Məhkəmə qərarları › İş №2-1(112)-3957/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3957/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3957/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı Bakı şəhəri, Nəsim irayonu, 4-cü mkr, Cavadxan küçəsi, 23 A nömrəli evin, 35 nömrəli mənzilinin xidməti mənzillər siyahısından çıxarılmasına və İddiaçı ilə bu mənzilə daimi kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-ci il mayın 17-dən 1980-ci il mayın 04-dək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 1983-cü il oktyabrın 14-dən 1992ci il aprelin 02-dək Sovet Ordusunda gizir, bundan sonra isə 2009-cu il aprelin 11 -dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mayor rütbəsilə zabit hərbi xidmətini keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat ona 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı 33 nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan, onun müraciəti ilə Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş xx.xx.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq təhvil vermək şərtilə, ona ailəsi ilə birlikdə 35 nömrəli iki otaqlı mənzili vermişdir. O, 33 nömrəli mənzili boşaldıb, 35 nömrəli mənzilə ailəsi ilə birlikdə köçmüşdür. İcra Hakimiyyəti başçısının sərəncamında “xidməti” sözü olmadığı halda, ona səhvən xidməti order verilmişdir. Yaşadığı mənzil və bina Müdafiə Nazirinin müvafiq əmrində nəzərdə tutulmuş açıq şəhərcik hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsini xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydalarının” 43-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qaydalar ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatətilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə edilmiş müraciətə cavabda onun yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasına etiraz edilməmişdir. Odur ki, həmin mənzilə dair qanunla müəyyən edilmiş qaydada onunla daimi kirayə müqaviləsi bağlanması barədə Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə müraciət etmişdir. Bu İdarə müvafiq qərar qəbul etdikdən sonra sənədləri toplayaraq Cavabdeh1nə müvafiq sərəncam qəbul edilməsi üçün göndərmişdir. Çünki, daimi yaşayış təyinatı ilə verilmiş mənzil təhvil verildikdən sonra ona xidməti istifadə üçün deyil, daimi yaşayış üçün hazırda yaşadığı mənzil verilmişdir. Digər tərəfdən, hərbi xidmətdən ehtiyata buraxılmış, pensiyaya çıxmış hərbiçilərin yaşadığı mənzillər daimi yaşayış üçün verilmiş mənzil sayılır. Eyni zamanda müdafiə nazirinin müvafiq əmrinə əsasən, yaşadığı mənzil açıq şəhərcikdə yerləşdiyinə görə bu mənzillərə dair daimi kirayə müqaviləsinin bağlanması qanunla nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 yaşadığı mənzilə dair sənədləri geri qaytararaq mənzilin yerləşdiyi ərazi aidiyyəti üzrə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edilməsini tövsiyyə etmişdir. Halbuki, bu mənzildə yaşaması üçün əsas olmuş orderi Cavabdeh1 vermişdir. Bundan əlavə, Müdafıyə Nazirliyinin Mənzil- İstismar İdarəsi (Baş İdarəsi) Yasamal rayonunun ərazisində yerləşdiyi üçün tələb edilən sərəncamı Cavabdeh1 verməlidir. Eyni zamanda, Ədliyyə Nazirliyinin 2021-ci il 08 iyul tarixli xx/xx-1591/3 nömrəli məktubudan görünür ki, hərbi qulluqçulara verilmiş mənzillərin xidməti mənzillər siyahısından çıxarılması haqqında Cavabdeh1 başçısının sərəncamlarında müxtəlif ərazi inzibati vahidlərində yerləşən mənzillərə dair daimi icarə müqaviləsinin bağlanması barədə tapşırıq vardır. Bu səbəbdən, yaşadığı mənzilə dair orderin və sərəncamın surətini əlavə edərək Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin 35 nömrəli yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması və onunla daimi kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi barədə Cavabdeh1nə 2022-ci il sentyabrın 21-də müraciət etmişdir. Sentyabrın 23-də Cavabdeh1 Başçısının aparatı onun ərizəsini qəbul etməsinə baxmayaraq ona cavab verməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cavadxan küçəsi, ev 23 A ünvanında yerləşən 35 nömrəli mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1nə həvalə edilməsi, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin cavabdehlər sırasından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, ünvan 1 ünvanına dair hər hansı bir məlumat Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. ünvan 2 ünvanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin balansındadır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyiinn Mənzil-İstismar İdarəsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət etməsi tövsiyə olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ərizə və poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh1 başçısının 003849 nömrəli xidməti orderin surətinədn görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı 29.47 kv.m ölçüdə mənzilə dair İddiaçı adına 4 nəfər ailə tərkibi (özü, arvadı və iki qızı) xidməti order verilmişdir. Xidməti orderin verilməsi üçün əsas Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli 1408 nömrəli sərəncamı göstərilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli 1408 saylı “Cavabdeh2 təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçuların mənzillərinə order verilməsi haqqında” sərəncamının surətindən görünür ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi qaydaları”nın 3cü maddəsinin 2-ci bəndinə və 48-ci maddəsinə əsaslanaraq, Cavabdeh2 xx.xx.1998-ci il traixli, 1882 saylı məktubu ilə təqdim olunan siyahıda adları göstərilən 14 (on dörd) nəfər hərbi qulluqçunun mənzilinə order verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfinədn xx.xx.2019-cu il tarixli, S-631 nömrəli məktubu ilə Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 1408 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin adlı siyahıda iddiaçının adı və ayrılmış mənzil 8-ci sırada qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən Cavabdeh2nə təqdim emtək üçün verilmiş xx.xx.2019-cu il tarixli, 248 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü istefada olan mayor İddiaçıXasay oğlu həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək Sovet Ordusunda gizir kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2009-cu il tarixli 0129 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın suətindən görünür ki, İddiaçı 05 sentyabr 2009-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa xx.xx.1959-cu il təvəllüdlü X1 qeydiyyatdadır. İşdə olanAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azəraycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, eytiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikaıs Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid eidlməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma şəklində mənzillərin siyahısı əlavə edilmişdir. Həmin xidməti mənzillərin siyahısında iddiaçıya ayrılmış mənzil 2-ci sırada qeyd edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin iddiaya qarşı münasibətində göstərilən dəlilləri əsassız olmuşdur. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982- ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki ailəsi ilə birlikdə yaşadığından, ona mənzilə köçmək üçün order məhz Bakı şəhəri Cavabdeh1 tərəfindən verildiyindən, hazırda həmin mənzil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xidməti mənzillər siyahısından çıxarıldığından, o, mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut edilmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cavadxan küçəsi, ev 23 A ünvanında yerləşən 35 nömrəli mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Cavabdeh1nə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar