Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3946/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılırmışdır ki, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin əmrinə əsasən iddiaçı ilə mənzilə dair şəxsi hesab vərəqəsinin dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. Lakin, cavabdeh heç bir əsaslı səbəb olmadan müraciətin təminindən imtina etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənəd, yəni müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya kirayə müqaviləsi təqdim edilməmişdir. Mənzil faktiki olaraq 40 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Yaşayış yeri haqqında qeydiyyat barədə arayışdan görünür ki, iddiaçı 05 fevral 2003cü il tarixdən mənzilin yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdadır. Nümunəvi müqavilədən görünür ki, Dövlət Neft Şirkəti ilə iddiaçı arasında mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin əmrindən görünür ki, iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. Razılıq ərizələrindən görünür ki, yaşayış yeri üzrə mənzildə qeydiyyatda olan şəxslər mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdir. Dövlət Neft Şirkətinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binası Dövlət Nerft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Mənzil Kommunal Təsərrüfatı Departametnin məktubundan da görünür ki, həmin bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrufatı Birliyinin balansındadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zəruridir ki, iddiaçı da əmr və kirayə müqaviləsinə istinad etməklə mənzilə mülkiyyət hüqunun dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda adıçəkilən Qanunun 8.0.11-ci maddəsindən isə görünür ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi adlanan hüquqmüəyyənedici sənədlərdən ən azından biri hüququn dövlət qeydiyyatı üçün əsasdır. Dövlət Neft Şirkəti tərəfindən verilmiş əmr, eləcə də nümunəvi müqavilə isə yuxarıda adıçəkilən sənədlərdən biri hesab edilmir. Belə ki, maddənin konkret tələbindən göründüyü kimi hər hansı inzibati akt, order və ya kirayə müqaviləsi yox, məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş inzibati akt, order və ya kirayə müqaviləsi hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 113 nömrəli 10 avqust 2004-cü il tarixli Fərmanının 4.2.8-ci yarımbəndinə görə isə 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi yalnız yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya kirayə müqaviləsi mövcud olduğu halda mülkiyyət hüququnun dövlət qeydiyyatı mümkündür. İddiaçının təqdim etdiyi əmr isə yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş inzibati akt hesab edilmir və əmr əasında bağlanılan kirayə müqaviləsi də balanssaxlayıcı Mənzil Kommunal Təsərrüfat Departamentinin iradə ifadəsini əks etdirmir. Odur ki, iddiaçı həmin mənzilə dair ilkin olaraq Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət edərək kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsinə nail olmalı, bundan sonra isə hüququn dövlət qeydiyyatına alınması üçün məhkəməyə müraciət etməlidir ki, iddiaçı həmin prosedur keçilmədən birbaşa olaraq əvvəlki balanssaxlayıcı arasında müqavilə və əmrə istinad edərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçıya mənzillə bağlı kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbulu ilə əlaqədar balanssaxlayıcı Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət etmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3946/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3946/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver