Məhkəmə qərarları › İş №2-1(112)-3962/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3962/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3962/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı “nikah qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi ilə, İddiaçı1, 3-cü şəxs İddiaçı2 iştirakları ilə, İddiaçı1 Cavabdehnə qarşı 3-cü şəxs İddiaçı2 işə cəlb edilməklə “nikah qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı1 Cavabdehnə qarşı İddiaçı1 ilə İddiaçı2 arasında Cavabdehndə 923849 nömrə ilə qeyd edilmiş 12 fevral 2014-cü il tarixli nikah qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı2 ilə 12 fevral 2014-cü il tarixində rəsmi nikah daxil olaraq ailə qurmuşdur. Nikahları Nizami rayon qeydiyyat şöbəsində 923849 nömrə ilə qeyd edilmişdir. İddiaçı2 ilə birgə nikahlarından 07 avqust 2014-cü il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Onlar bir müddət azərbaycanda yaşadıqdan sonra Rusiya Federasiyasına getmişlər və orada da, bir müddət yaşamışlar. Rusiya Federasiyasında yaşadıqları zaman orada 19 iyul 2022-ci il təvəllüdlü X15 adlı ikinci övladları dünyaya gəlmişdir. Nurmammed Rusiya Federasiyasında doğulduğundan ona Rusiya Federasiyası vətəndaşlığı və pasportu verilmişdir. Onlar bir müddət Rusiyada yaşadıqdan sonra Azərbaycan Respublikasına qayıtmışlar. 09 sentyabr 2022-ci il tarixində X1 üçüncü övladları dünyaya gəlmişdir. Yeni doğulmuş övladlarına şəhadətnamə almaq istədikləri zaman Nizami rayon qeydiyyat şöbəsi övladlarına doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtinanın səbəbini soruşduqda ona sənədlərinin düzgün olmadığı bildirilmişdir. Qeydiyyat şöbəsindən ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasında qeydiyyata alınmış nikah haqqında şəhadətnaməsində qeyd olunan soyadı ilə pasportunda qeyd edilən soyadı fərqlidir. Məhkəmənin diqqətinə çatdırır ki, o, Rusiya vətəndaşıdır və o, əri İddiaçı2 ilə 19 iyul 2016-cı ildə Rusiya Federasiyasında da, nikaha daxil olmuşlar, həmin nikah Rusiya Federasiyası, Dağıstan Vilayəti, Dərbənd rayonu, Rubasskiy ərazi nümayəndəliyinin VVADQ İdarəsində qeydə alınmış və bu barədə İV-БД seriyalı, 539352 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Rusiya Respublikasında nikah bağladıqları zaman o, “Yaraxmedova” soyadını dəyişərək, ərinin soyadı “Alıeva” ilə əvəz etmişdir. Nikah şəhadətnaməsində soyadını dəyişərək “Alıeva” soyadı ilə əvəz etdiyi üçün vətəndaş pasportunu dəyişmiş və onun ümumvətəndaş paşportunda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsində də, soyadı əri Rafaelin soyadı yəni, “Alıeva” yazılmışdır. Hazırda onun pasport və digər sənədlərində Rusiya Federasiyasında qeydə alınmış nikahlarına əsasən soyadı “Alıeva” olaraq yazılır. Lakin, hazırda bütün dövlət orqanlarında sənədləşmə işlərinin aparılmasında Azərbaycan Respublikasında qeydə alınmış nikahları onlara maneələr yaradır. İddiaçı2 ilə Azərbaycan Respublikasında qeydə alınmış nikahları övladlarına doğum şəhadətnaməsinin alınmasına və s. digər sənədləşmə işlərində onlara maneələr yaratması və artıq Rusiya Federasiyasında nikahlarının olmasını nəzərə alaraq hesab edir ki, onunla əri İddiaçı2 arasında Nizami rayon qeydiyyat şöbəsində 923849 nömrə ilə qeyd edilmiş 12 fevral 2014-cü il tarixli nikah qeydi ləğv edilməlidir. Göründüyü kimi, onun X8 ilə Nizami rayon qeydiyyat şöbəsində 923849 nömrə ilə qeyd edilmiş, 12 fevral 2014cü il tarixli nikah qeydi hazırda onun sənədləri ilə ziddiyyət təşkil edir. Onun dövlət və digər orqanlarda sənədləşmə işlərinin aparılmasına ona maneə yaradır. Onlar İddiaçı2 ilə aralarında Nizami rayon qeydiyyat şöbəsində 923849 nömrə ilə qeyd edilmiş 12 fevral 2014-cü il tarixli nikah qeydinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət ünvanlamışlar. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara dair” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixl, 52 nömrəli qərarına istinad edərək, onun qeydə alınmış nikah haqqında akt qeydinin ilk qeyd olması səbəbindən ərizəsinin icrasının qeydiyyat şöbəsində mümkün olmadığı və onlara nikah qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, hazırda müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Məhkəmənin 2-1(112)-3962/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə ərizəçi İddiaçı1 İddiaçı2 ilə Cavabdehndə qeydə alınmış xx.xx.2014-cü il tarixli 159 saylı nikah haqqında akt qeydinin ləğvi barədə şöbəyə daxil olmuş müraciətinə baxılmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, İddiaçı1 ilə İddiaçı2 nikahı xx.xx.2016-cı ildə Rusiya Federasiyası, Dağıstan vilayəti, Dərbənd rayonu, Rubasskiy ərazi nümayəndəliyinin VVADQ İdarəsində də, qeydə alınmış və bu barədə İV-BD seriyalı, 539352 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən; 23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.; 26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.; 28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Yuxarıda göstərilənəri nəzərə alaraq, İddiaçı1 onun Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli 159 sayı akt qeydinin ləğvi qanunvericiliyə müvafiq olaraq qeydiyyat şöbəsində mümkün olmadığından bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və 3-cü şəxs məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarilxi 05-2126/15 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara” dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Qanunvericiliyə müvafiq olaraq onun X2 ilə qeydə alınmış nikah haqqında akt qeydi ilkin qeyd olduğundan ərizənin icrası qeydiyyat şöbəsində mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

10. Rusiya Federasiyası vətəndaşının P tipli 55 ******* nömrəli pasportuna əsasən xx.xx.1995-ci il təvəllüdlü X12 Rusiya Federasiyası vətəndaşıdır.

11. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1984-cü il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır.

12. Dağıstan Respublikası Rubasski kənd soveti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş İİ-БД seriyalı 613271 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı2 ilə X3 arasında xx.xx.2017-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikah akt qeydləri kitabında 2017-ci ilin iyun ayının 6-da, 08 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə, arvada “Alıeva (Əliyeva)” soyadı verilmişdir.

13. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ- İ seriyalı 923849 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən xx.xx.1984-cü il təvəllüdlü İddiaçı2 ilə xx.xx.1995-ci il təvəllüdlü X3 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin 02 ayının 12 günündə 159 nömrə ilə qyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Yarəhmədova soyadı verilmişdir.

14. Dağıstan Respublikası Rubasski kənd soveti tərəfindən 09 avqust 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2016-cı il tarixdə Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olmuş, bu barədə doğum akt qeydləri kitabında 2016-cı ilin avqust 09-u günündə 28 nömrə ilə qeyd aparılmışdır. Ata qrafasında X6, ana qrafasında X3 qeyd edilmişdir.

15. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 366750 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum akt qeydləri kitabında 2014-cü ilin avqust ayının 21-i günündə 1360 nömrə ilə qeyd aparılmışdır. Ata qrafasında X10, ana qrafasında Yarəhmədova Faina qeyd edilmişdir.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən verilmiş 149 nömrəli əvəzləşdirmə kartından görünür ki, X11 xx.xx.2022-ci il tarixdə X1 doğuş etmişdir.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/7-13/276/23 nömrəli məktubla İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış nikaha dair nikah akt qeydinin surəti təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə İddiaçı2 12 fevral 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla, onların nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin 02 ayının 12-si günündə 159 nömrə ilə qeyd edilmişdir. İddiaçı ilə 3-cü şəxs X4 birgə nikahlarından Azərbaycan Respublikasında 07 avqust 2014-cü il tarixdə X14 doğulmuşdur. İddiaçı ilə 3-cü şəxsin Dağıstan Respblikasında xx.xx.2016-cı il tarixdə ikinci övladları X7 doğulmuşdur. İddiaçı və 3-cü şəxs İddiaçı2 ikinci dəfə Dağıstan Respublikasında xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla bu barədə ikinci dəfə nikah akt qeydi tərtib edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə X1 doğuş etmiş, onların birgə nikahlarından doğulmuş üçüncü uşaqlarına doğum haqqında şəhadətnamə almaq istəyərkən, ona Azərbaycan Respublikasında qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə qeyd olunan soyadı ilə pasportunda qeyd edilən soyadının fərqli olmasına istinad etməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı, Azərbaycan Respublikasında qeydə alınmış ilkin nikah qeydinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ilkin nikah qeydinin ləğv edilməsinin məhkəmə qətnaməsinə əsasən mümkün olması bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

27. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

28. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qaydanın 26-cı bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər.

30. İşin hallarından göründüyü kimi, iddiaçı Rusiya Federasiyasının vətəndaşı kimi hazırda onunla 3-cü şəxs arasında vətəndaşı olduğu ölkə tərəfindən qeydə alınmış nikah akt qeydinin mövcud olmasına istinad etməklə ona məxsus ilkin nikah akt qeydinin ləğvini xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs də, həmin ilkin nikah akt qeydinin ləğv edilməsinə etiraz etmir.

31. Digər tərəfdən, qanunvericiliyin qüvvədə olan normalarında maraqlı şəxslərin ərizəsinə əsasən ilkin nikah akt qeydinin ləğv edilməsini istisna edəcək hər hansı bir imperativ norma nəzərə tutulmamışdır.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 159 nömrəli nikah akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar