Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-394/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X16 və digərləri) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda göstərilən fərdi yaşayış evinin orta hissədən sökülərək 2 hissəyə ayrıldığı müəyyən olunmuşdur. Lakin sözügedən dəyişikliklərlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışda göstərilən 500 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyindən sözügedən sahənin faktiki göstərilən 893 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda idarənin mütəxəssislərinə daşınmaz əmlaka texniki baxış keçirilməsinə tam şərait yaradılmamışdır. Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi qaz xəttininin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş qeydiyyat vəsiqəsinin və çıxarışın Forma 1 arayışı verilməsi üçün dəyişdirilərək yenisi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X16, X11, X7 üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum anası X3 adına rəsmiləşdirilərək mülkiyyət hüququ tanınmışdır. Bundan başqa həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mərhum anası, iddiaçı və digərləri adlarına rəsmiləşdirilərək payları müəyyənləşdirilmişdir. Anası 01 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Mərhum anasından miras qalmış həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 40 saylı notariat ofisinə etdiyi müraciətə əsasən vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi kimi tanınmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş Qeydiyyat Vəsiqəsi və Çıxarış köhnə olduqları üçün həmin sənədlər dəyişdirilib yenisi ilə əvəz olunduqdan sonra Forma 1 arayışı verilməlidir. Buna görə də notariat ofisi tərəfindən cavabdehə məktub göndərilmişdir. Həmin məktuba cavabdeh tərəfində müxtəlif bəhanələr gətirilərək yeni çıxarış verilməsindən imtina edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi etirazda qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evi iki hissəyə ayrıldığından və payçılar arasında mübahisə olduğundan ölçü işlərinin tam aparılması mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışda göstərilən 500 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyindən sözügedən sahənin faktiki göstərilən 893 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda torpaq sahəsinin və fərdi yaşayış evinin 6.0 m məsafəsindən 110 kv-luq və 35 kv-luq yuksək gərginlikli elektrik xətti keçir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi qaz xəttininin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia çıxarışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - 2 saylı Zeytun sovxozu üzrə 20 mart 1998-ci il tarixli 13 nömrəli əmrindən görünür ki, X4 fərdi yaşayış evi tikdirmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. - 2 saylı Zeytun sovxozunun xx.xx.1999-cu il tarixli 156 nömrəli arayışından görünür ki, X5 2 saylı Zeytun sovxozunun 13 nömrəli 20 mart 1998-ci il tarixli əmrinə əsasən sovxoz ərazisində ona fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. X1 ona ayrılmış torpaq sahəsində yaşayış evi tikmiş və hazırda həmin evə yaşayır. Ev şəxsi mülkiyyət hüququ əsasında X4 məxsusdur. Evin başı bağlı deyil, heç bir inzbati tədbiri və məhkəmə mübahisəsi yoxdur. - Mart 1999-cu il tarixli yaşayış evinin texniki pasportundan görünür ki, Zeytun küçəsi, ev 118 ünvanında yerləşən ümumi sahəsi 176 kv.metr, yaşayış sahəsi 110 kv.metr, köməkçi sahəsi 66 kv.metr olan fərdi yaşayış evi X4 məxsusdur. - AN-İ seriyalı ******* nömrəli satıcı X5 ilə alıcı X13 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri İH.Tİ. və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 30/1660 nömrəli arayışa əsasən ünvan 4, ev 118-də yerləşmiş ümumi sahəsi 91.0 m2, yaşayış sahəsi 65.0 m2, köməkçi sahəsi 26,0 m2 olan 4 (dörd) otaqlı şəxsi evini alıcının mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsində istifadədə olan 0.0114 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 4 otaqlı, 65 m2 yaşayış, -m2 qeyri-yaşayış, 26 m2 köməkçi sahədən ibarət 118a nömrəli fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. - 6930 reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Xətai rayonu 2 №-li Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 4 yaşayış otaqlı, Yaşayış sahəsi 110,6 m2, köməkçi sahəsi-66,0 m2 ibarət olan 118 №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının 071 №-li xx.xx.1998-ci il tarixli qərarı əsasında X1nın adına qeydə alınmışdır. - xx.xx.2006-ci il tarixli ********* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 2 №-li Zeytun sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsi X5, X9, X14, X19, X15, X11 və X6 paylı mülkiyyətindədir. - Bakı şəhəri 40 saylı notariat ofisinin xx.xx.1931-ci ildə anadan olmuş, ölən günədək, yəni xx.xx.2013-cü il tarixədək ünvan 3 ünvanında yaşamış mərhum X2 (FİN:491OBHR) miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı qızı İddiaçı tərəfindən Bakı şəhəri 40 saylı notariat ofsinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və o miras qoyanın vərəsələri kimi tanınmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar X3 adına ünvan 4 ünvanında yerləşən 118 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış, texniki pasport) verildikdən sonra onun vərəsələrinin dairəsi müəyyən edilərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi payçılar arasında ayrı girişləri olan bir neçə hissəyə bölünmüşdür. Miras ev orta hissədən (8.2x0.75) ölçüdə sökülərək ölçüləri (10.8x8.2) metr və (12.05x8.2) metr olan 2 hissəyə ayrılmışdır. Payçılar arasında mülk mübahisəsi mövcuddur. Müayinə ancaq payçılardan İbrahimov Akifin hissəsində aparılmışdır. Bu səbəbdən faktiki istifadədə olan torpaq sahəsinin və üzərindəki tikililərin ölçülərini dəqiqləşdirmək münkün olmamışdır. Təqdim olunmuş çıxarışda mülkiyyət hüququ təsdiq olunmuş 500.0 m2 torpaq sahəsinin plan və ölçüləri olmadığından istifadədə olan torpaq sahəsinin hansı hissəsində yerləşdiyini təyin etmək mümkün deyildir. Şərq tərəfdən torpaq sahəsinin və evin 6.0 metr məsafəsindən 110KV və torpaq sahəsinin üzərindən 35 KV yükşək gərginlikli elektrik xətti keçir. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş qeydiyyat vəsiqəsinin və çıxarışın dəyişdirilərək yenisi ilə əvəz olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi... Həmin Qanunun 6.2-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; İşdən görünür ki, iddiaçı vəfat etmiş N.İbarhimova ilə birlikdə Abşeron rayonu, 2 №-li Zeytun sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin paylı mülkiyyətçisidir və o hazırda mülkiyyətində olan həmin əmlaka dair yeni çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin əmlak üzərində paylı mülkiyyət hüququ hazırda qüvvədə olduğundan, ləğv olunmadığından onun həmin əmlaka dair qeydə alınmış hüququ ilə bağlı çıxarış verilməsini tələb etmək hüququ mövcuddur. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən, torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmədiyindən sözügedən sahənin faktiki göstərilən 893 kv.m torpaq sahəsinin hansı hissəsində yerləşməsini müəyyən etməyin mümkün olmadığına istind etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır, çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, cavabdeh hüquqların qeydiyyatını aparan zaman torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib etməli, bundan sonra şəxsin hüququnu qeydə almalıdır. Cavabdehin hazırkı halda bu tələbə əməl etməməsi, iddiaçının qeydə alıdğı hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Bundan əlavə, işdə olan JN-017H Kod 30800001 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu, 2 №-li Zeytun sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə X14, X19, X15, X11, X6 mülkiyyət hüququ qeydə alınmış, həmin şəhadətnamədən torpaq sahəsinin yerləşdiyi yerin sxemi göstərilmişdir. Fərdi yaşayış evinə dair çıxarış verilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, həmin fərdi yaşayı evi iddiaçının deyil, vəfat etmiş N.İbrahimovanın adına qeydiyyata alınmış, onun xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. MM-nin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Məhkəmə qeyd edir ki, N.İbrahimova vəfat etdiyindən onun həmin əmlaka dair mülkiyyət hüququ Qanunun 8.0.5-ci maddəsinə əsasən qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi mümkünsüzdür. Çünki Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçı həmin fərdi yaşayış evinə dair öz adına çıxarışın verilməsini tələb edirsə, bununla bağlı cavabdehə qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi təqdim etməlidir. Bundan əlavə, o da qeyd edilməlidir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, həmin mübahisəli ev orta hissədən (8.2x0.75) ölçüdə sökülərək ölçüləri (10.8x8.2) metr və (12.05x8.2) metr olan 2 hissəyə ayrılmış, iddiaçı fərdi yaşayış evinə edilmiş bu dəyişikliyə dair hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməmişdir. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi fərdi yaşayış evinə münasibətdə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Abşeron raypnu, 2 nömrəli Zeytun ərazisi ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-394/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-394/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver