Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3960/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınması barədə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.02.2022-ci il tarixli qərardadı ilə X4, X1, X2, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir-neçə ildir ki, qeydiyyata alınmasını xahiş etdikləri yaşayış sahəsində yaşayırlar. İddiaçılar ilə yanaşı onların ailə üzvləri fərdi yaşayış evində qeydiyyatdadırla. İddiaçılar fərdi yaşayış evinə qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh onların müraciətinin təmin edilməsindən imitna etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. 5-ci maddəsinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) şəxsin yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. 8-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir. İmtinanın məzmunundan isə görünür ki, cavabdeh həmin imtina əsası kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyinə istinad etmiş, qeyd olunan səbəbdən də iddiaçıların qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi iş üzrə müəyyən edilməli olan hal öhdəliyin icrası növündə iddia tələbi üzrə imtinada istinad edən faktiki şərtin, yəni iddiaçıların yaşayış sahəsinə qeydiyyata alınma hüququ verən sənədə istinadın qanuni olub-olmamasıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil olmuş məlumatlar əsasında əldə olunmuş şəxsiyyət vəsiqələrindən məlum olur ki, hazırki mübahisə üzrə cəlb olunan üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Nəzərə alınmalıdır ki, məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər iddiaçının ailə üzvləridir (əri, övladları və s.). Məhkəmə qeyd edir ki, mübahisənin həllində hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları mühim rol oynayır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; -30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər Şərh olunmuş qanunvericiliyin müddəalarından irəli çıxdıqda Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, hər nə qədər də iddiaçının və onun azyaşlı övladının hazırki mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə münasibətdə zəruri sənədlərin mövcudluğu müəyyən olunmasa da, onları ailə üzvlərinin həmin evə qeydiyyata alınmağları təmin edilmişdir. Hazırki mərhələdə, iddiaçıların fərdi yaşayış evinə qeydiyyata alınmamaları, onların hüquqlarının pozulmasına səbəb olur. Çünki, mübahisəli evə aid bütün kommunal xərclərin onlar tərəfindən ödənilməsi, evdə olan telefon, qaz sayğacı və elektrik sayğacının iddiaçının qaynanası X1 adında olması, həmçinin iddiaçı Qanuni nümayəndə ərinin və övladlarının həmin evdə qeydiyyatda olması, onun evə qeydiyyatı alınması üçün əsasdır. Bundan başqa, nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçıya münasibətdə bərabərlik prinsipi əsasında onun fərdi yaşayış evinə qeydiyyatını həyata keçirməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanuna nəzər yetirsək görünür ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.(12.1, 12.2, 12.4). Məhkəmə bu mövqeyidən irəli çıxaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əri, övladları qeydiyyata alındığından, inzibati orqan bərabərlik prinsipi əsasında eyni mühüm faktiki hal əsasında iddiaçının və onun azyaşlı övladının qeydiyyata alınmasını təmin etməlidir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan da görünür ki, qeyd olunan yaşayış sahəsinə digər şəxslərin hər hansı hüququ da qeydiyyata alınmamışdır. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata düşməsi heç kimin hüquq və mənafelərinin pozulmasına da səbəb olmur. Məhkəmə, həmçinin şəxslərin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçı və övladlarının faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Azyaşlı kateqoriyasına aid şəxslər kimi iddiaçının övladı olan digər iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmalı olması ilə bağlı da bir daha qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin tələblərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qanuni nümayəndə və İddiaçı2 ünvan 1 ünvanında yerləşən sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3960/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3960/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver