Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-395/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 №li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində yanvar 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən 13.03.2020-ci il tarixində yanvar 2020 vergi hesabatı dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı 30.03.2020-ci il tarixli, **********297500 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla kameral vergi yoxlaması aparılmasının mümkün olmadığı bildirilmiş, müvafiq sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə fakturalar (e-VHF) nəzərə alınmamış və əvəzləşdirmələr aparılmamışdır. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 10 sentyabr 2020-ci il tarixli, **********748000saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında alınmış elektron qaimə fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 105665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yarandığı göstərilmişdir. Halbuki təqdim olunmuş bəyannamə üzrə bütün məlumatlar sənədlərə əsaslanır və zəruri sənədlər də vergi orqanına təqdim edilmişdir. 09.06.2020-ci il tarixində Bakı şəhəri LGBİ-yə məktubla müraciət edərək bildirmişir ki, 02.03.2020-ci il tarixdə onun tərəfindən 2020-ci il yanvar ayı üçün ƏDV vergi bəyannaməsi təqdim edilmişdir. Sistemdə xəta mövcud olduğundan vergi bəyannaməsi üzrə hesablanmalı olan vergi məbləği artıq yaranmışdır. Həmin gün dəqiqləşmiş vergi bəyannaməsini göndərmək mümkün olmadığından 03.03.2020-ci il tarixdə ƏDV vergi bəyannaməsinə dəqiqləşmə vermək mümkün olmuşdur. Buna baxmayaraq, 66.894,82 manat məbləğ təsdiqlənməmiş azalmada qalmışdır. Bununla əlaqədar vergi orqanına müraciət olunmuşdur. Ona cavab olaraq Vergi qanunvericiliyi əsasən 30 gün müddətində təsdiqlənməmiş azalmanın azaldılması nəzərdə tutulmuşdur. Lakin bu günə qədər təsdiqlənməmiş məbləğ hələ də onun şəxsi hesab vərəqəsində mövcuddur. 01.05.2020-ci ildə **********002000 nömrəli kameral hesablama barədə qərara əsasən 5.378,08 manat məbləğ kameral hesablanmışdır. Sonra 06.08.2020-ci il tarixində dəqiqləşmiş bəyannamə tərəflərindən vergi orqanına təqdim edilmişdir. Lakin yenə də vergi orqanı həmin təqdim etdiyi sənədləri nəzərə almamış və 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı çıxarmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətlərin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin 29.07.2021-ci il tarixli, **********521200 №li və 04.08.2021-ci il tarixli, **********899800 №li qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM- 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28.01.2021-ci il tarixli **********082900 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin halları ilə bağlı bildirirlər ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab- fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 105.665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 11.08.2020- ci il tarixli **********924100 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 16655,62 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 10.09.2020-ci il tarixli **********748000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfindən 06.08.2020-ci il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar 1535402,57 manat, müvafiq olaraq əlavə dəyər vergisi 276372,46 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 105665,45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019,78 manat bəyan edilmişdir. Qeyd olunan bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsinə iddiaçı tərəfindən bəyan edilmiş Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron- qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş 105665.45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019.78 manat məbləğ öz təsdiqini tapmamışdır. Yuxarıda da qeyd etdiyimiz kimi iddiaçıya həmin məbləğlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilsə də onun tərəfindən əvəzləşdirməyə əsas verən təsdiqedici hər hansı sənəd cavabdeh orqana təqdim edilməmişdir. Həmçinin iddia ərizəsi cavabdeh orqana daxil olduğu vaxtdan vergi ödəyicisinin bank hesablarına sorğular göndərilmiş ancaq banklar tərəfindən vergi ödəyicisinin bank məlumatları barədə çıxarışlar vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qoşmaların siyahısına diqqət yetirdikdə məlum olur ki, iddiaçı mübahisələndirdiyi qərarın qanunsuz və əsassız olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İşin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən qeyd olunan məbləği əvəzləşdirməyə əsas olan sənədlər mütləq məhkəməyə təqdim edilməlidir. Əvəzləşdirməyə əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə iddianın araşdırılması və mübahisələndirilən qərarın qanunsuz hesab edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Daha sonra cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim edilmiş 07.10.2021-ci il tarixli **********52700 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) Bakı şəhəri LGBİ-yə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.09.2020-ci il tarixli **********748000 saylı qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 29.07.2021-ci il tarixli **********521200 nömrəli və 04.08.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarların ləğv edilməsini xahiş etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaiməfakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 21.06.2021-ci il tarixli **********908100 nömrəli və 29.06.2021-ci il tarixli **********396400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə 29.07.2021-ci il tarixli **********521200 nömrəli və 04.08.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; İddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil Ərazi dairəsi, Sahil qəsəbəsi 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri X5 Departamenti tərəfindən verigi ödəyicisi kimi qeydə alınma barədə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 04.10.2017-ci il tarixdə (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli **********748000 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 259.716,84 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə vergi və ya sığorta haqqına görə 276.372,46 manat müəyyən edilmiş və kameral yoxlama nəticəsində 16.655,62 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlk **********002000, 20200501 №li qərar ləğv olunmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən aşağıdakı; Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli **********521200 №li qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində yanvar 2019-cu il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – -30209,87 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 22.134.65 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 52.344,52 manat vergi borcu (vergi borcu və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********827000, 20200316 №li qərar ləğv olunmuşdur. Qərarda bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat kimi aşağıdakılar qeyd olunmuşdur: - Sair: Təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ rəsmiləşdirilmiş son xromometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat azdır. Elektron qaimə fakturalar əvvəlki ödəniş məbləğləri faktura məbləğlərindən böyükdür. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 avqust 2021-ci il tarixli **********899800 №li qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində yanvar 2020-ci il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 260.159,02 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 265.087.29 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 4.928.27 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********748000, 20200911 №li qərar ləğv olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabddehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-395/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-395/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver