Məhkəmə qərarları › İş №2-1(112)-3950/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3950/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3950/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, əmək fəaliyyətinə 01 Sentyabr 1975-ci ildə 79 saylı şəhər Texniki peşə məktəbində başlamışdır. 15 iyul 1978-ci ildə texniki peşə məktəbini bitirmişdir. 20 İyul 1978-ci ildə Bakı Kondisioner zavoduna 3-cü dərəcə ilə tokar (tornaçı) peşəsinə qəbul olmuşdur. 15 Oktyabr 1979cu ildə əsgər getdiyinə görə işdən çıxmışdır. 18 yanvar 1982-ci ildən yenidən Bakı kondisioner zavoduna 3-cü dərəcə ilə tokar (tornaçı) peşəsinə işə qəbul olmuşdur. Bakı Metropoliteninə işə qəbul olunanadək müxtəlif idarələrdə müxtəlif işlərdə əmək fəaliyyətini davam etdirmişdir. 21 avqust 1997-ci ildən “Bakı Metropolitenində” 4-cü dərəcəli maşinist köməkçisi peşəsinə qəbul olmuşdur. 09 Yanvar 1998-ci ildən hal-hazırki dövrə kimi "xxxx" QSC-də “Elektrik Təchizatı” xidmətində təcili yardım qrupunda 5-ci dərəcə ilə elektrik montyoru peşəsində işləyir. İşlədiyi peşə zərərli iş şəraiti hesab olunur. Zərərli iş şəraitinə və gecə növbəsində işlədiyinə görə hər ay əmək haqqına əlavə olaraq pul ödənilir. Onun 26 iyul 2020-ci ildə 60 yaşı tamam olandan sonra ona güzəştlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiyəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Filialdan ona 27 Oktyabr 2021-ci il tarixli **********8 saylı məktubla pensiya təyin etməkdən imtina cavabı verilmişdir. İmtinaya səbəb olmuşdur ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusliə zərərli və ağır olan işlərdə, (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra orqanı tərəfindən təsdiq olunmuş siyahı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış məbləğ pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan peniya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahısı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin 21.5 yalnız gecə vaxtı tunellərdə və yeraltı qurğularda daim məşğul olan tunellər yarımbəndində - metropoliten müəssələrinn briqadirləri; drezinaların sürücüləri; -drenajçılar; -hidroqaldırıcıların maşinistləri; -zumf aqreqatlarının maşinistləri; -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; -geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər; -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrinin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur; Mərkəzi filiala təqdim etdiyi 25 iyul 1978-ci il tarixli ******* saylı əmək kitabçasında və “Bakı Metropoliteni" QSC-nin 19 Oktyabr 2021-ci il tarixli A/280 nömrəli arayışında 21.08.1997-08.01.1988-ci il arasında işlədiyi maşinist köməkçisi vəzifəsində, 09.01.1998-ci ildən bu günə kimi işlədiyi elektrik mantyoru vəsifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən siyahısının Nəqliyyat bölməsinin 21.5 bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik baxımından, mümkün hesab edilmir. Cavabdehin istinad etdiyi "xxxx" QSC-nin A/280 nömrəli arayışında təsdiq olunub ki, o, güzəştli şərtlərlə əmək şəraitində işləyir, zərərli iş şəraitinə görə 23 il 12 gün əmək stajı var. Güzəştli iş şəraitinə görə də hər ay əmək haqqına 12 % əlavə olaraq və gecə növbəsində işlədiyinə görə də, əmək haqqına əlavə pul ödənilir. Əgər onun işi güzəştli şərtlər katiqoriyasına aid deyilsə onda o, niyə əmək haqqına 12 % güzəştli şərtlə işlədiyinə görə və gecə növbəsində işlədiyinə görə əmək haqqı ödənilir. Metropolitenin yeraltı qurğularında 100-dən artıq vəzifə və peşə güzəştli şəraitlər peşə sahibləri işləyir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropoliten bölməsinin metropoliten bəndində (21.5) cəmi 10 adda vəzifə keçir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, onlar iddia ərizəsini aşağıda göstərdikləri səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. İddiaçının iddia ərizəsi və əmək kitabçasından göründüyü kimi, İddiaçı "xxxx" QSC-də 21.08.1997-08.01.1988-ci il tarixləri ərzində maşinist köməkçisi vəzifəsində, 09.01.1998-ci il tarixdən hal-hazıradək isə elektrik montyoru vəzifəsində işləyir. İşə götürən müssisə tərəfindən iddiaçıya verilmiş 19 oktyabr 2021-ci il tarixli arayışda onun zərərli iş şəraitində 23 il 12 gün stajının olması qeyd edilsə də, həmin peşələrin halhazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı peşələrə uyğun olması və həmin peşələrin kodları qeyd edilməmişdir. Bu da, qeyd edilən arayışın qanunsuz və əsassız olmasını subut edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52" rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.5-ci bəndində isə “Metropoliten” (Nazirlər Kabinetinin hal-hazırda qüvvədən düşən 320 saylı qərarında isə 23002000-Metropoliten) bəndində əsasən yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşxul olan fəhlələr yarımbəndində iddiaçının əmək kitabçasında qeyd edilən peşələrdən heç biri qeyd edilməmişdir. Beləliklə də, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 ay ərzində güzəştli iş stajı yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatndan imtina haqqında” 27 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 25.10.1979-14.11.1981-ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1975-15.07.19.78-ci il tarixlərdə təhsil almış, 20.07.1979-cu ildən, 15.10.1979-cu il tarixədək, 18.01.1981-ci il tarixdən 24.09.1982-ci il tarixədək, 20.10.1982-ci il tarixdən, 21.06.1983-cü il tarixədək, 16.07.1983-cü il tarixdən 02.01.1984-cü il tarixəədk, 15.02.1984-cü il tarixdən, 25.02.1986-cı il tarixədək, 09.04.1986-cı il tarixdən 13.01.1989-cu il tarixədək, 14.09.1989-cu il tarixdən 09.07.1990-cı il tarixədək, 12.07.1990-cı il tarixdən,24.02.1993-cü il tarixədə, 04.03.1993-cü il tarixdən 27.09.1993-cü il tarixədək, 03.01.1994-cü il tarixdən 09.07.1997-ci il tarixədək, 21.08.1997-ci il tarixdən 08.01.1998-ci il tarixədək, 09.01.1998-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş A/305 nömrəli, 16 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 21.08.1997-ci l tarixdən 08.01.1998-ci il tarixədək Bakı Metropoliteni Tunel Qurğuları Xidmətində maşinist köməkçisi peşəsində çalışmışdır (xüsusi zərəli iş şəraiti ilə). 09.01.1998-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Təcili texniki yardım qrupunda elektrik montyoru peşəsində işləmişdir (gecə növbəsi olan işdə 12 % zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixdən "xxxx" QSC-nin Elektrik təchizatı xidmətinin Təcili texniki yardım qrupunda 5-ci dərəcəli elektrik montyoru peşəsində işləyir (gecə növbəsi olan işdə 12 % zərərli iş şəraiti ilə). Zərərli iş şəraitində əmək stajı 23 il 12 gün (iyirmi üç il on iki gün) təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 27 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində metropoliten müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; -drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 25 iyul 1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin sizə dair 19 oktyabr 2021-ci il tarixli A/280 nömrəli arayışında sizin 21.08.1997-08.01.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Tunel qurğuları xidmətində maşinist köməkçisi vəzifəsində, 09.01.1998-ci il tarixindən bugünədək isə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından, mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən 40N-10/3-374 nömrəli, 30.03.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 21.08.1997-ci il tarixindən 08.01.1998-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində motovoz maşinistinin köməkçisi peşəsində çalışmışdır (xüsusi zərərli iş şəraiti ilə). 09.01.1998-ci il tarixindən 18.07.2014-cü il tarixədək Bakı Metropoliteninin Elektrik təchizatı xidmətinin Təcili texniki yardım qrupunda elektrik montyoru peşəsində işləmişdir (gecə növbəsi olan işdə 12% zərərli iş şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektrik təchizatı xidmətinin Təcili texniki yardım qrupunda 5-ci dərəcəli elektrik montyoru peşəsində işləyir (gecə növbəsi olan işdə 12% zərərli iş şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 04 ay 18 gün (dörd ay on səkkiz gün), zərərli əmək şəraitində əmək stajı 24 il 02 ay 21 gün (iyirmi dörd il iki ay iyirmi bir gün) (28.03.2022-ci il tarixinə) təşkil edir. İddiaçı çalışdığı elektrik montyoru peşəsi üzrə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 23.01.2007-ci il tarixli 12 saylı qərarın, nə də qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bəndlərində əksini tapmadığından güzəştli şərtlərə görə pensiya hüququ yaranmamışdır. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik şəxsə güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsini 3 şərtlə şərtləndirmişdir: 1. Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatması, 2. Tələb olunan ümumi və xüsusi iş stajının toplanması, 3. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qanunvericiliyin yuxarıda göstərilən şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş 60 yaş həddinə 26.07.2020-ci il tarixdə çatmışdır. Lakin, o, qanunvericiliklə tələb olunan 12 il 6 aydan çox xüsusi iş stajına malik olmamışdır. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı çalışdığı elektrik montyoru peşəsi üzrə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında 23.01.2007-ci il tarixli 12 saylı qərarın, nə də qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bəndlərində əksini tapmadığından güzəştli şərtlərlə görə pensiya hüququ yaranmamışdır. Beləliklə, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 2-ci tələb - xüsusi iş stajının toplanmamışdır. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququna malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar