Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3937/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “mənzilə dair yüklülüyün götürülməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “mənzilə dair yüklülüyün götürülməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə iddia tarixinə heç bir borc qalmadığından Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 153 saylı mənzilin üzərindən yüklülüyün götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım göstərilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə iddia tarixinə heç bir borc qalmadığından Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 153 saylı mənzilin üzərindən yüklülüyün götürülməsini tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçılar öz iddia tələblərini aşağıda qeyd edilən məhkəmə qərarları ilə əsaslandırmışdırlar: Binəqədi Rayon Məhkəməsinin 2(001)-1567/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "Express Lombard” MMC-nin cavabdehlər X1, İddiaçı1 və İddiaçı2 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək tutmanın Bakı şəhəri. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F. Rüstəmov küçəsi, 124 nömrəli evin 63,93 kv m ümumi sahədən ibarət 3 otaqlı, 153 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq borcun əvəzinin ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, İddiaçı1 və İddiaçı2 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddiaçı "xxxx" MMC-nin cavabdehlər X1, İddiaçı1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına aid hissədə ləğv edilərək, həmin iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə hazırkı tarixə heç bir borclarının qalmadığından bu barədə müvafiq qaydada cavabdehə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin üzərindən yüklülüyün götürülməsini xahiş etmişdirlər. Cavabdeh inzibati orqan iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdirlər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə qərarlarından müəyyən edilir ki, mübahisə predmeti olan mənzil məhkəmə qərarı əsasında yüklü edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X2 və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia təmin olunaraq Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin alqı-satqısına dair AN-İ N20277795 saylı xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxalanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-4433/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin alqı-satqısına dair AN-İ N20277795 saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 153 saylı mənzilin alqı-satqısına dair AN-İ N20277795 saylı xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi İddiaçı1, İddiaçı2, İddiaçı3 adından etibarnamə əsasında X1 ilə "xxxx" MMC arasında bağlanılmış ipoteka müqaviləsinin qaydaları tətbiq edilmiş, həmin müqavilə "xxxx" MMC ilə X1 arasında 17 yanvar 2012-ci il tarixdə 30.000 manat pulun borc verilməsi barədə 099 saylı borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilmiş, müvafiq qaydada qeydiyyata alınması qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-4433/2015 saylı qərarı ilə tərəflər arasındakı münasibətə ipoteka qaydalarının tətbiq edilməsi qərara alınmışdır. Hazırda isə iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 153 saylı mənzilin üzərindən yüklülüyün götürülməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 153 saylı mənzilin hazırda ipotekanın predmeti olması və həmin ipotekaya mövcud qanunvericiliyə əsasən xitam verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır, həmçinin iş materiallarında olan məhkəmə qərarlarından da müəyyən edilir ki, həmin ipoteka müqaviləsi ilə bağlı müvafiq tərəflər arasında mübahisə mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, mübahisənin predmeti müvafiq ipoteka müqaviləsi olduğundan və mövcud qanunvericiliyə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçı müvafiq tələblə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tələblə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3937/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3937/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver