Məhkəmə qərarları › İş №2-1(112)-396/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-396/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-396/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Çöl-Şüvəlan qəsəbəsinin ərazisində sahəsi 0,12 ha olan 152 “b" saylı bağ sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə aralarında bağlanmış 26 dekabr 2005-ci il tarixli 36836 №-li müqaviləyə əsasən Bakı şəhəri Çöl-Şüvəlan qəsəbəsinin ərazisində sahəsi 0,12 ha olan 152 “b” saylı bağ sahəsi ona verilmiş, həmin vaxtdan hazırkı dövrədək torpaq sahəsi onun istifadəsindədir. Adı çəkilən bağ sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu adı çəkilən bağ sahəsinin 152 “q” saylı bağ sahəsi ilə üst-üstə düşməsi və bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsası ilə bağ sahəsini hüquqi qeydiyyata almaqdan imtina etmişdir. Qeyd etdiyi kimi, adı çəkilən bağ sahəsi 2005-ci ildən onun istifadəsindədir, ona qarşı heç kim etiraz etməmişdir və iddiaçı orada müəyyən işlər görmüş, ərazini hasara almışdır. Adı çəkilən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilk dəfə 2016-cı ildə, ikinci dəfə 2021-ci ildə cavabdehə müraciət etmiş, sonuncu qeyd olunan bağ sahəsinin ərazisində hüquqları qeydiyyata almaqdan yuxarıda qeyd olunan əsasla əsassız olaraq imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur, hüquqlarının pozulması deməkdir. Ona görə də Bakı şəhəri Çöl-Şüvəlan qəsəbəsinin ərazisində sahəsi 0,12 ha olan 152 “b” saylı bağ sahəsinin üzərində hüquqları dövlət qeydiyyatına alınmalı və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi “152q” saylı bağın ərazisinə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2016-cı il tarixli, **********78 saylı cavab məktubu ünvanlanmışdır.“Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 152b saylı bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən nümayəndəsi cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********16 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin X7 sahəsindəki 190 nömrəli kooperativin adına verilmiş 127 nömrəli orderinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli qərarına əsasən X4 X7 sahəsində 190 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 152b nömrəli bağ ayrılmışdır. - X3 Bağlar İdarəsinə ünvanladığı ərizənin məzmununda çöl Şüvəlan sahəsində 190№li kooperativin nəzdində 152b nömrəli bağ sahəsnin olduğu, həmin bağın İddiaçı adına keçirilməsinə etirazının olmadığı qeyd edilmişdir. - İddiaçı Bağlar İdarəsinə ünvanladığı ərizənin məzmununda qeyd olunmuşdur ki, çöl Şüvəlan sahəsində 190№li kooperativin nəzdində 152b nömrəli bağın icarədarı X3 ailə üzvlərinin razılığı ilə həmin bağ sahəsinin onun adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatını inkişaf və istismarı Birliyi ilə Çöl Şüvəlan ərazisindəki 152b nömrəli bağın istifadəyə verilməsi haqqında 36836 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 34/4 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Çöl Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 152b nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 7-5554/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2005-ci ilə dair sərəncamlar kitablarında mövcud olan xx.xx.2005-ci il tarixli, 344 nömrəli Sərəncamda qeyd olunmuşdur ki, X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 106 №-li Protokolu təsdiq edilsin. 1. Bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin: 1.282. Ç.Şüvəllandakı 152b №-li bağ/BTK-190/- İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 7-4910/17 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamına əsasən bağ sahələrinin ayrılması, bölünməsi, ada keçirilməsi və dəyişdirilməsinə dair bağ məsələləri komissiyasının yığıncağının 18 fevral 1994-cü il tarixli 56 nömrəli protokoluna əsasən 127-ci sırada X4 Çöl Şüvəlan BTK № 190 tərəfindən bağ sahəsinin ayrılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********35 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi 152 q saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat, eləcə də bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan bağ torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır, tikili yoxdur. Həmin iddia olunan bağ torpaq sahəsinin koordinatları X 0 – 428781.8854, 1 – 428794.7971, 2 – 428826.7730, 3 – 428814.4648, Y 0 – 4479531.8324, 1– 4479559.3715, 2 – 4479542.3159, 3 – 4479515.3742. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 152q saylı bağın ərazisidir. Elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələri 149 və 151 saylı bağ nömrələridir. İddia olunan və naturada göstərilən sahə boş olduğuna görə kim tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubunda qeyd olunmuşdur ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, bağın koordinatlarını təyin etmək mümkün olmadı. İddia olunan torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, üzərində tikili mövcud deyil. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Belə ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 152q saylı bağın ərazisidir. Həmin iddia olunan bağ torpaq sahəsinin koordinatları və cizgisi göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli, **********78 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivi ünvanında yerləşən 152b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2016-cı il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi 152 q saylı bağın ərazisinə düşür. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********82 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizə **********78 nömrəli, xx.xx.2016-cı il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli qərarına əsasən X7 sahəsində 190 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 152b nömrəli bağ sahəsi ilkin olaraq X4 ayrılmış, daha sonra X3 razılığı nəzərə alınaraq 152b nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 34/4 saylı sərəncamına əsasən İddiaçı adına keçirilmiş, İddiaçı ilə Bağlar Təsərrüfatını inkişaf və istismarı Birliyi arasında Şüvəlan ərazisindəki 152b nömrəli bağın istifadəyə verilməsi haqqında 36836 saylı xx.xx.2005-ci il tarixli icarə müqaviləsi bağlanmışdır . Beləliklə, adıçəkilən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park–Bağ Təsərrüfatının inkişafı Departamenti X2 və istismar Birliyi ilə iddiaçı arasında bağlanmış 36836 saylı xx.xx.2005-ci il tarixli bağın istifadəyə verilməsi barədə müqavilə Bakı şəhəri, Çöl-Şüvəlan qəsəbəsinin ərazisində sahəsi 0,12 ha olan 152 “b" saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin imtina dəlili bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, göstərilən bağ sahəsinin 152 q saylı bağın ərazisinə düşməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin qeyd edilən imtina dəlili iddiaçının iddia olunan 152b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas vermir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Yuxarıda sadalanan cavabdeh orqanın öz arxivindən təqdim etdiyi arxiv sənədlərindən görünür ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Çöl-Şüvəlan qəsəbəsinin ərazisində sahəsi 0,12 ha olan 152 “b" saylı bağ sahəsinə dair torpaqayırma sənədləri mövcuddur, ləğv edilməmiş, etibarsız hesab edilməmiş, qüvvədədir. Təqdim edilmiş arxiv sənədlərində isə 152 q saylı bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi sxematik xəritə mühəndislər tərəfindən tərtib edilən müvafiq qaydada təsdiq edilməmiş sxem olmaqla hüquqmüəyyənedici sənəd hesab olunmur, koordinatları və coğrafi istinad məlumatları olmadan tərtib edilmiş yardımçı vasitə kimi çıxış edir. Cavabdeh iddia olunan bağ sahəsinin yardımçı vasitə olan sxematik xəritəyə əsasən 152q saylı bağ olduğunu, həmin torpaq sahəsinin yerləşmə koordinatlarını məhkəməyə təqdim etdiyi halda, məhkəmə sorğusuna cavabda 152b nömrəli bağ sahəsinin naturada yerləşmə kordinatlarını təqdim etməmişdir. Eyni zamanda iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 152 q saylı bağ sahəsinin ərazisinə uyğun gəlidiyi halda 152 b nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşmə vəziyyətinə uyğun olaraq naturada 152 q saylı bağ sahəsindən hansı məsafədə yerləşdiyi və həmin bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınıb-alınmaması, faktiki istifadədə olub-olmamasına dair məhkəmənin sorğusuna cavab verməmişdir. İnzibati orqan 152b saylı bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, bağın koordinatlarını təyin etməyin mümkün olmadığını bildirsə də sxematik xəritədə kiril qrafikasında 152 г saylı bağ sahəsinin, eləcə də 2 ədəd 152 B nömrəli bağ sahələrinin olduğu görünür. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Məhkəmə cavabdeh inzibati orqanın bağlar idarəsinə aid sənədlərin arxiv saxlayıcısı olmaqla bağ torpaq sahələrinin sxematik xəritədə yerləşmə vəziyyətlərinə dair elektron məlumat bazasına da sahib olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh 152 q saylı bağ sahəsinə dair hüququmüəyyənedici sənədə sahib olmadığı halda onun sxematik xəritədəki yerləşmə vəziyyətinə uyğun olaraq koordinatlarını təqdim edə bildiyi halda, 152b nömrəli bağ sahəsinə dair arxiv sənədlərinə sahib olduğu halda həmin bağ sahəsinin sxematik xəritədəki vəziyyətinə uyğun olaraq naturada yerləşmə koordinatlarını təqdim edə bilməməsi ağlabatan və əsaslı deyildir. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Çöl-Şüvəlan bağ massivində 0,12 ha ölçüdə 152b saylı bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Çöl-Şüvəlan bağ massivində 0,12 ha ölçüdə 152b saylı bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar