Məhkəmə qərarları › İş №2-1(112)-3937/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3937/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3937/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “müvafiq ixtisasa köçürülməsi” tələbinə dair iddiası üzrə inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra Elm və Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi barədə ərizəsindən imtinasının əsassız hesab edilməklə, həmin ixtisasa köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasında təhsil almışdır. 1-ci kursu müvəffəqiyyətlə bitirərək, zərbəçi olmuşdur. 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisas üzrə həm rus bölməsi, həm də Azərbaycan bölməsi üzrə tələbələri arasında təhsildə bu il ən çox ortalama qiymət (ÜOMG) toplayan tələbədir. Bu il o, tələbə köçürülməsi (transfer) ilə bağlı ərizə verərək, qeydiyyatdan keçmişdir. Ərizəsində Bakı Dövlət Universitetinin rus dili bölməsinin “Fəlsəfə” ixtisasından həmin Universitetin "Beynəlxalq münasibətlər” ixtisasına keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixdə ünvanlanan elektron cavab məktubunda AR TN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.3-cü bəndi səbəb gətirilməklə əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, o, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.3-cü bəndinə əsasən "Beynəlxalq münasibətlər” ixtisasına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Elm və Təhsil Nazirliyinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi barədə müraciəti ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə İddiaçı Bakı Dövlət Universitetinin “Fəlsəfə” fakültəsinin rus bölməsinin əyani şöbəsindən həmin universitetin “Beynəlxalq münasibətlər” fakültəsinin rus bölməsinin əyani şöbəsinə köçürülməsi barədə sənədləri məhkəmə qərardadına əlavə etməklə Elm və Təhsil Nazirliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Elm və Təhsil Nazirliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-29-61/2-6206/2023 №li məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3937/2023 saylı qərardadının icrası məqsədilə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar” əsasında 2023/2024-cü tədris ili üzrə keçirilən köçürülmə prosesi zamanı Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan iş üzrə icraata xitam verilməlidir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “müvafiq ixtisasa köçürülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar