Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3947/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan bağ sahəsinin bir hissəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin və həmin fərdi yaşayış sahəsi ilə birlikdə qanuni istifadəsində olan torpaq sahəsinə (mühafizə zolağına düşən hissə istisna olmaqla) dair adına qeydiyyatın aparılmaqla vahid şəkildə mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan bağ sahəsinin bir hissəsi olan 0,0625 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Eyni zamanda, ünvan bağ sahəsinin digər bir hissəsi olan 0,0625 ha torpaq sahəsi də xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahələrinə dair cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin planı və ölçüləri tərtib edilmişdir. Adıçəkilən torpaq sahələrinin üzərində tərəfindən 3 mərtəbəli fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur. Həmin evin ilk növbədə layihəsi tərtib olunmuş və sonra da inşasına başlanmışdır. Qeyd edir ki, tikinti işləri mövcud olan şəhərsalma və tikinti normalarına uyğun şəkildə həyata keçirilmişdir. İnşa işləri yekunlaşdıqdan sonra tərəfindən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan məktubla müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı mülkiyyətində olan ünvan bağ sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasılarını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi xx.xx.2021-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan bağ evinin bir hissəsi (torpaq sahəsinin sərhədindən 13 metr aralıda) yüksək gərginlikli elektrik xəttinin, ümumi bağ sahəsinin digər hissəsi isə Xəzər dənizinin mühafizə zonalarında yerləşir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, bağ evinin hər üç mərtəbəsində aşırım məsafəsi 6 metrdən çoxdur. Qeyd olunanlarla yanaşı hasar daxilində olan torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətində olan sahədən artıqdır və həmin əlavə sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********27 nömrəli cavab məktubları ünvanlanmışdır. “Elektrik şəbəkələrinin mühafizəsi” qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunun surəti; - ******* nömrəli, xx.xx.2014-cü il tarixli və ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların surəti; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə müraciətinə dair qəbz; - CEG-22/150 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Faktiki torpaq sahəsinin şimal istiqamətində yerləşən sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşir. Həmçinin, göstərilən torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməkdədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla ünvan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli 17158 nömrəli Müqaviləyə əsasən Türkan qəsəbəsində yerləşən 954 nömrəli ümumi sahəsi 0.25 ha olan bağ sahəsi X1 icarəsinə verilmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən sahəsi 0.25 ha olan 954 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Alqı-Satqı Müqaviləsindən görünür ki, X2 ona məxsus ünvan bağ sahəsində yerləşən 0.0625 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 954 saylı bağ sahəsinin bir hissəsi (0.0625 ha) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin Alqı-Satqı Müqaviləsindən görünür ki, X2 ona məxsus ünvan bağ sahəsində yerləşən 0.0625 ha torpaq sahəsini X5 mülkiyyətinə vermişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 954 saylı bağ sahəsinin bir hissəsi (0.0625 ha) X5 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X7 ona məxsus ünvan bağ sahəsində yerləşən 0.0625 ha torpaq sahəsini İddiaçı satmşdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 954 saylı bağ sahəsinin bir hissəsi (0.0625 ha) İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtina dəlillərinə (etiraz ərizəsinə) münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsinin şimal istiqamətində yerləşən sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında və göstərilən torpaq sahəsinin bir hissəsi isə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etiraz məktubunda isə qeyd edilmişdir ki, bağ evinin bir hissəsi (torpaq sahəsinin sərhədindən 13 metr aralıda) yüksək gərginlikli elektrik xəttinin, ümumi bağ sahəsinin digər hissəsi isə Xəzər dənizinin mühafizə zonalarında yerləşir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş hər iki sənəd (imtina və etiraz məktubları) məzmun baxımından fərqli olmuş və bir-biri ilə ziddiyyət təşkil edir. Həmçinin, iddiaçı məhkəmə icraatının gedişində iddia tələbini dəqiqləşdirərək mülkiyyət hüquqları ilə ona məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair (ünvan bağ sahəsidə) mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Belə ki, iddiaçının tələbi icarəsində olan torpaq sahəsinin deyil, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlıdır. “Ümumi bağ sahəsinin digər hissəsi isə Xəzər dənizinin mühafizə zonalarında yerləşir” imtina dəlili ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh bağ sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşdiyini bildirsə də, bağ sahəsinin hansı hissəsinin və dənizdən hansı məsafədə yerləşməsi barədə məhkəməyə heç bir sənəd (sübut) təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, həmin bağ sahəsinə (954 saylı bağ) dair mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və xx.xx.2022-ci il tarixli GEG 22/150 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağının altında olan torpaq sahələrinə aid olub-olmadığı barədə ölçmə işləri aparılmış ünvan ünvanda yerləşən fərdi yaşayış evi Xəzər dənizindən 81.62 metr aralıqda yerləşdiyinə dair əsaslandırılmış rəy tərtib edilmişdir. Tərtib edilmiş rəyə əsasən həyətdə inşa edilmiş “söhbətgah” (besetka) tipli tikilidən Xəzər dənizinə qədər olan məsafə 60 metr təşkil etdiyi və Xəzər dənizinin mühafizə zolağının 20-50 metr təşkil etdiyini nəzərə alaraq bildirilmişdir ki, fərdi yaşayış evi Xəzər dənizinin mühafizə zolağı xaricində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: (1) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu .. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. (2). Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. (2-1). Maddələrin tələblərinə görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri özgəninkiləşdirilə bilməz. Cavabdeh orqanın “bağ evinin bir hissəsi (torpaq sahəsinin sərhədindən 13 metr aralıda) yüksək gərginlikli elektrik xəttinin mühafizə zolagına düşdüyü” imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərişıq” ASC tərəfindən 08 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan ünvanda yerləşən fərdi yaşayış evi 35 KV-luq elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi, fərdi yaşayış evinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi və qeydiyyata alınmasına etiraz edilmədiyi qeyd edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli GEG 22/150 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə elektrik xətlərinin mühafizə zonaları təşkil edilmişdir. Həmin qərar əsasən 35 KV-luq xətlərinin mühafizə zonası 15 metr təşkil edir. FYE-dən xəttə qədər olan məsafə 12 metr təşkil edir və bir hissəsi elekrtik xəttinin mühafizə zolağına düşür, lakin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin (35 kvt) mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin imtina dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndlərinə görə, torpaq sahəsinin müəyyən hissəsinin (hazırkı halda 145,0 kv.m hissəsinin) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Başqa sözlə, cavabdeh həmin hala istinad etməklə qeydiyyatdan imtina olunmasında haqlı sayıla bilməz. Belə ki, istinad olunan həmin qaydalara görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin, məhkəmə tərəfindən cavabdeh inzibati orqana ünvan bağ sahəsinin və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə dair bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, həmin ərazinin qonşuluğunda yerləşən bağ sahələri və fərdi yaşayış evləri digər fiziki şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmış və idarə tərəfindən qeyd edilən şəxslərin adlarına çıxarış təqdim edilmişdir. (**********90-11301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 954 F ünvanında yerləşən 755.5 kv.m olan bağ evi X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır). Belə ki, cavabdeh orqan eyni ərazidə və qonşu torpaq sahəsində yerləşən bağ evinə diğər şəxsin hüquqlarını tanıdığı halda, iddiaçının müraciətinin icra edilməməsi üçün qeyd etdiyi imtina və etiraz səbəbləri əsaslı və qanuni olmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin şərtlərini kobud şəkildə pozmuşdur. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və Məhkəmə qarşısında bərabərdir. Göründüyü kimi cavabdehin iddiaçıya münasibətdə cavabı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik prinsipinə də zidd olmuşdur. Digər dəlil olaraq cavabdeh göstərmişdir ki, “hasar daxilində olan torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətində olan sahədən artıqdır və həmin əlavə sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir.” Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək yalnız fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir, yəni torpağa dair hər hansı hüquqların qeydiyyatı tələbi olmadığından cavabdeh orqanın qeyd edilən imtina dəlillərinə münasibət bildirmək zərurəti qalmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, maddənin tələblərinə görə məhz bəyan olunan hüquqlarla ziddiyətlərin, imtinanın və ya qeydiyyatın dayandırılması üçün əsasların olub-olmamasının yoxlanılması cavabdeh qurumun vəzifə səlahiyyətlərinə aiddir. İddiaçı isə məhz bəyan edilən, yəni onun qanuni istifadəsində olan yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Hətta belə cavabdehin müəyyən etidiyi kimi, istifadəsində olan sahədən iddiaçı istifadə etsə də, onun həmin sahəyə dair heç bir iddiası olmadığından bu hal iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində inşa etdiyi yaşayış sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, maddi hüquq normalarının tələbləri baxımından («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən) yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Cavabdehin “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, bağ evinin hər üç mərtəbəsində aşırım məsafəsi 6 metrdən çoxdur” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inşa edilən tikilinin, tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olmasını müəyyən edib nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparmamışdır. Qanunvericiliyə görə, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan binanın tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Həmçinin, xx.xx.2022-ci il tarixli GEG 22/150 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası və Şəhərsalma və Tikinti Məcəlləsinə” eləcə də “Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına” uyğun olaraq inşa olunmuşdur. Fərdi yaşayış evinin mərtəbələrinin sayı 3 (üç,) binanın hündürlüyü “0” səviyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbəsinin örtüyünün alt hissəsinədək 10,8 metr aşırımların orta nöqtələri arasında məsafə 6(altı) metr təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. (-). Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə və istinad olunan maddi hüquq normalarına əsasən İddiaçı mülkiyyətində olan ünvan bağ sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan bağ sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan bağ sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev