Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3938/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1967-ci il təvəllüdlür. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 01 ay 03 gün). ИТ 015582 nömrəli Diploma və Bakı Neft-Energetika Kollecinin xx.xx.2024-cü il tarixli 8416 nömrəli arayışa əsasən iddiaçı 23 avqust 1982-ci il tarixində 202 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 04 mart 1986-cı il tarixində 43 saylı əmrlə “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları ” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “texnik-elektrik”ixtisas dərəcəsi və ИТ № 015582 saylı diplom verilmişdir (03 il 06 ay 09 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Neftmaş”da texnik (08 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “OKB Neftmaş”da texnik (02 ay 13 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (xx.xx.2006-cı il tarixədək 17 il 2 ay 13 gün) “X2”ndə fəhlə, takelajçı, usta (29 il 2 ay 01 gün); - xx.xx.2017-ci il tarixdən hal-hazıradək “Azərbaycan X3” QSC “Dənizçi təmir-tikinti MMC” usta vəzifəsində işləyir. İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 23 avqust 2024-cü il tarixdən (əmək fəaliyyətinə başladığı gün) etibarən hesablamaq vəzifəsininin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan 30 sentyabr 2024-cü il tarixli, 3-17-1-236046/2024 nömrəli yazılı cavabı ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsi barədə məlumat vermişdir. Güzəştli şərtlərlə pensiya təyinatından imtina etməsini cavabdeh hesab etmişdir ki, ona təqdim edilmiş sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina etməsi haqqında qərarı əsassızdır. Belə ki, cavabdeh əmək stajını düzgün hesablamamışdır, aşağıda istinad etdiyi hallara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilərək müvafiq qərar çıxarılmalıdır. Belə ki, iddiaçı 1967-ci il tarixdə anadan olmuş, hazırki vaxta qədər işləməklə əmək fəaliyyətini davam etdirir. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin 57 yaşı tamam olması, azı 25 il əmək stajının və azı 12 il 6 ay güzəştli iş stajın olması zəruridir. Əmək fəaliyyətinə 1982-ci il tarixdə başlamışdır. 1982-1986 illər ərzində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Enegetika Texnikumunun “Sənaye müəssisələri və qurğuların elektrik avadanlıqları” ixtisası üzrə əyani təhsil almış, əyani təhsil müddəti 4 il olmuşdur. Əyani təhsil aldıqdan sonra göndərişlə "NEFTMAŞ" Xüsusi Konsruktor Bürosunun sərəncamına göndərilmiş və xx.xx.1986-cı il tarixli əmri ilə texnik peşəsi üzrə işə qəbul edilmişdir. Həmin ilin xx.xx.1986-cı il tarixdə hərbi xidmətə çağrılmış, xx.xx.1988-ci il tarixədə ordu sıralarından tərxis edilmiş və yenidən həmin “OKB NEFTMAŞ” da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1988-ci ildə öz xahişilə “OKB NEFTMAŞ” işdən çıxmış və 18 oktyabr 1988-ci il tarixdə “X3”nin (Kaspar) Təmir Tikinti İdarəsində takelajnik (qaldırıcı kran burazların (tros) toxuyucusu peşəsi üzrə işə qəbul olunmuş, xx.xx.1999-cu ildə həmin idarədə əsaslı tikinti üzrə usta vəzifəsinə keçirilmiş və həmin İdarədə hazırki vaxta qədər işləməkdə davam edir. 2017-ci il tarixdə idarənin adı dəyişdirilmiş və "xxxx" QSC-nin “Dənizçi Təmir-Tikinti" MMC adlandırılmışdır. Ümumi əmək stajı 42 il təşkil edir, güzəştli şərtlərlə yaşa görə əmək stajı isə 25 il 01 ay 08 gün təşkil edir. “Azərbaycan X2" QSC "xxxx" MMC tərəfindən verilmiş 07 nömrəli 08 may 2024-cü il tarixli arayışla işlədiyi vəzifənin sosial sığorta (əmək) stajının 25 il 01 ay 08 gün olması və işlədiyi vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29 b bəndinə uyğun olması göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti əmək stajına daxil edilir, həm də xüsusi şərtlə əmək stajına o vaxt daxil edilir ki, təhsil müddətini bitirdikdən sonra güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək fəaliyyəti ilə məşğul olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29 “b” bəndinə əsasən bina, qurğu qurulması, texniki təchizatı, bərpası və təmiri və digər obyektlərin inşası, işlərində çalışan güzəştli şərtlə pensiya hüququ verən əmək stajına daxil edilir. Beləliklə hesab edir ki, iddia tələbində haqlıdır, iddia tələbi qanuni və əsaslıdır. Əksinə, cavabdehin imtinası əsassızdır və pensiya cavabdehə ərizə təqdim etdiyi 29 may 2024-cü il tarixdən hesablanılmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-1-236046/2024 nömrəli məktubuna əsasən iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi iş stajı və güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (23 il 5 gün (xx.xx.1982xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, 2 №li Siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda, İddiaçı tərəfindən “Azərbaycan X3” QSC-də xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair adıçəkilən müəssisənin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmişdir. İşlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən ümumi güzəştli iş stajı 25 ildən artıqdır. Hesab edir ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə güzəştli iş stajı olmalıdır. 25 il ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrü nəzərə aldıqda (təhsil müddəti-23 avqust 1982-ci il tarixdən 04 mart 1986-cı il tarixədək (03 il 06 ay 09 gün); xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (08 gün); (hərbi xidmət-xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (02 il 01 ay 03 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (02 ay 13 gün); xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (17 il 2 ay 13 gün) onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 23 il 16 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən azdır. Məhkəmə mübahisə üzrə prosessual qənaət prinsipi baxımından iddiaçının güzəştli iş stajına malik olub-olmaması məsələsinə qiymət verilməsinə lüzum görmür. Belə ki, bu məsələnin mübahisə üzrə qəbul ediləcək qərara təsiri yoxdur. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il iş stajının olmaması iddianın təmin edilməməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X5