Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-397/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) ərizə ilə cavabdeh Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35, 94 nömrəli bir otaqlı mənzilə kirayə müqaviləsinin bağlanmasını və maliyyə-hesab vərəqəsinin adına açılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsi verilməsi qadağandır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair müqavilə bağlanması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Adıçəkilən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Əvvəllər 1995-ci ildə adıçəkilən mənzil atası - Yəmən Respublikasının vətəndaşı, Naximov adına Hərbi-dəniz məktəbində hərbi tərcüməçi vəzifəsində çalışan X10 4 nəfərdən ibarət ailə tərkibi (özü, arvadı, oğlu və qaynanası) ilə birlikdə verilmişdir. Sonra atası X12 Yəmən Respublikasına daimi yaşamaq üçün getmişdir. Hal-hazırda anası X5 1-ci qrup əlildir, Psixo-Nevroloji Dispanserdə müalicə alır. Buna görə də o, Müdafiə Nazirliyinin Mİİ-nə zəruri tədbirlərin görülməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ona order, 2 saylı Forma üzrə yaşayış yerindən arayış, maliyyə şəxsi hesab vərəqəsi və mübahisəli mənzilin rəsmiləşdirilməsi predmeti üzrə ünvan 1 ünvanında yerləşən mənzilin planının verilməsini xahiş etmişdir. Lakin bugünədək yazılı cavab almamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı Müştaq oğlunun yaşadığı ünvan 1 ünvandakı yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahəsi kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar sahəsinin xidməti ərazisidir. ünvan 1 ünvandakı xüsusi təyinatlı yaşayış sahəsi 1995-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə müəllim kimi fəaliyyət göstərən Yəmən Respublikasının vətəndaşı X4 xidməti mənzil kimi verilmişdir. M.Müştaq qeyd olunan mənzildə X5, İddiaçı və X2 ilə birlikdə 1997-ci ilə kimi yaşamışdır. 1997-ci ildə X6 öz vətəninə qayıtmış və həmin tarixdən etibarən İddiaçı, anası X5 və iddiaçının nənəsi X1 yaşayış sahəsində qeydiyyatsız yaşamışlar. Hazırda İddiaçı Müştaq oğlu sözügedən mənzildə qeydiyyatsız yaşayır və Müdafiə Nazirliyi ilə heç bir xidməti münasibətləri mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçı mübahisəli mənzildə yaşadığından həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Hazırkı iddia inzibati mübahisə olmaqla Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü tarixli məktubla məhkəməyə təqdim edilmiş registrdən çıxarışdan görünür ki, 1978-ci il tarixdə istismara verilmiş ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli 1964 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Mənzil-İstismar İdarəsində hər hansı bir sənəd mövcud deyildir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 3-52-13/2-517/2023 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 35 ünvanında yerləşən 94 saylı mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (əvvəlki Naximov küçəsi) küçəsində yerləşən 35 saylı evin 94 saylı mənzili xidməti mənzil olmaqla Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır. İddiaçı hazırda həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını, yəni cavabdeh tərəfindən bu barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: - Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. - Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. - Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. - Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. - Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. - maddə 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. -Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 268 nömrəli Fərmanına əsasən dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"na əsasən: - Bənd 1.2. Xidməti yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət edilməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. - Bənd 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - Bənd 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. - Bənd 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Məhkəmə qeyd edir ki, iddiaçının onunla daimi kirayə müqaviləsi bağlanması üçün müraciət etdiyi mənzil xidməti yaşayış sahəsi olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyi balansında olduğundan istinad olunan normaların tələblərinə əsasən onunla daimi icarə müqaviləsi deyil, xidmətdə qalma müddəti çərçivəsində kirayə müqaviləsi bağlana bilər. Lakin işin hallarından görünür ki, iddiaçı hərbi qulluqçu olmamışdır, hazırda da onun belə bir statusu yoxdur. Cavabdehin etirazından bəlli olur ki, 94 saylı mənzil 1995-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə müəllim kimi fəaliyyət göstərən Yəmən Respublikasının vətəndaşı X4 xidməti mənzil kimi verilmişdir. M.Müştaq qeyd olunan mənzildə X5, İddiaçı və X2 ilə birlikdə 1997-ci ilə kimi yaşamışdır. 1997-ci ildə X6 öz vətəninə qayıtmış və həmin tarixdən etibarən İddiaçı, anası X5 və iddiaçının nənəsi X1 yaşayış sahəsində qeydiyyatsız yaşamışlar. Məsələ ilə bağlı məhkəmə tərəfindən cavabdehə sorğu verilərək mübahisəli mənzilin X4 xidməti mənzil kimi verilməsi ilə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də, cavabdeh xx.xx.2023-cü il tarixli 1964 saylı məktubunda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Mənzil-İstismar İdarəsində hər hansı bir sənəd mövcud olmadığını bildirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi mənzil xidməti yaşayış sahəsi olmaqla, Müdafiə Nazirliyinin balansında olduğundan, iddiaçının həmin qurumla hər hansı bir xidməti münasibəti olmadığından və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 268 nömrəli Fərmanında göstərilən şəxslərə aid edilmədiyindən onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-397/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-397/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver