə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunur (həmin cavabın surəti və əlavə olunur). İmtina Aktı xx.xx.2022-ci ildə iddiaçı tərəfindən qəbul edilmişdir (qəbzin surəti əlavə olunur). İddiaçı aşağıdakı səbəblərə görə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş İmtina Aktı qanunsuz əsassızdır. Sərəncamın verilməsi Cavabdehin səlahiyyətləri daxilindədir İlk növbədə qeyd edilir ki, Azərbaycan Respublikası Ali Sovetinin "Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında" Qərarının 8-ci bəndində göstərilmiş ki, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, (i) Ermənistanda qoyub gəldikləri evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notarius qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evlərdə yaşamalarını 2 ay müddətində rəsmiləşdirsin; (ii) qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq özəlləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər; (iii) respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin (bundan sonra - "Əsasnamə") 3.9.6-cı bəndinə görə, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin verilməsinə dair sərəncam əlavə etməlidir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi evin iddiaçının mülkiyyətinə verilməsinə dair sərəncamın verilməsi Cavabdehin səlahiyyətinə aidd - məhz həmin sərəncam mənzili (evi) özəlləşdirməyə əsas olan hüquqi sənəddir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikasının Ali Sovetinin “Daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların (qaçqınların mənzillə təmin olunması haqqında” qərarın 8-ci bəndinə əsaslanaraq yaşadığı fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edir. İddiaçının istinad etdiyi yuxarıda qeyd olunan qərarın (i) bəndinə nəzər yetirsək görərik ki, Ermənistanda qoyub gəldikləri evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notarius qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evlərdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi yerli icra hakimiyyətinə tapşırılmışdır. Həmin rənddən göründüyü kimi qaçqınların bu evlərdə yalnız yaşamalarının rəsmiləşdirilməsi yerli icra hakimiyyətlərinə tapşırılmışdır, mülkiyyətinə verilməsi yox. İddiaçının istinad etdiyi qanunun (ii) bəndində qaçqınların öz xüsusi evlərinin dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq, özəlləşdirmə haqqında müvafiq qərar qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrinin mülkiyyətinə verlilməsi yerli icra hakimiyyətlərinə tapşırılmışdır. Bu bəndə fikir versək görərik ki, burda dövlət mənzillərinin qaçqınların mülkiyyətinə verilməsindən gedir. Belə ki, iddiaçının mülkiyyətinə verilməsini istədiyi ev dövlət mənzili deyil. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport"dan da göründüyü kimi həmin ev artıq X5 şəxsi mülkiyyətində olmuşdur. Yəni iddiaçının mübahisələndirdiyi ev dövlət mənzili deyildir, şəxsi mülkiyyətdə olmuş fərdi yaşayış evidir, sözügedən ev dövlət mənzil fonduna aid deyildir. Bu səbəbdən də iddiaçının istinad etdiyi qanunun yuxarıda qeyd olunan bəndinə əsaslanması tam əsassızdır. Ən əsas məqam kimi məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn əmələ gəldiyi anda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 26 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli X-202 saylı Şəhadətnamədən müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş babası X7 vərəsəsi hesab olunmuşdur və həmin tarixdən iddiaçının mübahisələndirdiyi fərdi evə hüququ yaranmışdır. İddiaçının Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənəd “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olduğuna görə vətəndaşa fərdi ev üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunmuşdur. Mübahisə predmeti olan ev artıq erməni X5 şəxsi mülkiyyətində olmuş və 1988-ci il tarixli etibarnamədən də göründüyü kimi X9 iddiaçının babasına mübahisə predmeti olan evin öz adına sənədləşdirilməsinə səlahiyyət vermişdir. İddiaçının babası evin pasportu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli və yuxarıda qeyd olunan Fərmana əsasən sözügedən evi öz mülkiyyətinə keçirməli idi. İddiaçının babası vəfat etdiyindən və iddiaçı onun vərəsəsi hesab olunduğundan halhazırda bu hüquq iddiaçıya məxsusdur. Rayon İcra Hakimiyyəti cavab məktubunda vətəndaşa imtina etməmiş, qanunvericiliyin tələblərinə əsasən məsələnin həlli ilə bağlı hansı quruma müraciət etməli olduğunu bildirmişdir. Lakin iddiaçı bu istiqamətləndirməni əsassız imtina kimi qiymətləndirərək, cavabdeh üzərinə səlahiyyətləri xaricində olan məsələ ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığm yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxanda qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş E İddiaçı xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm.
5. Məhkəmənin xx.xx.2023-cü il tairixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hazırki inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraza dair mülahizədə qeyd olunmuşdur ki, etiraz müddət pozuntusuna yol verilməklə təqdim edilmişdir. Belə ki, ilk növbədə qeyd edirik ki, İnzibati-Prosessual Məcəllənin (bundan sonra – “İPM”) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) müddəaları tətbiq oluna bilər. MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını iddiaçıya və məhkəməyə təqdim edir. Etirazdan isə göründüyü kimi, Cavabdeh iddia ərizəsinin surətini aldıqdan 20 gündən xeyli müddət keçdikdən sonra etiraz vermişdir. Etiraz prosessual pozuntu ilə verildiyindən orada irəli sürülmüş dəlillər qətnamə qəbul edilməsi üçün əsas kimi götürülə bilməz. Cavabdeh İddiaçının hüquqi sələflərinin Evdə yaşamasını rəsmiləşdirməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Cavabdeh Qərara istinad edərək qaçqın ailələrinin dəyişdirdikləri xüsusi evlərdə yaşamalarının rəsmiləşdirilməsinin yerli icra hakimiyyəti orqanlarına aid edilməsini qeyd etsə də, Cavabdeh həmin vəzifəsini icra etməmiş, dəyişdirilmiş. Evə nə İddiaçının, nə də onun hüquqi sələfləri olan X6 və X7 yaşamalarının rəsmiləşdirilməsi Cavabdeh tərəfindən həyata keçirilməmişdir. İddiaçının mübahisələndirdiyi ev dövlət mənzil fonduna aiddir. Bundan başqa evin dövlət mənzil fonduna aid olmadığı və xüsusi mülkiyyətə aid olduğu cavabdeh tərəfindən qeyd edilsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edilməmişdir. X3 Məcəlləsinin (bundan sonra “İPM”) 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan Cavabdehin etirazındakı dəlili əsassızdır. Digər tərəfdən, qeyd edilməlidir ki, hətta Ev şəxsi (xüsusi) mülkiyyətdə olsaydı belə, dəyişdirilmiş həmin Ev də Cavabdeh tərəfindən İddiaçının xüsusi mülkiyyətinə verilməlidir. Belə ki, Qərarın 8-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, Respublikadan köçmüş ailələrin boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin. Bu müddəanın tələbləri baxımından da Ev Cavabdehin inzibati aktı əsasında İddiaçının xüsusi mülkiyyətinə kompensasiya kimi verilməli və həmin inzibati aktı əsasında İddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, ona elektron çıxarış verilməlidir. İddiaçının mülkiyyət hüquqları Pasport əsasında deyil, məhkəmə qərarı əsasında dövlət qeydiyyatına alına bilər. Qeyd edilənlərlə yanaşı, bildiririk ki, Evə aid olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan (bundan sonra – “Pasport”) görünür ki, həmin sənəd İddiaçıya deyil, Qrant Babayana mülkiyyət hüququnu yaradır. Bu səbəbdən yalnız Pasporta əsaslanaraq İddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Ev adına Pasport olan Qrant Babayan tərəfindən İddiaçının hüquqi sələfinin (X6) Ermənistan Respublikasındakı evi ilə dəyişdirildiyindən və Qərarın tələbinə əsasən dəyişdirilmiş evin xüsusi mülkiyyətə verilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan İddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına əsas yalnız yerli icra hakimiyyəti orqanı olan Cavabdehin çıxardığı inzibati aktı ola bilər. Odur ki, Cavabdehin bu barədə etirazda irəli sürdüyü dəlili əsassızdır. MPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz mülahizələrini təqdim etmək hüququna malikdir.
7. Binəqədi rayonu, Kirov qəsəbəsi (hazırki X13 qəsəbəsi), Cəfər Cabbarlı küçəsi, ev 7b ünvanına dair X5 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” verilmişdir.
8. AZ-İ 144794 nömrəli Azərbaycan Respublikası ölüm haqqında Şəhadətnaməyə əsasən, X12 xx.xx.2005-ci ildə ölmüşdür.
9. AZ-İİ 195154 nömrəli Azərbaycan Respublikası ölüm haqqında Şəhadətnaməyə əsasən, X10 xx.xx.2021-ci ildə ölmüşdür.
10. Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təqdim olunmuş 062 nömrəli Şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə X7 vəfatı ilə əlaqədar 85 nömrəli reyestrdə qeyd edilməklə vərəsəlik işi açılmışdır.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
14. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
17. Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarından:
8. Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar. Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər. 1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin.
18. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Ali Sovetin qeyd edilən qərarı ilə yerli icra hakimiyyəti orqanlarının müvafiq səlahiyyəti dövlət mənzil fonduna aid edilmiş mənzillərə aiddir. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair X5 adına tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport olduğundan həmin ev dövlət mənzil fonduna aid edilən hesab edilə bilməz.
19. Azərbaycan Respublikası Ali Sovetinin Qərarında dövlət mənzillərinin özləşdirmə (yəni dövlət mənzil fondunun özəlləşdirilməsi) haqqında müvafiq qanun qəbul edildikdən sonra qaçqınların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddia tələbinə əsasən, iddiaçının mülkiyyətinə verilməsini istədiyi ev isə dövlət mənzil fonduna aid deyildir. Beləliklə, ünvan 2 ünvanında yerləşən fərdi evin iddiaçının mülkiyyətinə verilməsinə dair cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyəti yoxdur.
20. Odur ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiəsi dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsi üçün ümumi məhkəməyə və ya müvafiq təsdiqedici sənədlərlə fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciətdir.
21. İddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva