Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3944/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən faktiki istifadədə olan ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 149989 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 1/2 hissədə iddiaçıya və 1/2 hissədə qardaşına məxsusdur. İddiaçı və qardaşı İddiaçı2 Məmməd oğlu ilə arasındakı torpaq sahəsi-həyət bölünmüş, hər ikisinin giriş-çıxışı ayrıdır. Əmlak miras olaraq valideynlərdən qalmışdır. Sözügedən 149989 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçı mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya imtina cavabı vermişdir. İddiaçı əlavə olaraq qeyd edir ki, evin söküntüsü ilə bağlı notariat qaydada ərizə almışdır. Ona görə də cavabdehə orqana müraciətdə torpaq sahəsinin yalnız mövcud yəni faktiki vəziyyətdə özəlləşdirilməsini xahiş etmişdir. İddiaçı torpaq sahəsində fərdi yaşayış evi ilə birlikdə uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə imtina cavabları vermişlər. İmtinanın əsasları kimi göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olmadığı aşkar edilmiş, bu səbəbdən də göstərilən sahənin texniki passportda nəzərdə tutulan sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin arxiv texniki passportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq mövcuddur. İddiaçı qeyd edir ki, cavabdeh texniki pasportla torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərqin mövcud olmasına istinad etsə də, həmin "fərqin" nəzərdə tutduğu halı ifadə edə bilməmişdir, cavabdehin əsası formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir, imtina əsaslı deyildir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-ci il tarixli ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ********** daxilolma nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********69 xaricolma nömrəli xx.xx.2023-cü il tarixli **********58 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olmadığı aşkar edilmiş, bu səbəbdən göstərilən sahənin texniki pasportda nəzərdə tutulan sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin arxiv texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin sahəsi 2168.0 kv.m göstərilsə də, faktiki 3485.0 kv.m təşkil edir. Məlumat üçün bildirilmişir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda İddiaçı1 və İddiaçı2 Məmməd oğlunun paylı olaraq mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim yazılı vəsatətdə qeyd edilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi ev 5 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda İddiaçı1 və İddiaçı2 Məmməd oğlunun paylı olaraq mülkiyyətindədir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə İddiaçı2 Məmməd oğlunun 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə İddiaçı2 Məmməd oğlunun 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. İddiaçı1 nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, iddia tələbinə dair ərizədən də göründüyü kimi mübahisəli ərazi paylı mülkiyyətdədir. Digər paylı mülkiyyətçi İddiaçı2dur. Odur ki, 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maliqin küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan İddiaçı2 (AZE ********/FİN:xxxxxxx) iddiaçı qismində işə cəlb edilməsi; 2) ünvan 1 ünvanda yerləşən faktiki istifadədə olan ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir.
6. İddiaçı2 tərəfindən məhkəməyə ərizə təqdim olunaraq hazırki iş üzrə icraata iddiaçı qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı2 iddia tələbinə dair iş üzrə birgə iddiaçı qismində nəzərə alınmışdır.
8. Birgə iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim olunaraq ünvan 1 ünvanda yerləşən hüquqmüəyyənedici sənəd üzrə 2168 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanda yerləşən hüquqmüəyyənedici sənəd üzrə 2168 kv.m olan torpaq sahəsinə dair birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda” qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olmadığı aşkar edilmiş, bu səbəbdən göstərilən sahənin texniki pasportda nəzərdə tutulan sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin arxiv texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən ünvan 3 ünvanına dair İddiaçı1 və İddiaçı2 adına tərtib edilmiş 1976-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport iş materiallarına əlavə olunmuşdur. Texniki pasporta əsasən ayrılmış torpaq sahəsinin ölçüsü 2168 kv.metr müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 149989 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət kimi xx.xx.1998-ci il tarixdə qeydiyyatdan keçirilmişdir.
13. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 2168 kv.m, faktiki ölçüsü 3485 kv.m təşkil edir. Torpaq sahəsinin qonşu iki tərəfi yoldur. Arxiv texniki pasportda qeyd olunan torpaq sahəsinin baş plan eskizi ilə faktiki baş plan eskizi arasında ciddi uyğunsuzluqlar mövcud olduğu üçün təyin etmək mümkün olmamışdır. Yaşayış evi yerində mövcud deyil. Bu səbəbdən icra etmək mümkün olmamışdır. Torpaq sahəsində bir ədəd 1 mərtəbəli, bir ədəd 2 mərtəbəli yaşayış evləri mövcuddur. Mülk paylı mülkiyyətdir.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçıların nümayəndələri (vəkilləri) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər və izahatda bildirdilər ki, iddia tələbinin predmeti olan torpaq sahəsi babadan miraz miras qalmış əmlakdır. Torpaq sahəsi üzərindəki vahid fərdi yaşayış evi uzun müddət istifadə olunsa da, qəzalı vəziyyətdə olması səbəbi ilə və qardaşlar arasında yarana biləcək mübahisələrin qarşısının alınması məqsəd ilə sökülmüş və torpaq sahəsi üzərində hazırda da mövcud olan 2 fərdi yaşayış evi tikilmişdir.
II. İddianın növü və mümkünlüyü
15. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
16. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. İddia tələbinin məzmunundan aydın olur ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanında yerləşən hüquq müəyyənedici sənəd üzrə 2168,0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsini xahiş etmişdirlər.
27. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyündən sahənin yerini müəyyən etmək mümkün olmamışdır.
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən 1976-cı il tarixdə ünvan 3 ünvanına dair İddiaçı1 və İddiaçı2 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” tərtib edilmişdir. Texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 2168,0 kv.metr olaraq göstərilmiş və torpaq sahəsinin cizgisi təsvir olunmuşdur. Mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçıların faktiki sahibliyində və istifadəsindədi, torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) yoxdur.
29. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən verilmiş 1976-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir və fərmanda qeyd edilən halda, torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün tikilinin mövcudluğu tələbi nəzərdə tutulmamışdır.
30. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
32. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən 2168,0 kv.m olan torpaq sahəsi üzərində birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva