Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3966/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı qarşı “3 otaqlı mənzil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 iyun 2000-ci il tarixdən mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində ev növbəsinə alınmışdır. 2005-ci ildə maddi vəziyyəti ağır olduğundan, arvadı X1 adına olan Nizami rayonu, Nəsimi küçəsi, 22 saylı evin 27 kv.m ölçüsü olan 2 saylı mənzili satmış və ailəsi ilə birlikdə kirayədə qalmalı olmuşdur. 24 dekabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəlləsində yerləşən şəhid ailələri və Qarabağ əlillərinə ölkə başçısının iştirakı ilə mənzillər paylanmışdır. 26 dekabr 2019-cu il tarixdə ona həmin ünvanda iki otaqlı ev verilmişdir. Onun ailəsi 4 nəfərdən ibarətdir: özü, arvadı, 1991-ci il təvəllüdlü qızı Telli Süleymanova və 1989-cu il təvvüdlü oğlu Sənan Süleymanov. İki otaqlı evə razı olmadığı üçün bununla bağlı müraciət etmişdir. Fevral ayına qədər qeyd olunan mənzilə köçməmişdir. Bakı şəhəri Nizami RİH Maliyyə şöbəsinin rəisi onunla telefon əlaqəsi saxlayaraq mənzillə təmin olunduğundan, hər ay verilən kirayə pulunun dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, məcbur qalıb yeni mənzilə köçmüşdür. Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun ev məsələləri üzrə şöbəsinin rəhbərinin qəbuluna yazılmışdır. 10 yanvar 2020-ci ildə şöbənin əməkdaşları onu qəbul etmişlər. Ona məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. Lakin indiyədək heç bir məlumat verilməmişdir. O, ƏƏSMN nazirinə müraciət etmişdir. Ona cavaba olaraq bildirilmişdir ki, ƏƏSM Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq mənzillə təmin olunmuşdur. Ölkə başçısına ünvanlanmış məktuba da həmin qurum tərəfindən eyni məzmunlu cavab verilmişdir. Daha sonra o, ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərinə ərizə ilə müraciət etrmiş, qəbula yazılmışdır. Lakin bununla bağlı indiyədək ona heç bir məlumat verilməmişdir. Mənzillər növbəlilik əsasında paylanmalıdır. Lakin ondan sonra 2004-cü ildən növbədə olan evi ola-ola üç otaqlı ev almışdır. Respublikası Mənzil Məcəlləsinin 56.1- ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Cavabdeh yuxarıda qeyd olunan maddələrin tələblərinə riayət etməmiş və qanun pozuntusuna yol vermişdir. 2018-ci il Lökbatan qəsəbəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən üç otaqlı mənzil təklif olunmuşdur. Lakin indi ona iki otaqlı mənzil verilmişdir. Onun ailə üzvlərinin adına heç bir mülk yoxdur, onlar polis orqanında qeydiyyatdadırlar. Bakı İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş şikayət əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 26.10.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020- ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin 23.04.2021-ci il tarixli qərardadı ilə cavabdeh Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona verilmiş 2 otaqlı mənzil sahəsindən əlavə olaraq 1 otaqlı mənzilin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşinin müəyyən edilmiş hallarından görünür ki, yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi barədə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla 28.06.2000-ci il tarixdə mənzil növbəsinə dayanmış müvafiq kateqoriyaya malik şəxs olan iddiaçıya 4 nəfər ailə tərkibi nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 2399- cu məhəllədə inşa edilmiş 12 mərtəbəli 96 saylı mənzilli binada 2 otaqlı mənzil verilmişdir. Lakin iddiaçı ona verilmiş mənzilin otaq sayının az olması, qanunvericiliklə ona düşəcək otaq sayının 2 deyil, 3 olmalı olduğu ilə bağlı müraciətlə əvvəlcə inzibati orqana müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Daha sonra isə məhkəmədə iddia tələbinə dəqiqləşmə verərək 2 otaqlı mənzilin onun mülkiyyətində saxlanılması şərti ilə, əlavə 1 otaqlı mənzilin ona verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, iddiaçı mənzillə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməklə aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarından da göründüyü kimi sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələr əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. İddiaçının məhkəmə iclasında da qeyd etdiyi kimi müəyyən edilir ki, iddaçıya verilmiş mənzilin ümumi sahəsi təxminən 83 kv.metrdən bir qədər artıq təşkil edir. İddiaçı 28.06.2000-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınmışdır ki, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur. Belə olan halda iddiaçıya təqdim edilmiş mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından artıqdır. Göründüyü kimi ailə tərkibi 4 nəfərdən ibarət olaraq qeydiyyata alınmış və normaya uyğun yaşayış sahəsi ilə təmin olunmuş iddiaçıya 2 otaqlı mənzilin verilməsi qanuni olmuşdur. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə alınarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alındığı, yəni iddiaçıya ümumi sahəsi 64 kv.m-dən artıq ölçüdə 2 otaqdan ibarət mənzil sahəsinin verildiyi, nəticədə də iddiaçıya əlavə 1 otaqlı mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı müəyyən edilmişdir. Məhkəmə, iddiaçının vəsatət verərək təqdim edilməsini tələb etdiyi 24.12.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2399-cu məhəllədə yerləşən binada 3 otaqlı mənzillə təmin edilmiş şəxslərin mənzil növbəsinə götürüldüyü tarix, qeydiyyatda olduğu ünvan və ailə tərkibi haqqında məlumatların təqdim edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər vəsatət təmin edilərək bununla bağlı aidiyyəti üzrə sorğular təqdim edilsə də, həmin sorğulara müvafiq qaydada cavab təqdim edilməsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında da qeyd etdiyi kimi həmin binada 12 ədəd 3 otaqlı mənzilin yuxarıda adıçəkilən Sərəncamın icrası çərçivəsində müvafiq kateqoriyaya malik şəxslərə təqdim edildiyi müəyyən edilir. Göründüyü kimi cavabdeh tərəf 3 otaqlı mənzillərin həmin binada mövcud olduğunu və aidiyyəti şəxslərə verildiyini inkar etmir, hansı səbəbdən bəzi qrup şəxslərə 2 otaqlı, bəzi qrup şəxslərə 3 otağın verilməsini isə cavabdeh tərəf qeydiyyata alınmış şəxslərin ailə tərkibinin fərqli sayda olması ilə əlaqələndirir. İddiaçının vəsatətindən də aydın olur ki, iddiaçı əgər 12 ədəd 3 otaqlı mənzillərin başqa şəxslərə təqdim edilməsini mümkün sayırsa, onun da həmin qrup şəxslər siyahısında olmasının istisna edilmədiyinə istinad edir. Göründüyü kimi, iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin, bununla bağlı olaraq qeyd edilməsi zəruri hesab olunur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı kimi 4 nəfər ailə tərkibi olan şəxslərə iddiaçıdan fərqli olaraq 3 otaqlı mənzil verilməsi hazırkı iddia tələbinin təmini üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qeyd olunan konteksdə əgər inzibati orqan tərəfindən ehtimal olunan səhv qərar qəbul edilmiş olsa belə, göstərilən hal məhkəmə hesab edir ki, iddia tələbinin hər bir halda təmin edilməsi üçün əsas yaratmır. Məhkəmə hazırkı halda cavabdeh tərəfindən mənzil ayrılarkən adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alınıb-alınmadığını ilə bağlı qiymətləndirmə aparmaq öhdəliyi daşıyır ki, aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin say tərkibi nəzərə alınmaqla mənzil ayrılması həyata keçirilmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3966/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3966/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver