Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-396/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı pul tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia qaldıraraq Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsinin mövcud bazar dəyərinin və torpaq sahəsinin üzərində aparılmış tikinti işlərinə sərf edilən vəsaitin (cəmi: 20580 manat (18000+2580)) Binəqədi rayon Xocəsən qəsəbə bələdiyyəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiymətinin - 24000 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə torpaq sahəsi almaq üçün 2005-ci ildə Bakı ş. Binəqədi rayon Xocəsən qəsəbə bələdiyyəsinə müraciət etmişdir. Müraciətinə əsasən Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə iddiaçıya alqı-satqı yolu ilə qəsəbə ərazisində 600 kvm torpaq sahəsi ayrılmışdır.Həmin qərara uyğun olaraq iddiaçı tərəfindən Xocəsən qəsəbə bələdiyyəsinin bank hesabına 2.400.000 (AZM) vəsait ödənilmişdir.Xocəsən qəsəbə bələdiyyəsinin qərarına əsasən Binəqədi rayon Xocəsən qəsəbə ərazisində olan və iddiaçıya verilən torpaq sahəsinin ölçüsü və ünvanı qeyd edilməklə cizgisi Binəqədə rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmışdır.Ayrılan torpaq sahəsinin yeri iddiaçıya göstərildikdən sonra, iddiaçı tərəfindən həmin torpaq sahəsinə mişar daşı gətirilərək sahənin ölçülərinə uyğun olaraq dörd tərəfdən hasar inşa edilmişdir. Lakin maddi vəziyyətində çətinliklər olduğundan İddiaçı tikinti işlərini dayandırmağa məcbur olmuşdur. Lakin mütəmadi olaraq torpaq sahəsinə getməklə yanaşı orada olan qonşularla əlaqə saxlamışdır. 2013-cü ilin yaz aylarında qonşular iddiaçıya zəng edərək iddiaçının torpaq sahəsində ev inşa edildiyini bildirmişlər. İddiaçı əraziyə gəldikdən sonra evi inşa edən şəxslə görüşmüş və qeyd edilən şəxs həmin torpaq sahəsinə dair sənədlərinin olduğunu ona bildirmişdir. İddiaçı əlacsız qalaraq Xocəsən qəsəbə bələdiyyəsinə bu hadisə ilə bağğlı müraciət etmişdir. Bələdiyyə sədri sənədlərlə tanış olduqdan sonra bələdiyyədə işləyən memara məsələnin araşdırmasını tapşırmışdır. Araşdırmadan sonra cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən ona bildirildi ki,iddiaçıya ayrılan torpaq sahəsi səhv verilmişdir. Yəni torpaq sahəsinin başqa bir ünvanda yerləşdiyi müəyyən edilmişdir. Nəticədə iddiaçıya başqa bir sahə göstərilmişdir. Həmin əraziyə iddiaçı tərəfindən 2000 ədəd mişar daşı gətirilmişdir. İddiaçı 2022-ci ildə həmin ərazidə hasar tikmək istəsə də məlum olmuşdur ki, bu sahə də başqa şəxsə məxsusdur.Torpaq sahəsinin iddiaçıya ayrılmasını dəqiqləşdirmək üçün iddiaçı Milli Arxiv İdarəsinə müraciət etmişdir. Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-01137- 2020 saylı cavab məktubu ilə Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarının və torpağa dair cizginin arxivdə mövcud olduğu təsdiq edilmişdir.Göründüyi kimi bələdiyyə tərəfindən iddiaçıya satılan torpaq sahəsi bələdiyyə orqanının təqsirindən başqa şəxsə də satıldığı üçün, iddiaçıya məxsus torpaq səhəsində evin tikilməsi mümkün olmamışdır. Məlumat üçün bildirir ki, hal-hazırda həmin ərazidə torpaq sahəsinin qiyməti 100 m2 X 3000 3 (üç) min manat təşkil edir. Yəni 600 kvm torpaq sahəsinin bazar qiyməti 18000 (on səkkiz min) manat təşkil edir. Bundan başqa torpaq sahələrində aparılan təmizləmə və tikinti (hasarlama) işlərinə İddiaçı tərəfindən (hal-hazırkı qiymətlərlə mişar daşı 4000 ədəd X 0.45=1800 manat, bir maşın qum 200 manat, 40 (qırx) kisə sement X 7 manat=280 manat və hasar hörgüsü işinə 300 manat, yəni cəmi 2580 (iki min beş yüz səksən) vəsait sərf edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İnzibati məhkəmə işində olan: Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 21/24 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv metr torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı barədə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə aid kassa mədaxil orderinin qəbzinə əsasən xx.xx.2005-ci ildə İddiaçı torpaq haqqı kimi ******* AZM məbləğini cavabdehə ödəmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən araşdırma nəticəsində Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə iddiaçının adına ayrılmış torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyi müəyyən edilmişdir.Lakin hal-hazırda Xocəsən bələdiyyəsinin balansında boş torpaq sahəsi olmadığından qeyd olunan qərarla iddiaçının adına ayrılmış torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəzləşdirilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2314/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən qiymətləndirilən obyektin (Bakı şəhəri.ş Xocəsən bələdiyyəsiin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə ayrılan torpaq sahəsinin) xx.xx.2024-cü il tarixlə olan bazar dəyəri 24000 manat təşkil edir. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə ünvanlanmış (xx.xx.2023-cü il tarixdə təqdim edilmiş) müraciətinə əsasən iddiaçı Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinin mövcud bazar dəyərinin və torpaq sahəsinin üzərində aparılmış tikinti işlərinə sərf edilən vəsaitin ödənilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən vətəndaş İddiaçı bələdiyyənin inzibati ərazisinin digər sahəsində torpaq sahəsi təqdim edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda vətəndaş İddiaçı bələdiyyənin inzibati ərazisinin digər sahəsində torpaq sahəsi təqdim edilməsinə dair göstərilənlərlə əlaqədar həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin (yerquruluşu planı - ərazinin bütün vəziyyətini şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritən, həmin torpaq sahəsinin sərhədləri yerdə (naturada ) və xəritədə müəyyən edilməklə) təqdim edilməsi barədə məhkəmənin xx.xx.2025-ci il tarixli məktubuna cavabında cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi bildirmişdir ki, vətəndaş İddiaçı bələdiyyənin inzibati ərazisində digər torpağın təqdim edilməsi məhkəmənin torpaq sahəsinin əvəzlənməsinə dair qərarı qəbul edildikdən sonra həyata keçirilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə, İddiaçı aşağıdakılara görə iddia tələbində haqlı hesab edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda göstərilir: 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:..3.0.3. torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;.. 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulan ziyanın ödənilməsi Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə alqı-satqı yolu ilə qəsəbə ərazisində 600 kv metr torpaq sahəsi ayrılmışdır.İddiaçı qeyd edilən torpaq sahəsinə görə cavabdehə 2.400.000 (AZM) – 480 AZN vəsait ödəmişdir. İddiaçının 600 kv metr torpaq sahəsinin pulunu ödəməsinə baxmayaraq torpaq sahəsi cavabdehin təqsirindən onun sərəncamında və mülkiyyətində deyildir, belə ki, iddiaçıya satılmış torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxsə verilmişdir.Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində satın aldığı torpaq sahəsindən məhrum olduğuna – zərərə məruz qaldığına görə həmin torpaq sahəsinin dəyəri cavabdeh tərəfindən ona ödənilməlidir. Hal-hazırda ixtisaslaşdırılmış qiymətləndirici təşkilat tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin bazar qiyməti - 24000 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (iddiaçıya ayrılmış torpaq sahəsinin başqa şəxslərə verilməsi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır və cavabdeh həmin hərəkətin nəticələrinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiyməti - 24000 manat məbləği cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən tutularaq İddiaçı ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyini vermiş "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktbuna əsasən iddiaçı mütəxəssis rəyinin verilməsi üçün 500 manat məbləğini xidmət haqqı qismində həmin cəmiyyətə ödəmişdir, odur ki, 500 manat məbləği (məhkəmə xərci) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiyməti - 24000 manat məbləği cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən 500 manat məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova