Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3942/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8 nümayəndəsi (vəkili) X9, Adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X14 və X12, adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X10 və X8 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh AR Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış sahəsi 43.0 kvm olan 3 otağı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçirilərək xx.xx.2012-ci il tarixdə çıxarış verilmişdir. Ünvanda qeydiyyatda olanlar - X14 və X12 həmin ünvanda heç vaxt yaşamamışdırlar. İddiaçı onları tanımır, ailə üzvü deyillər. İddiaçı üçüncü şəxslərin qonşuluqda yerləşən fərdi yaşayış evində yaşamaları barədə məlumat almışdır. Üçüncü şəxslərin həmin ünvanda pasport qeydiyyatında qalması iddiaçının mülkiyyətçi kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.
1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən
2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən
3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında
4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvqafiqdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda məhkəmə iclasının cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış 2012-ci ildə verilsə də, iddiaçı həmin fərdi yaşayış evini 2001-ci ildə X3 almış və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 451 nömrəli Sərəncamı əsasında fərdi yaşayış evinə dair çıxarış əldə etmişdir. İddiaçı ünvan təkrarlanması halı ilə əlaqədar “ASAN Xidmət”ə müraciət edilmiş, lakin ona bildirilmişdir ki, əvvəlki ünvan sistemdə qalacaq və mənzilin alqı-satqısı zamanı əvvəlki ünvanda qeydiyyatda olanlar görünəcəkdir.
6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, çıxarış verilən zaman hüquq müəyyənedici sənəddə qeyd olunan ünvan nəzərə alınır. Ünvan təkrarlanması ilə əlaqədar yeni ünvan verildiyi zaman sistemdə şəxslərin əvvəlki ünvanı da əks olunur və mülkiyyətlə bağlı problemlər aradan qalxmır, şəxs hər bir halda əvvəlki ünvandan qeydiyyatdan çıxmalı olur.
7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, üçüncü şəxslərə və iddiaçılara məxsus fərdi yaşayış evləri ayrı-ayrı mənzillərdir, ünvan təkrarlanması halı mövcuddur. Belə ki, evlərin nömrələnməsi zamanı yanlışlığa yol verilmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. Məhkəmə qeyd edir ki, iddiaçılar mənzilin mülkiyyətçiləridir.
10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X14 və X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X7 birgə iddiaçı qismində nəzərə alınmışdır.
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən X14 (xx.xx.2002-ci il təvəllüdlü) və X12 (xx.xx.1997-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadır.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı və X2 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X10 və X1 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
18. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 451 nömrəli Sərəncamına əsasən Biləcər qəsəbəsi, Vidadi küçəsində yerləşən mərhum B.İ.Feyzullayev tərəfindən 1939-cu ildə 399,5 kv.m torpaq sahəsində inşa edilmiş, sahəsi 81,6 kv.m olan 6 yaşayış otağı, sahəsi 17,3 kv.m kapital qaleriya, sahəsi 24,7 kv.m köməkçi sahədən və həyətdə sahəsi 39,0 kv.m sanitariya qovşağından ibarət 2a saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi ilkin hüquqi qeydiyyata alınmışdır.
19. Biləcəri Qəsəbə İcra Nümayəndliyi tərəfindən verilmiş Arayışa əsasən X16 və X6 2004-cü ildən Biləcəri qəsəbəsi, Vidadi küçəsi, 2a saylı evdə yaşayır. Ev birmərtəbəlidir, özbaşına tikilidir.
IV. Məhkəmənin mövqeyi
20. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
21. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən evlərin ünvanı eyni göstərilmiş olsa da, ayrı evlərdir və ünvan 1 ünvanı ilə faktiki olaraq iki fərdi yaşayış evi mövcuddur.
22. Məhkəmə müəyyən edir ki, birgə iddiaçılar İddiaçı və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və bununla əlaqədar RX ******* seriya nömrəli Çıxarış verilmişdir.
23. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış 2012-ci ildə verilsə də, iddiaçı həmin fərdi yaşayış evini 2001-ci ildə X3 almış və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 451 nömrəli Sərəncamı əsasında fərdi yaşayış evinə dair çıxarış əldə etmişdir.
24. Məhkəmə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 451 nömrəli Sərəncamını və RX ******* seriya nömrəli Çıxarışı nəzərdən keçirərək müəyyən edir ki, fərdi yaşayış evinin ünvanı eynilik təşkil etməklə hər iki hüquq müəyyənedici sənəddə “ünvan 1” kimi qeyd olunmuşdur. Odur ki, iddiaçıların adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış fərdi yaşayış evinin faktiki ünvanının “ünvan 1” kimi tanınması ilə bağlı məhkəmədə hər hansı şübhə yoxdur.
25. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçıların fərdi yaşayış evinə dair mülkiyyət hüququ 2012-ci ildə qeydiyyata alınmış olsa da, müvafiq çıxarış 2003-cü ildən yaranmış mülkiyyət münasibətlərinin sənədləşdirilməsidir.
26. Məhkəmə müəyyən edir ki, Biləcəri Qəsəbə İcra Nümayəndliyi tərəfindən verilmiş Arayışa əsasən X16 (üçüncü şəxslərin atası) və X6 (üçücü şəxslərin nənəsi) 2004-cü ildən Biləcəri qəsəbəsi, Vidadi küçəsi, 2a saylı evdə yaşayır, ev birmərtəbəlidir, özbaşına tikilidir.
27. Məhkəmə nəzərə alır ki, ayrı-ayrı fərdi yaşayış evlərinə münasibətdə ünvan təkrarlanması olsa da, iddiaçılar İddiaçı və X4 məxsus fərdi yaşayış evinin ünvanı səlahiyyətli dövlət orqanı tərəfindən 2003-cü il tarixli hüquq müəyyənedici sənəd əsasında tanınmışdır. Üçüncü şəxslər isə özlərinə məxsus fərdi yaşayış evinin ünvanının “ünvan 1” kimi tanınmasını təsdiqləyən mülkiyyət hüququna dair hüquq müəyyənedici sənəd təqdim etməmişdirlər. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Arayışda isə üçüncü şəxslərin qohumlarının özlərinə məxsus mənzildə 2004-cü ildən qeydiyyatda olduğu qeyd olunmuşdur.
28. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçılara məxsus fərdi yaşayış evinin ünvanı üçüncü şəxslərə münasibətdə daha əvvəlki tarixdə dövlət tərəfindən tanınmışdır, üçüncü şəxslərin özlərinə məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiqləyən hüquq müəyyənedici sənəd yoxdur.
29. Məhkəmə eyni zamanda nəzərə alır ki: - Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, ünvan təkrarlanması ilə əlaqədar yeni ünvan verildiyi zaman sistemdə şəxslərin əvvəlki ünvanı da əks olunur və mülkiyyətlə bağlı problemlər aradan qalxmır, şəxs hər bir halda əvvəlki ünvandan qeydiyyatdan çıxmalı olur. - Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ünvan təkrarlanması halı ilə əlaqədar “ASAN Xidmət”ə müraciət edilmiş, lakin ona bildirilmişdir ki, əvvəlki ünvan sistemdə qalacaq və mənzilin alqı-satqısı zamanı əvvəlki ünvanda qeydiyyatda olanlar görünəcəkdir.
30. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
33. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
35. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
36. Odur ki, iddia təmin edilməli, X10 və X8 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. X10 və X8 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva