Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3936/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin ümumi sahəsinin faktiki ölçülərinin qeydiyyatının düzəldilməsini, ümumi sahənin 95,5 kv.m. olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması, Texniki Pasportda əks olunmuş həmin ölçünün çıxarışa da daxil edilməsi və daşınmaz əmlakın dövlət reyestrində cari düzəlişin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********89 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mənzilin qeydiyyata alınması ilə bağlı xx.xx.2022ci il tarixli müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən texniki pasportda əksini tapan 8, 9, 10, 11 saylı sahələrin binanın konturundan kənarda yerləşdiyi müəyyən olmuşdur. Odur ki, qeydiyyat aparılarkən müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin sahələr (20.8 kv.m) nəzərə alınmamışdır. İdarəyə daxil olmuş eyni məzmunlu xx.xx.2023-cü il tarixli ərizəyə **********21 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 1 ünvanında yerləşən mənzilinin ümumi sahəsinin ölçüləri ilə bağlı mövcud qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində düzəldilməsi, mənzilin ümumi sahəsinin 95,5 kv.m olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, Texniki Pasportda əks olunmuş həmin ölçünün çıxarışa da daxil edilməsi və əks etdirilməsi, buna dair idiaçıya müvafiq Çıxarış və Texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 1, mənzil 1 (bir) iddiaçının ata mülküdür, miras yolu ilə əldə etdiyi əmlakdır. Belə ki, bu mülk iddiaçının 90 illik əmlakı, yaşayış yeridir. Həmin ünvandakı əmlak ona atasından miras əmlak olaraq keçmiş və vərəsəlik yolu ilə təkrar qeydiyyatla adına 2019-cu ildə sənədləşdirilmişdir. X2 həmin əmlak həyat yoldaşından (yəni anasından), ona isə (yəni anasına) öz anasından (yəni ana nənəsindən) miras olaraq qalmışdır. Anasının vəfatından sonra xx.xx.2011-ci il tarixdə atası (2018-ci ildə vəfat etmişdir) yaşadığı mənzili özəlləşdirərək ********** qeydiyyat nömrəsi ilə ilkin qeydiyyata aldırmış, ona MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mənzil həmin qeydiyyatla atasının adına rəsmiləşdirərkən keçmişdə icarədar qonşu Nisimov soyadlı şəxsin sahibliyində olmuş mənzil ilkin qeydiyyata alınmış yaşayış sahəsinin tərkibinə Bakı şəhəri, Nəsimi RİH başçısının xx.xx.2004-cü il tarixli 537 nömrəli sərəncamı ilə daxil edilsə də, nənəsinin keçmişdə sahibi olduğu 1 nömrəli mənzilin sahəsi yeni qeydiyyata alınmış yaşayış sahəsinin tərkibinə daxil edilməmişdir. 2018-ci ildə atası vəfat edəndən sonra mənzil vərəsəlik yolu ilə adına sənədləşdirilərkən də eyni xətaya yol verilmiş, yardımçı hissələr və keçmişdə nənəsinin sahiblik etdiyi sahələr mənzilinin tərkib hissəsinə daxil edilməmişdir. Belə ki, texniki pasportda mənzilin yalnız yaşayış otaqları əks etdirilmiş, yardımçı hissələr və sahələr isə texniki pasportda əks olunmamışdır. 2019-cu ilin iyul ayında Nəsimi RİH-ə müraciət etmiş, mənzilinin faktiki ölçülərinin (heç bir yeni tikili aparılmadan mövcud olan faktiki sahənin) dəqiqləşdirilməsini, buna dair sərəncam verilməsini xahiş etmişdir. Nəsimi RİH başçısının 29 iyul 2019-cu il tarixli, 127 nömrəli sərəncamı ilə, artıq 90 ilə yaxındır ki, anasından-nənəsindən-babasından qalmış, halhazırda ona məxsus/faktiki istifadəsində olan sözügedən mənzilin ümumi sahəsi və yardımçı sahələri dəqiqləşdirilmişdir. Sərəncamda, həmçinin, şəxsi hesab vərəqəsində müvafiq dəyişikliyin edilməsi qərara alınmış, çıxarışda (qeydiyyat vəsiqəsində) müvafiq dəyişikliyin edilməsi üçün sərəncamın surətinin daşınmaz əmlakın dövlət reyestri orqanına göndərilməsi qənaəti əks olunmuşdur. Sərəncam Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstərən X1 26 iyul 2019-cu il tarixli 41 nömrəli Rəyi və həmin Komissiyanın eyni tarixli eyni nömrəli Qəbul Aktı əsasında verilmişdir. Rəydə və Qəbul aktında bildirilmişdir ki, ümumi sahədəki fərq, vətəndaş İddiaçı uzun illər istifadəsində olan köməkçi sahənin hesablanmaması səbəbindən yaranmışdır. X1 həmin rəyindən də görünür ki, faktiki istifadəsində olan əlavə sahələr yeni tikilmiş sahələr deyildir, bunlar illər öncə tikilmiş sahələrdir, uzun illərdir ki, iddiaçının istifadəsindədir. 2022-ci il tarixində etdiyi müraciət əsasındakı inzibati icraatın gedişində aparılmış fərdi texniki inventarlaşdırma nəticəsində tərtib edilmiş Texniki Pasportun “xüsusi qeydlər” hissəsində göstərilmişdir ki, "Hüquqmüəyyənedici sənədlərə əsasən mənzilin ümumi sahəsi 74,7kv.m olduğu halda, faktiki yaşayış sahəsi 95,5 kv.m müəyyən edilmişdir.” Qüvvədə olan qanunvericilikdə əlavə tikililər istisna olmaqla faktiki istifadədə olan sahələrin qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasının təmin edilməsi imkanı nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən hazırki yaşayış sahəsi 2004-cü ilədək, yəni Bakı şəhəri, Nəsimi RİH başçısının xx.xx.2004cü il tarixli 537 nömrəli sərəncamı qəbul edilənədək öncədən iki ayrı-ayrı tikililərdən ibarət olmuşdur. Bu tikilinin bir hissəsi - texniki pasportda əksini tapan 8, 9, 10, 11 saylı sahələr (20,8kv.m-lik hissə) ayrıca mənzil hissəsi olmuş, burada iddiaçının ana xətti ilə nənələri yaşamışlar. Məhz həmin hissə binanın konturlarından ayrıdır - bu texniki pasportda da əks olunmuşdur. Yerdə qalan hissə isə həmin tarixə kimi qonşuları Nisimov soyadlı şəxsin sahibliyində olmuşdur. O, həmin hissənin icarədarı olmuşdur. Sözügedən sərəncamla Nisimovun mənzili hissəsi ilə ana xətti ilə nənələrinə, son olaraq vərəsəlik yolu ilə anasına məxsus olmuş 20,8 kv.m-lik mənzil hissəsi birləşdirilmişdir. Bu iki mənzilin arasında olan kiçik ölçülü həyətyanı sahəsi nənəsinə aid olan tikilinin tərkib hissəsi olmuşdur. Bu hissədən iddiaçı həyət və istirahət yeri kimi istifadə etmiş, çünki mənzil sahəsi çox darısqal olduğu üçün, nənələrinin günü çox vaxt həyətdə keçmişdir. Bu mənzilin yol infrastrukturuna giriş-çıxışı Əlövsət Quliyev küçəsi tərəfindən deyil, arxa tərəfdən - indiki Həzi Aslanov küçəsi tərəfindən olmuşdur. Nisimov soyadlı şəxsin mənzilinin çıxışı isə Əlövsət Quliyev küçəsi tərəfindən olmuşdur. Mənzillər birləşdirildikdən sonra iki mənzil arasındakı kiçik ölçülü həyətyanı sahə həmin mənzilin sahibi kimi iddiaçının qanuni sahiblik və istifadəsinə keçmişdir. Cavabdeh orqanın "binanın konturlarından kənarda" ifadəsinin izahı da budur. Əslində, burada "konturdan kənarda yerləşmə" ifadəsinin işlədilməsi düzgün deyildir. Çünki, mənzillər sərəncamla birləşdirilmiş və vahid şəxsin istifadə və sahibliyinə verilmişdir. Bu yaşayış sahələrindən, eləcə də, bu iki mənzil hissəsini birləşdirən sahədən yalnız iddiaçı və ailəsi istifadə etmişdir. Binanın digər sakinlərinin (cəmi 3 ailədir) buradan istifadəsi mümkün deyildir, çünki, onların birbaşa Əlövsət Quliyev küçəsinə ayrıca çıxışları vardır. Burada ümumi paylı mülkiyyət anlayışına girən element və obyektlər mövcud deyildir. Əvvəla, sözügedən mənzil və mənzilin hissələrini birləşdirən həyət sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən deyildir. Buradan iddiaçıdan başqa heç bir qonşu istifadə etmir. İkincisi, sözügedən iki mənzil hissəsini birləşdirən həyət binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsinə də aid deyildir. Bina/ev sakinlərinin istifadə etdiyi ümumi həyət/torpaq sahəsi Əlövsət Quliyev küçəsinə olan giriş-çıxış sahəsidir. Üçüncüsü isə 8, 9, 10,11 saylı sahələrdən (20,8 kv.m-lik hissə) ibarət ayrıca mənzil hissəsi və həyəti üzərində bina/ev yerləşmir. Bura ayrıca bir yaşayış sahəsi sahəsi, müstəqil bir daşınmaz əmlak obyekti olmuşdur. Bu hissə ilə bağlı keçmiş Nəsimi rayon XDS-nin İK-nin xx.xx.1980-ci il tarixli sərəncamı olmuşdur. Sərəncamda qeyd olunmuşdur ki, 106 nömrəli evin 8 kv.m- dən ibarət (burada yaşayış sahəsinin ölçüsü göstərilmiş, köməkçi sahələrin ölçüləri göstərilməmişdir) 1 nömrəli mənzili ilə bağlı İsmayılova Roza ilə (5 nəfərdən ibarət ailəsi ilə birlikdə) kirayə müqaviləsi bağlanmışdır. 5 nəfər bir otaqda yaşaya bilməz, bunun yardımçı sahələri və həyəti də olmuşdur ki, bu da məhz indiki 20,5kv.m-lik sahə və onu 106 nömrəli evlə birləşdirən kiçik ölçülü həyətdir. İmtinadan görünür ki, cavabdeh orqan ölçüləri mübahisə etməmişdir, bu ölçüləri Texniki Pasporta da daxil etmişdir. Cavabdeh orqanın yeganə dəlili odur ki, 20,5 kv.m-lik hissə 106 saylı binanın konturlarından kənarda yerləşdiyi üçün həmin sahəni 1 nömrəli sahənin digər hissəsi ilə birləşdirmək və vahid qeydiyyata alıb vahid çıxarışa daxil etmək mümkün deyiİdir. Halbuki bu əsassızdır və əlində olan sübutlarla uyğunsuzdur. Belə ki, hər iki mənzil hissəsi (həyətyanı sahə ilə birlikdə nənəsinə məxsus 20,5 kv.m-lik hissə və Nisimova məxsus tikili hissəsi) birləşdirildikdən sonra ümumi istifadə anlayışı aradan qalxmış, mənzil həyətyanı sahə ilə birlikdə vahid daşınmaz əmlak obyekti olmuşdur. Cavabdehin “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, mənzilin qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən texniki pasportda əksini tapan 8, 9, 10, 11 saylı sahələrin binanın konturundan kənarda yerləşdiyi müəyyən olmuşdur. Odur ki, qeydiyyat aparılarkən müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin sahələr (20.8 kv.m) nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 537 nömrəli sərəncamından görünür ki, Ə.Quliyev küçəsi 106 saylı evin 1 otaqlı yaşayış sahəsi 8,0 kv.m. olan 1 saylı mənzilinin icarə müqaviləsi vət.S.Ə.İsmayılovla bağlanmış və həmin ünvanda keçmiş icarədar Nisimovun boşalmış 2 otaqlı yaşayış sahəsi 37,5 kv.m. olan mənzili də onun mənzil sahəsinə əlavə edilməklə o, gələcəkdə 4 nəfər ailə tərkibi ilə (özü, 3 oğlu) 3 otaqlı yaşayış sahəsi 45,5 kv.m. olan 1 saylı mənzilin icarədan hesab edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 56,7 kv.metr, yaşayış sahəsi 11.2 kv.metr olan mənzilə X5 mülkiyyət hüququ qeydə alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X7 vərəsəsi oğlu İddiaçı- Bakı şəhəri, Ə.Quliyev küçəsi, ev 106 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X6 verilmiş **********28-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 56.7 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 56,7 kv.metr olan mənzilə X3 mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 127 nömrəli sərəncamından görünür ki, müəyyən edilmişdir ki, Əlövsət Quliyev küçəsi 106 saylı evin 1 saylı mənzili DƏDRX-nin 1 1 19045924 Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı məxsusdur və mənzilin faktiki olaraq yaşayış sahəsi 50.9 m2, ümumi sahəsi 86.9 kv.metrdir. Buna görə də qərara alınmışdır ki, vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Əiövsət Quliyev küçəsi 106 saylı evin 1 saylı mənzilin ümumi sahəsi 86.9 m2 hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1, mənzil 1 ünvanında yerləşən X3 xüsusi mülkiyyətindəolan mənzilin ümumi sahəsi 74.7 kv.metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3388/2025 nömrəli məktubundan görünür ki, mənzilin faktiki və texniki pasportda yaşayış sahəsi 50.9 kv.m (3 otaq), ümumi sahəsi 95.5 kv.m təşkil edir. Lakin hüquqmüəyyənedici sənədlərə əsasən mənzilin ümumi sahəsi 74.7 kv.mdir. Qeyd olunanlarla yanaşı, iddiaçının istifadəsində 21.4 kv.m torpaq sahəsi var. İddiaçı hazırda mülkiyyətində olan mənzilin faktiki olaraq ümumi sahəsinin 95.5 kv.metr olmasına istinad edərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, iddaçı əlavə sahəyə dair bu sənədlərdən heç birini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı əlavə sahə ilə bağlı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. Belə olan halda aydındır ki, iddiaçı onun mülkiyyətində olan mənzilin yerləşdiyi binanın konturundan kənarda yerləşən və ona (yaxud ailə üzvlərinə) ayrılmayan sahəyə hüququnun qeydə alınmasını tələb etməsi qanunsuz olmuşdur. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın müayinə aktından görünür ki, iddiaçının istifadəsində 21.4 kv.metr torpaq sahəsi var, 8,9 saylı sahə köhnə tikili, 10, 11 saylı sahələr qismən yeni tikilidir və 8, 9, 10 və 11 saylı sahələr binanın konturundan kənar yerləşir. İşdə olan 1 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, 8 – köməkçi otaq (11 kv.m), 9-dəhliz (4.2 kv.m), 10-anbar (4.5 kv.m), 11-sanitar qovşaqdır (1.1 kv.m). Göründüyü kimi, iddiaçı istifadəsində torpaq sahəsinin olmasından istifadə edərək binanın həyətində tikilmiş tikililəri artırmaqla mülkiyyətində olan mənzilin sahəsini genişləndirmiş, lakin bu zaman nə həmin tikililərə, nə də tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən cavabdehin imtinası qanuni olmuş, bu imtina onun hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-3936/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3936/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver