Məhkəmə qərarları › İş №2-1(112)-3967/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3967/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3967/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1980-cı ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonunun N.Nərimanov adına kolxozunda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi və sonradan Sumqayıt “Üzvi sintez” zavodu adlanan sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab edilən müəssisədə işləməyinə görə ona əmək pensiyasının təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt “Üzvi sintez” zavodunda işlədiyi müddət sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab olunduğu üçün ona hal hazırda əmək pensiyası təyin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2377/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2377/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli 2- 1(103)191/2020 saylı qərarı ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2020-ci il tarixli 2-1(102)-1591/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismət təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli 2- 1(103)191/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2- 1(103)1867/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-2377/2019 saylı qərarının ləğv olunması qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra növbəti hazırlıq icraatı iclası 27 may 2021-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2020-ci il tarixli 2-1(102)-1591/2020 saylı qərarında qeyd edilmişdir ki, iddia tələbinin həm əsaslandırıcı hissəsindən, həm də "xahiş edirəm" hissəsindən görünür iddiaçı onun “Üzvi kimya” zavodunda ağır işdə işləməsini nəzərə alaraq əmək pensiyası təyin olunmasını istəyir. Tələbin məzmunu daha çox ona dəlalət edir ki, iddiaçı güzştli şərtlərlə pensiya təyin olunmasını xahiş edir. Lakin məhkəmə bu iddianı adi yaşa görə pensiya tələbi kimi qəbul etmişdir. İrəli sürülmüş tələblə məhkəmənin baxdığı tələblər faktik əsasları, habelə tətbiq olunan hüquq normaları baxımından müxtəlif olmaqla, əhəmiyyətli dərəcədə fərqlənir. Bu halda işə baxan məhkəmə iddiaçıya müvafiq dəqiqləşdirmə aparmağı, zəruri olduqda bununla bağlı izahat verilməsini, iddianın dəqiqləşdirilməsi barədə ərizə verməyə təklif etməli idi. Məhkəmə yuxarı instansiya məhkəmələrinin hazırkı işlə bağlı hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Resbulikası İPM-nin «Məhkəmənin yardım etmə vəzifəsi» adlanan 13-cü maddəsinin tələbi baxımından məhkəmə hazırlıq icraatı iclasında iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş, eyni zamanda iddiaçı tərəfindən cavabdeh inzibati orqana məhkəmədə qaldırmış olduğu iddiadan əvvəl həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsi ilə bağlı müvafiq sübutların təqdim edilməsini təklif etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, düzgün iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, onun iddiasına iddia ərizəsində qoyulan tələb üzrə baxılıb təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəməyə iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ümumi əsaslarla əmək pensiyasının təyin edilməsi barədə inzibati orqana təqdim etdiyi ərizəni məhkəməyə təqdim edərək etirazda göstərilənləri müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin məzmunundan da görünür ki, iddiaçı onun “Üzvi kimya” zavodunda ağır işdə işləməsini nəzərə alaraq əmək pensiyası təyin olunmasını istəyir. Tələbin məzmunu daha çox ona dəlalət edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasının istəyir. İlk növbədə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün müraciət etməli, müsbət həll edilmədiyi təqdirdə məhkəməyə müraciət etməlidir. Həmçinin güzəştli işlədiyi barədə araşdırıcı arayışı olmalıdır. Əmək pensiyaları haqqında qanunun 9.1 -ci maddəsindən də göründüyü kimi şəxs güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 20 il sığorta stajna malik olmalıdır. İddiaçının isə cəmi 16 il 8 ay 28 gün sığorta stajı mövcuddur. Əgər iddiaçının inzibati orqana müraciəti ümumi əsaslarla (7-ci maddə) pensiya təyin olunması ilə bağlı olmuşdursa və hazırda tələbinə xüsusi şərtlərlə pensiya təyin olunması barədə iddia kimi baxılmasını tələb edirsə, bu halda iddianın həmin əsasla mümkünlüyü məsələsi həll olunmalıdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən inzibati orqana ilkin müraciət məktubu əsasında müraciət edilərkən iddiaçının ərizəsində ona hansı əsaslarla pensiya təyin edilməsi dəqiq qeyd olunmasa da, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasına dair 16 may 2019-cu il tarixli **********40 saylı cavab məktubunun məzmunundan açıq-aydın müəyyən edilir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsində baxılmış və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq ona 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdiyi təqdirdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olduğu halda yaşa görə əmək pensiyası hüququ olması izah edilmiş və iddiaçının sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından müraciətini təmin etməkdən imtina edilmişdir. Göründüyü kimi nə iddiaçı tərəfindən inzibati orqana ilkin müraciət ərizəsində nə də ki, imtina məktubunda güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən söhbət getmir. Bunun əksi olaraq imtina məktubunda ümumi əsaslarla iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilməsinin ehtiva olunduğu müəyyən edilməkdədir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə iddiaçı məhkəmədə irəli sürdüyü tələb üzrə onun xx.xx.1980-cı ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonunun N.Nərimanov adına kolxozunda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi və sonradan Sumqayıt “Üzvi sintez” zavodu adlanan sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab edilən müəssisədə işləməyinə görə ona əmək pensiyasının təyin edilməsi barədə müvafiq tələbi özündə əks etdirən ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmədiyindən iddia mümkün hesab edilməməlidir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar