Məhkəmə qərarları › İş №2-1(112)-3970/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3970/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3970/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X15 və X11) qarşı “çıxarışın ləğvi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X4 adına verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ haqqında xx.xx.2021-ci il tarixli çıxarışın və onun əsası olmuş qeydlərin ləğv edilməsi və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “qeydiyyatda olduğu və yaşadığı evin torpağını əri X5 ilə 1957-ci ildə repressiya qurbanları ailəsi kimi dövlət tərəfindən almışdır. Üzərində iki otaqlı evi inşa etmişdir. Ailəsi əri, özü, qızları Yeganə, İradə və oğlu Sabir idi. İki otaqlı evi və torpağı o və əri oğlu Sabirin 19 yaşı olduğundan 1979-cu ildə onun adına bağışlama müqaviləsi ilə keçirmişdir. Ailələri böyümüşdür. X22 evlənmişdir. Bakıya gələndən sonra arvadı ilə Bakı şəhəri Yasamal rayonunda yaşamışdır. Həyətdə olan torpağın üzərində o (iddiaçı), ayrı iki otaqlı evi tikmişdir. Həyət yenidən bölünməli idi. Çünki köhnə olan iki otaqlı tikili beş otaq olmuşdur. 2021-ci ildə oğlu həyatın bölgüsünü aparmışdır və əmlakın yarısını böyük evlə birgə qızı Yeganayə bağışlama yolu ilə keçirmişdir. Həmin ev və torpaq Yeganənin adına rəsmiləşdirilmişdir. Lakin, onun inşa etdiyi ev qeydiyyata alınmamış qalmışdır. Həyətin qalan hissəsi və torpaq sahəsi Sabirin adına rəsmiləşdirilmişdir. Qəflətən Sabir vəfat etmişdir. Arzu vərəsəlik vasitəsilə inşa etdiyi evə köçmək istəyir. Bu isə onun inşa etdiyi evə dair mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. O, cavabdeh olan Daşınmaz əmlakın reyestr və kadastr xidmətinə yeni inşa etdiyi evinin qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh bu günədək cavab verməmişdir.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, eyni zamanda X15 və X11 üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********23 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia tələbində qeyd olunan daşınmaz əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa və notarial qaydada təsdiq edilmiş 8İ-18538 nömrəli, xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır və halhazırda X6 mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbində qeyd olunan daşınmaz əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa və notarial qaydada təsdiq edilmiş 8İ-18538 nömrəli, xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır və hal-hazırda X6 mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 7233/**********707233 nömrəli məktubu ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 55.2 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 98.6 kv.m olan ev və 0.05533 kv.m torpaq sahəsi X6 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 98.6 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 (fərdi evdən ü/s - 15,2 kv.m, 24,3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi; xx.xx.02021-ci il tarixdə) və X3 adına (4 otaq, ü/s-83,4 kv.m və 0.02213 ha torpaq sahəsi) qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-538 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X13 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 98.6 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05533 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən fərdi yaşayış evinin 83.4 kv/m hissəsni və torpaq sahəsinin 0.0221 ha hissəsini bacısı X3 mülkiyyətinə vermişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 96.9 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 (1/2 hissə; xx.xx.2021-ci il tarixdə) və X3 adına (1/2 hissə; xx.xx.2021-ci il tarixdə) qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, **********719 nömrəli ərizəyə əsasən X1 Sabir Fətulla oğlu ilə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.055330 ha torpaq sahəsinin birgə bərabər payda bölüşdürülməsinə və yenidən sənədləşdirilməsinə, çıxarış verilməsinə etiraz etmir. - xx.xx.2021-ci il tarixli, **********720 nömrəli Ərizəyə əsasən X2 Yeganə Fətulla qızı ilə paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.055330 ha torpaq sahəsinin birgə bərabər payda bölüşdürülməsinə və yenidən sənədləşdirilməsinə, çıxarış verilməsinə etiraz etmir. - X13 tərəfindən ƏMDK yanında DƏDRX-ə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Teymur Mustafayev küçəsi, ev 28 ünvanına dair bölgü sxeminə əsasən yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Digər payçı yeni ünvan aldığı üçün onun (X6) ünvanının olduğu kimi qalmasını xahiş etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 15.0 kv.m olan ev və 0.0336 kv.m torpaq sahəsi X6 adına xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -xx.xx.1979-cu il tarixli bağışlama müqaviləsinə əsasən X16 əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini oğlu X8 bağışlamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, reyestrdə 4Ə-538 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X13 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 98.6 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05533 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən fərdi yaşayış evinin 83.4 kv/m hissəsini və torpaq sahəsinin 0.0221 ha hissəsini bacısı X3 mülkiyyətinə vermişdir. X13 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət olunaraq ünvan 5 ünvanına dair bölgü sxeminə əsasən yeni çıxarış və texniki pasport verilməsi, digər payçı yeni ünvan aldığı üçün onun ünvanının olduğu kimi qalması xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 15.0 kv.m olan ev və 0.0336 kv.m torpaq sahəsi X6 adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” İşin hallarından görünür ki, mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasında aparılmışdır. Məhkəmə hesab edir ki, qeydiyyat notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında aparıldığından daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının ləğvi onun aparılmasını əsas təşkil etmiş mülki hüquqi əqd(lər) mübahisələndirilməklə həyata keçirilə bilər və bu cür iddia(lar)a mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının hüquqi marağı da hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi, sözügedən daşınmaz əmlakla bağlı mülki hüquqi əqdin ləğvi və ya etibarsız hesab edilməsi ilə bağlıdır. Həmin məsələ isə publik hüququn deyil, xüsusi (mülki) hüququn əhatə sferasına aid olan məsələ olduğundan və bağlanmış mülki hüquqi əqd olan bağışlama müqaviləsi qüvvədə olduğundan (xitam (ləğv) və ya etibarsız hesab edilmədiyindən) hazırkı iddianın inzibati məhkəmə icraatı çərçivəsində araşdırma predmeti olması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka dair qeydləri müvafiq mülki hüquqi əqd əsasında qeydə aldığından, bununla da cavabdehin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar