Məhkəmə qərarları › İş №2-1(112)-397/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-397/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-397/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələrinə görə onlara vurulan ziyanın əvəzi olaraq hər birinə 200.000 (iki yüz min) manat, ümumilikdə 400.000 manat pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında iddiaçıların vəkili X21 izahatında bildirdi ki, Abşeron RİH başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamına və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1-südçülük sovxozunun Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokoluna əsasən Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri hər biri 0.10 ha olmaqla müvafiq olaraq X7 və İddiaçı1 mülkiyyətinə verilmişdir. İddiaçı1 və İddiaçı2 qeyd olunan torpaq sahələrini hasara almalarına və ondan istifadə etmələrinə baxmayaraq, sonralar həmin torpaq sahələri əsassız olaraq X14 və qeyriləri tərəfindən zəbt olunmuşdur. Buna görə də 2013-cü ildə İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahəsinin cavabdeh X8 qanunsuz sahibliyindən alınıb iddiaçılara qaytarılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi Bakı Apcllyasiya Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları təmin olunaraq, Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri iddiaçılara qaytarılmışdır. Qeyd olunan məhkəmə mübahisəsi gedən zaman Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələrinin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bununla bağlı ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 noybar 2014-cü il tarixli **********26 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, qərardad xx.xx.2013-cü il tarixdə icra edilmişdir. Lakin əmlak üzərində həbs olmasına və əmlakın özgəninkiləşməsinə məhdudiyyət olmasına baxmayaraq, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri (məhkəmə mübahisəsi zamanı üzərinə həbs qoyulmuş mübahisə predmeti) X14 tərəfindən hər hansı bir yollarla, əsassız olaraq X4 və daha sonra X12 adına özgəninkiləşmişdir və bu, DƏDRX-də qeydiyyata alınmışdır. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbyacan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna, X9, X5, X10, X4, X6ma və X15 qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələrinə cavabdehlərin adına verilmiş mülkiyyət hüququ barədə çıxarışların, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və torpaq sahəsinin plan ölçüsünün etibarsız hesab edilməsinə dair iddia qaldırmış və iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı ilə qüvvədə qalmışdır. Məhkəmə instansiyaları X2 və X12 torpaq sahəsini əldə edərkən torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmasından məlumatları olmaması və onların vicdanlı alıcı olmalarını əsas gətirərək iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını rədd etmişdir. Göründüyü kimi qeyd olunan iş üzrə ilkin olaraq iddiaçılar (torpaq sahibləri) İddiaçı1 və İddiaçı2 iddaları təmin olunmuşdur. Lakin əmlak üzərində həbsin (məhdudiyyət) olmasına baxmayaraq, qeyd olunan torpaq sahələri qanunsuz olaraq özgəninkiləşdirilmiş və məhkəmə qərarları vicdanlı alıcı kimi tanınan şəxslər X2 və X12 xeyrinə olmuşdur. Bu da birbaşa ƏMDK yanında DƏDRX-nin məsuliyyətidir. Belə ki, istənilən halda əmlak həbs altındadırsa, qeyd olunan əmlak üzrə reyestrdə hər hansı bir dəyişiklik aparıla bilinməzdi. Lakin Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri üzrə reyetsrdə 2 dəfə olmaqla dəyişiklik aparılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi (həbsin qoyulması ilə bağlı) İdarə tərəfindən xx.xx.2013-cü il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı, xx.xx.2019-cu il tarixli qərardadı xx.xx.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələrinin üzərinə qoyulmuş sözügedən həbs götürülmüşdür. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2014-cü il tarixli 2-1(85)- 370/2014 saylı qərarı ilə iddiaçı X8 iddiası təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən X9 fərdi ev tikmək üçün ayrılmış 0,20 hektar torpaq sahəsinin üzərində X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya reyestrdən çıxarışın verilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Sözügedən qanuni qüvvəyə minmiş qərar 08 aprel 2014-cü il tarixdə İdarə tərəfindən icra edilmişdir. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-1(85)-562/2015 saylı qərarı ilə sözügedən inzibati iş üzrə İddiaçı1 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Həmin inzibati iş üzrə son olaraq İdarəyə rəsmi qaydada daxil olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2470/2015 saylı 04 noyabr 2015-ci il tarixli qərardadı ilə X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı1 və X16) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)- 1896/2016 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2470/2015 saylı 04 noyabr 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2014-cü il tarixli 2- 1(85)-370/2014 saylı qərarının icrasına və icrasından sonra aparılmış müvafiq qeydiyyatlara hər hansı münasibət bildirilməmişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsində nəzərdə tutulan həbs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri ilə bağlı olmuş və müvafiq torpaq sahələri qeydiyyatdan keçmədiyi üçün qeydiyyatdan keçməyən məhdudiyyətlər bazasına yüklənmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 17 fevral 2014-cü il tarixli 2-1(85)-370/2014 saylı qərarında isə müvafiq torpaq sahəsinin yerləşdiyi ərazi (ünvan) göstərilməmişdir. Müvafiq qərarda bəhs edilən torpaq sahəsinin qeydiyyatdan keçməyən üzərində həbs olan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Kod nömrəsi 732 və 733 kimi göstərilən torpaq sahələrinin koordinatları məlum deyildir. Hazırki iddia ərizəsinə iddiaçılara dəymiş zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. İddiaçıların iddia tələbi tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə düzgün əsaslandırılmamışdır. Bununla bağlı İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş və İdarə tərəfindən iddiaçılara hər hansı maddi və mənəvi ziyan vurulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə aid hissədə mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 732 və 733 saylı torpaq sahələrinə görə vurulan ziyanın əvəzinin pul vəsaiti ilə ödənilməsi barədə ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ərizədə qeyd olunan məsələ idarənin səlahiyyətləri xaricindədir. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi tərəfimizdən xx.xx.2013-cü il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1694/2013 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı tərəfimizdən xx.xx.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 saylı torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1694/2013 saylı icra vərəqinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1694/2013 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1694/2013 saylı qərardadı ilə görülmüş iddianın təmini tədbiri ləğv edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahəsinin üzərinə qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələrinin hər biri 0.10 ha olmaqla müvafiq olaraq onların mülkiyyətinə verildiyini, lakin həmin torpaq sahəsinin X14 və qeyriləri tərəfindən zəbt olunduğunu, aralarında məhkəmə mübahisəsi gedən zaman Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mübahisə predmeti olan həmin torpaq sahələrinin üzərinə həbs qoyulduğunu və özgəninkiləşdirilməsinin qadağan edildiyini, lakin əmlak üzərində həbs olmasına və əmlakın özgəninkiləşməsinə məhdudiyyət olmasına baxmayaraq, həmin torpaq sahələrinin X14 tərəfindən digər şəxslərin adına özgəninkiləşdirildiyini, bundan sonra həmin torpaq sahələrinə verilmiş mülkiyyət hüququ barədə çıxarışların və digər sənədlərin etibarsız hesab edilməsinə dair onların iddia tələbləri üzrə yekunda məhkəmə qərarlarının vicdanlı alıcı kimi tanınan şəxslər - torpaq sahələrinin satıldığı şəxslərin xeyrinə olduğunu, bununla əlaqədar olaraq cavabdehin hərəkətləri nəticəsində onlara ziyan vurulduğunu qeyd etməklə hazırda dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən onlara ödənilməsini tələb edirlər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1694/2013 saylı icra vərəqinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Həmin icra vərəqi cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1694/2013 saylı qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1694/2013 saylı qərardadı ilə görülmüş iddianın təmini tədbiri ləğv edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahəsinin üzərinə qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Həmin qərardad cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 saylı torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Eyni zamanda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2014-cü il tarixli 2-1(85)-370/2014 saylı qərarı ilə iddiaçı X8 iddiası təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən X9 fərdi ev tikmək üçün ayrılmış 0,20 hektar torpaq sahəsinin üzərində X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya reyestrdən çıxarışın verilməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmiş və 08 aprel 2014-cü il tarixdə cavabdeh tərəfindən icra edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1694/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsində nəzərdə tutulan həbs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri ilə bağlı olmuş və müvafiq torpaq sahələri qeydiyyatdan keçmədiyi üçün qeydiyyatdan keçməyən məhdudiyyətlər bazasına yüklənmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 17 fevral 2014-cü il tarixli 2-1(85)- 370/2014 saylı qərarında isə müvafiq torpaq sahəsinin yerləşdiyi ərazi (ünvan) göstərilməmişdir. Kod nömrəsi 732 və 733 kimi göstərilən torpaq sahələrinin koordinatları məlum olmadığı üçün müvafiq qərarda bəhs edilən torpaq sahəsinin qeydiyyatdan keçməyən üzərində həbs olan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-1694/2013 saylı icra vərəqinə əsasən üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kod nömrəsi 732 və 733 olan torpaq sahələri qeydiyyatdan keçmədiyi üçün həmin torpaq sahələrinin üzərinə qoyulmuş həbs qeydiyyatdan keçməyən məhdudiyyətlər bazasında qeyd olunmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə məhkəmə qərarında isə torpaq sahəsinin yerləşdiyi ərazi (ünvan) göstərilməmişdir. Kod nömrəsi 732 və 733 kimi göstərilən torpaq sahələrinin koordinatları məlum olmadığı üçün müvafiq qərarda bəhs edilən torpaq sahəsinin qeydiyyatdan keçməyən üzərində həbs olan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçılara ziyanın vurulması halı öz təsdiqini tapmır. İddiaçılar cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara ziyanın vurulduğunu bildirsələr də və həmin ziyanın əvəzi olaraq cavabdeh tərəfindən onların hər birinə 200.000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsələr də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara qeyd olunan ziyanın vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar