Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3934/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X1, iş üzrə cəlb edilmiş üçüncü şəxslərin iştirakları ilə, iddiaçı "xxxx" MTK-nın oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X2, X10, X21, X8, X15, X5, X6, X16, X17 və X11 və X3) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MTK Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının 18 iyun 2021-ci il tarixli 140 saylı sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə obyektin tikintisinə 266 nömrəli icazə verilmişdir. İcazəyə əsasən, ünvan 1 ünvanlarda 2 ədəd 21 (+mansard) mərtəbəli yaşayış binalarının (qeyri-yaşayış sahələri də daxil olmaqla) tikintisinə rəsmi icazə verilmiş, daha sonra binaların inşasının layihə sənədləri hazırlanmış, tikintinin aparıldığı ünvanlarda qanunamüvafiq qaydada sakinlərin MMC-nin hesabına köçürülməsi həyata keçirilmişdir. Zərifə Əliyeva küçəsi 59 ünvanında inşa edilən birinci binanın inşası başa çataraq sakinlərin istifadəsinə verilmişdir. X18 küçəsi 66 ünvanda inşa edilən binanın tikintisi başa çatmamış Nəsimi RİHB-nin 18 iyun 2021-ci il tarixli, 140 saylı Sərəncamı ilə həmin binanın mərtəbəliliyi azaldılaraq 8 mərtəbəyə endirilmişdir. Bu zaman hər hansı əsaslandırılma aparılmamış, ümumi sözlərlə kifayətlənilmişdir. Hesab edilir ki, cavabdehin bu hərəkəti əsassızdır. Odur ki, Nəsimi RİHBnin 18 iyun 2021-ci il tarixli, 140 nömrəli Sərəncamı ləğv edilməlidir. Məhkəmənin müvafiq qərardadları ilə X2, X10, X21, X8, X15, X5, X6, X16, X17 və X11 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilərək bildirilmişdir ki, Nəsimi RİHB-nin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 140 nömrəli Sərəncamı İddiaçı MMCnin təsisçisi və səlahiyyətli şəxsi olan X4 təqdim olunmuş və sərəncamın alınmasını o, öz imzası ilə “24 iyun 2021-ci il tarixli “təhvil aldım” qeyd etmişdir. Beləliklə, "xxxx" MTK 2 il 4 aydan sonra, yəni xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddia tələbi üzrə qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyündən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və proses iştirakçılarının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MTK-nın nümayəndə-vəkili iddianı müdafiə edərək, sərəncamdan iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ünvanladıqlar sorğuya verilmiş cavab məktubundan məlumatlı olduqlarını, bu səbəbdən iddia müddətini ötürmədiklərini bildirdi və iddianın mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılıb təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh başçısının 18 iyun 2021-ci il tarixli 140 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçı hazırkı iddiası ilə 2 ildən artıq əvvəl qəbul edilmiş inzibati aktı mübahisələndirir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən sərəncam xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin təsisçilərindən olan Mahmudov Qurban oğluna təqdim edilmiş və o, sərəncamı təhvil almasına dair müvafiq qeyd apararaq, imzalamışdır. Göründüyü kimi, sərəncam iddiaçı Cəmiyyətin təsisçisinə rəsmi qaydada təqdim edilmiş, sonuncu həmin inzibati aktı qəbul etmiş, geri qaytarmamışdır. Məhkəmə onu da qeyd edir ki, "xxxx" MTK-nın sədri tərəfindən Nəsimi RİH-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 79 nömrəli məktubda bildirilmişdir ki, “Bakı şəhəri Cavabdeh başçısının 18 iyun 2021-ci il tarixli, 140 saylı sərəncamında "xxxx" MTK-nə Üzeyir Hacıbəyov 66 ünvanında inşa edilən binanın mərtəbəliliyini 8 mərtəbəyə endirmək qeyd edilmişdir. Buna baxmayaraq hal-hazıradək- 2 il 4 ay müddətində 8 mərtəbənin layihə və digər müvafiq göstəriciləri Bakı şəhəri Cavabdeh tərəfindən şirkətimizə təqdim edilməmişdir. “Pilot Layihə” çərçivəsində sökülmüşbinalardan oaln sakinlər tikinti başa çatanadək mənzillərdən köçürülüb MTK-nın maddi vəsaiti hesabına kiryə mənzillərə yerləşdirilmişdir. Həmin mənzillərin aylıq kirayə haqqı 2018-ci ildən bugünədək MTK tərəfindən ödənilir...Tikinti işlərinin uzun müddət durğunluğu sakinlər arasında ciddi narazılıq yaradır.” Məktubda Nəsimi RİHB-nin 18 iyun 2021-ci il tarixli 140 saylı sərəncamının ləğv edilməsi xahiş edilmişdir. Məktubun məzmunundan göründüyü kimi, iddiaçı Nəsimi RİHB-nin mübahisələndirilən sərəncamının qəbul edildiyi uzun müddət ərzində yeni sərəncamla müəyyən edilmiş 8 mərtəbəli binanın inşasına dair layihə və digər müvafiq göstəricilərin iddiaçıya təqdim edilməməsindən, həmçinin həmin sərəncamın qəbul edilməsi nəticəsində tikinti işlərinin uzun müddət dayanmasından narazılıq etmişdir. Başqa sözlə, iddiaçı hüquqi şəxs həmin məktubla cavabdeh inzibati orqandan hazırda mübahisələndirdiyi sərəncamın təqdim edilməsini, yaxud onun məzmunu ilə hər hansı formada məlumatlandırılmasını deyil, sərəncamın qəbul edilməsindən sonra uzun müddət tikintinin dayandırılmasına görə onun üçün yaranmış çətinliyə görə həmin sərəncamın ləğv edilməsini xahiş etmişdir. Bu hal isə iddiaçı hüquqi şəxsin mübahisələndirilən inzibati aktın mövcudluğundan əvvəldən məlumatlı olduğunu deməyə əsas verir. Göründüyü kimi, iddiaçı MMC mübahisələndirdiyi sərəncamdan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə, xx.xx.2023-cü il tarixdə, yəni 2 il 5 ay sonra müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məhkəmə həmçinin müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd edir ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, mübahisələndirdiyi inzibati aktların mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya ən geci 2021-ci il tarixdən məlum olduğundan və qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3934/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3934/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver