Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-397/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu ünvan 2 ünvanda yerləşən 1100 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 7568,2 kv.metr təşkil edən qeyri-yaşayış binası xüsusi mükiyyət hüququ əsasında ona məxsusdur. Həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla bu barədə ona seriya RX ******* nömrəli çıxarış və texniki pasport verilmişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının tikinaltı sahəsi 1162.4 kv.metr təşkil edir, xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışdan göründüyü kimi həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Eyni zamanda bildirmək istəyir ki, qeyri-yaşayış binasına aid olan torpaq sahəsinin ölçüsü qeyri-yaşayış binası özəlləşdirilərkən çıxarışla bərabər qeyri-yaşayış binasına dair iddiaçıya verilmiş texniki pasportda göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinə çıxarış almaq üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun xahişi təmin edilməyərək rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********19 nömrəli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddiaçıya Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. Lakin, iddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır, qeyd olunan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla ona çıxarış verilməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.metr torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikintisi məqsədi ilə Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı qərarı əsasında alğı-satqı müqaviləsi vasitəsi ilə X1. Tərtib edilmiş alqı-satqı aktı tərəflərin imzaları və Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş və alqı-satqı aktına əsasən X7 tərəfindən 28 noyabr 2006-cı il tarixdə 032292 nömrəli qəbzlə Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin hesabına 5632 manat pul köçürülmüşdür. Həmçinin, X7 notarial qaydada təsdiq edilmiş 30 avqust 2022-ci il tarixli ərizə vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.metr torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməklə onun adına çıxarış və texniki pasport verilməsinə razılığını bildirmişdir, (həmin ərizə iddia ərizəsinə əlavə olunur). Eyni zamanda, Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 11 mart 2022-ci il tarixli 03/136 nörməli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə 2022-ci ilin dekabr ayının 31nə kimi Nərimanov rayonu Nərimanov Bələdiyyəsinə əmlak və torpaq vergi borcu yoxdur. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının altındakıl torpaq sahəsi Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən ayrılmış və ona görə də həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti hesab olunur. Bu günə qədər də həmin torpaq sahəsinin ayrılmasına dair qərar mübahisələndirilməməklə qüvvədədir və ayrılmış torpaq sahəsi üzərindəki əmlak iddiaçının mülkiyyətndə olduğundan torpaq sahəsinə də, iddiaçının mülkiyyət hüququ tanınmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, ünvan 5 ünvanda yerləşən 1100 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında qərar təqdim edilməmiş, təqdim olunmuş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilmiş bələdiyyə sənədlərində torpaq sahəsi X4 adına ayrılmışdır. Bundan başqa, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********19 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********19 nömrəli məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 7568.2 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.
9. Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolundan çıxarışa əsasən Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m torpaq sahəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikinisinə ayrılan torpaq sahəsi alğı-satqı yolu ilə "xxxx" MMC-nin təsisçisi A.Ə.Sadiqovun mülkiyyətinə verilmişdir. Həmin qərara əlavə edilmiş Torpaqların Alqı-satqısına dair akt və kassa mədaxil orderi qəbzi iş materiallarına əlavə edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyriyaşayış binasının texniki pasportu tərtib edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 oktyabr 2022-ci il tarixli BA-06752-2022 nömrəli məktubla Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 16 saylı iclas protokolu və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktubla ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına dair arxiv qovluğunda aşkar edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 may 2016-cı il tarixli 2-1(102)-577/2016 saylı qərarına əsasən iddiaçı "xxxx" MMC-nin iddia tələbi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-(103)-1979/2015 saylı iş üzrə 02 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Ticarət və ofis binasının yeni variantda tikintisinə icazə verilməsi haqqında” 452 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin davamı olan yeni çəkilmiş yolun sağ tərəfində inşa edilmiş ticarət mərkəzi və ofis binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMCnin adına qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli 2-1(102)-577/2016 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqitsadi Kollegiyasının 2-1(102)-577/2016 saylı iş üzrə 25 may 2016-cı il tarixli qərarına qarşı cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, müvafiq torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması barədə İdarənin elektron bazasında hər hansı məlumat aşkar edilmədiyinə və həmin torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması barədə hüquqmüəyyənedici sənədlər də, təqdim edilmədiyinə dair dəlilə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə araşdırmalarının gedişatında bu dəlilə istinad etməmişdir. Bundan başqa, iddiaçıya torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılmasına dair işdə sənəd vardır ki, bu hal torpağın bələdiyyə torpağı olmasını təsdiq edir. Əks hala istinad etdiyi üçün cavabdeh torpağın bələdiyyə mülkiyyətində olmadığına dair sübut təqdim etmək vəzifəsi daşıyır. Lakin, hazırda bildirməsinə baxmayaraq cavabdeh tərəfindən bir sübut da, verilməmişdir. Digər tərəfdən isə cavabdeh sözügdən dəlili özünün elektron baza məlumatlarına isintadla irəli sürür. Həmin məlumatlar isə daim cavabdehin istifadəsində olduğuna görə belə bir halı o, əgər həqiqətən mövcuddursa, bilmək və məhkəməyə təqdim etmək imkanına məhkmə araşdırmalarının gedişində həmişə malik olmuşdur. Odur ki, cavabdeh İPM-nin 100-cü maddəsinin tələb etdiyi kimi istinad etdiyi yeni halların ondan asılı omayan səbələrdən ilkin icraat zamanı təqdim olunmamasını da sübut edə bilmir.
15. Notarial qaydada təsdiq edilmiş **********885 nömrəli ərizəyə əsasən X7 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə və həmin torpaq sahəsinə dair adına çıxarış və texniki pasport verilməsinə etiraz etmir və razıdır.
16. Məhkəmənin 2-1(112)-2291/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq X2 tərəfindən 16 fevral 2024-cü il tarixli 01 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolu əsasında X5 mülkiyyətinə ayrılmış Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m torpaq sahəsinin (faktiki olaraq həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********83-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.11624 ha torpaq sahəsidir) Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 914 nömrəli (sualda 31 avqust 2000-ci il tarixli 812 nömrəli kimi qeyd edilmişdir) sərəncamı ilə Nərimanov rayonu İnzibati Ərazi Dairəsinin hüdudları daxilində (Bakı şəhər İcra Hakimiyyətinin “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 26 sentyabr 2000-ci il tarixli 914 nömrəli sərəncamı ilə; Nərimanov Bələdiyyəsinə təhvil verilmiş 311,22 hektar torpaq sahəsinin daxilidir) yerləşməsi müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə sənəd təqdim edilməmişdir;
2. Təqdim olunmuş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkə Komitəsi tərəfindən təsdiq edilməmişdir;
3. Bələdiyyə sənədlərində torpaq sahəsi X4 adına ayrılmışdır.
4. Torpaq sahəsi dövlət mülkiyyətindədir.
24. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Məhkəmə ilk öncə cavabdehin birinci və üçüncü dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında qərarın təqdim edilməməsini bildirsə də, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolundan çıxarışa əsasən Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m torpaq sahəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikintisinə ayrılan torpaq sahəsi alğı-satqı yolu ilə "xxxx" MMC-nin təsisçisi A.Ə.Sadiqovun mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı müliyyətindədir və o, notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edərək qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına etiraz etmir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
27. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində üzərində yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalıdır.
28. Cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
29. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Nərimanov bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 nömrəli protokolundan çıxarışa münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 16 noaybr 2006-cı il tarixli protokoldan çıxarış geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının qərarla ona ayrılmış 1100 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır.
30. Məhkəmə eləcə də, qeyd edir ki, hazırda iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən verilmişdir. Həmin qərarla sözügedən bələdiyyə qərarının qanuniliyinə qiymət verilmişdir.
31. Cavabdehin dördüncü dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ilk öncə yuxarıda qeyd edildiyi kimi iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən verilmişdir və həmin məhkəmə qərarından cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi məsələsinə baxılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli 2-1(102)-577/2016 saylı qərardadı ilə mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması məsələsinə qiymət verilmişdir. Əlavə olaraq məhkəmə qərardadına əsasən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardadın icrası ilə bağlı təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolu əsasında X5 mülkiyyətinə ayrılmış Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m torpaq sahəsinin (faktiki olaraq həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********83-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.11624 ha torpaq sahəsidir) Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000ci il tarixli 914 nömrəli (sualda 31 avqust 2000-ci il tarixli 812 nömrəli kimi qeyd edilmişdir) sərəncamı ilə Nərimanov rayonu İnzibati Ərazi Dairəsinin hüdudları daxilində (Bakı şəhər İcra Hakimiyyətinin “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 26 sentyabr 2000-ci il tarixli 914 nömrəli sərəncamı ilə; Nərimanov Bələdiyyəsinə təhvil verilmiş 311,22 hektar torpaq sahəsinin daxilidir) yerləşir.
32. Beləliklə, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir.
33. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolundan çıxarışa əsasən bələdiyyə ərazisində ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva