Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3966/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı «sərəncamların təsdiqlənmiş surətlərinin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı «sərəncamların təsdiqlənmiş surətlərinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının hüquq sahibi olduğu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 118,4 kv.m olan 4 otaqlı mənzilə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 30 oktyabr 1996-cı il tarixli və 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamlar verilmişdir. Cavabdeh tərəfindən 30 oktyabr 1996-cı il tarixli 842 saylı sərəncamın surəti iddiaçıya təqdim edilmişdir. 1 mart 2016-cı il tarixli sərəncam barədə isə, 5 ildən sonra arxivə təhvil verildiyi səbəb kimi qeyd edilərək 2021-ci ildə müraciət edilməsi tövsiyə olunmuşdur. Hər iki sərəncamın arxiv möhürü ilə təsdiq olunmuş nüsxələrini istədikdə isə, ona imtina cavabı verilmişdir!? . . . Heç birinin arxivdə olmadığı qeyd edilmişdir. Halbuki, 30 oktyabr 1996-cı il tarixli 842 nömrəli sərəncamın surəti 2016-cı ildə iddiaçıya təqdim edilmişdir. Göstərilənlərə əsaslanaraq, RİH-in 30 oktyabr 1996cı il tarixli 842 nömrəli və 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamlarının arxiv möhürü ilə təsdiq olunmuş surətlərinin iddiaçının faktiki yaşadığı ünvana cavabdeh tərəfindın göndərilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məhkəməyə ünvanlanmış 17 mart 2022ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı əyani şəkildə ali təhsil almasının təsdiq edilməsi barədə arxiv arayışının verilməsi barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanladığı müraciətə (daxilolma 12.01.2022-ci il, № M-13) İdarədə baxılmış və həmin müraciət «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinin tələblərinə əsasən icra üçün Azərbaycan Texniki Universitetinə göndərilməklə vətəndaşa məlumat verilmişdir. İddia ilə bağlı sübutlar məhkəməyə təqdim edilir və işə məhkəmə icraatında Milli Arxiv İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz olunmur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlanmış 20 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı tərəfindən 1 saylı Bakı ASAN Xidmət Mərkəzinə elektron poçt vasitəsilə ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli MİHO/4.1.1-M-2021-1018 saylı müraciətə cavab olaraq Nərimanov RİH-in arxiv fondu üzrə 30 oktyabr 1996-cı il tarixli 842 saylı sərəncamının təsdiq edilmiş kserosurəti 1 vərəqdən ibarət 12 noyabr 2021-ci il tarixli BA-05324-2021 saylı çıxış nömrəsiylə ona təqdim olunmuşdur. Digər tərəfdən qeyd olunur ki, Nərimanov RİH-in 2016-cı ilə dair arxiv sənədləri, o cümlədən 1 mart 2016-cı il tarixli 57 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən, qeyd edilən sərəncamın vətəndaşa təqdim olunması mümkünsüzdür. Nərimanov RİH-in 2016-cı ilə dair sənədləri 2022-ci ilin yanvar ayında mühafizə olunması üçün Dövlət Arxivinin Bakı Filialına qəbul olunduqdan sonra həmin sərəncamın arxiv arayışı vətəndaşın şəxsi müraciəti əsasında təqdim ediləcəkdir. İcra strukturlarının arxiv sənədləri 5 il saxlandıqdan sonra və həmin müddət tamam olduqda növbəti ilin əvvəlində mühafizə olunması üçün Dövlət Arxivinin Bakı Filialına təhsil verilir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Milli Arxiv fondu haqqında» Azərbaycan Resoublikası Qanununun 1-ci maddəsinə əsasən arxiv sənədlərinin müvəqqəti mühafizəsi – dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün – 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün – 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün – 5 il; elmi-texniki sənədlər üçün – 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə; kino, foto, fono sənədlər və videoyazılar üçün – 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər üçün – 75 il. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov RİH-in 30 oktyabr 1996cı il tarixli 842 nömrəli və 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamlarının təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın tabeliyində olan müvafiq səlahiyyətli qurum tərəfindən onun müraciətinə hazırkı iddia qaldırılmamışdan əvvəl (12 noyabr 2021-ci il tarixdə) baxılmış və tələb olunan 30 oktyabr 1996-cı il tarixli 842 nömrəli sərəncamın surəti ona təqdim olunmuş, digər sərəncam – 1 mart 2016-cı il tarixli 57 nömrəli sərəncamın isə, avxivə təhvil verilmədiyi bildirilmişdir. Hazırda iddiaçı məhkəmədə həmin sərəncamların surətinin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, mövcud qanunvericilik normalarına görə aidiyyəti təşkilatlarda müvafiq sənədlərə münasibətdə müvəqqəti mühafizə üçün müddətlər müəyyənləşdirmiş və sənədlər daimi mühafizə üçün Milli arxiv fonduna həmin müddətlər başa çatdıqdan sonra təhvil verilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı tələb etdiyi sərəncamların surətindən biri təqdim edildiyindən, digəri isə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmədiyindən (bu halı təkzib edən xüsusat mövcud deyil), qaldırılan məsələ ilə bağlı cavabdeh tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3966/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3966/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver