Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3971/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X3 Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “sərəncamların etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası X3 Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionu cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Nərimanov rayonu, 830-cu məhəllə T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə olan 426 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamı və həmin sərəncam əsasında qəbul edilmiş 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamların etibarsız hesab edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X3 Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionu 1994-cü ildə nizamnaməsi təsdiq edilməklə təsis edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetin 2011-ci il tarixli 193 nömrəli qərarla X3 Nazirliyinin sturukturuna daxil olmayan tabeliyindəki qrumların siyahısına daxil edilmişdir. Stadionun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsi qeyri qanuni şəkildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin icarəsinə verilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonu, 830-cu məhəllə T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə "Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Hesab edir ki, hər iki sərəncam tam qanunsuz olmaqla yanaşı həmdə səlahiyyətsiz şəkildə verilmiş, iddiaçının hüquq və mənafelərini tamamı ilə pozmuşdur. İlk öncə sərəncamların etibarsızlığına əsas olan hallara keçməmişdən öncə iddianın mümkünlüyü ilə bağlı məhkəmənin diqqətinə bir neçə məqamı çatdırılmasını zəruri hesab edir. Hazırkı iddia tələbinin predmetini məhz cavabdeh orqan tərəfindən qəbul edilmiş sərəncamların etibarsızlığı təşkil edir. Qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinin predmetidə sözügedən etibarsızlıq olduğundan məhz müvafiq olaraq hesab edir ki, həmin sərəncamların etibarsızlğı üçün əsaslar mövcuddur və bu əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir. İlk öncə, sərəncamda göstərilən torpaq sahəsi məhz dövlət obyektinin yerləşdiyi sahə olmaqla iddiaçının qanuni sahibliyində olan torpaq sahəsidir və dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında “Rossler İntro" MMC-nin istifadəsinə verilməsi ilə bağlı sərəncam qəbul etmək səlahiyyəti olmamış və həmin səlahiyyət sərəncam verilərkən Əmlak Məsələləri Dövlət Komitəsinə aid olmuşdur. Başqa sözlə, cavabdeh inzibati orqanın həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq inzibati akt qəbul etmək səlahiyyəti olmamışdır. Beləliklə yuxarıda göstərilən qanunvercilyin tələblərinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 426 nömrəli xx.xx.2012ci il tarixli Sərəncamı bütün müdəaları ilə birlikdə qəbul edildiyi tarixdən yararsız olmuş və heç bir hüquqi nəticə yaratmamışdır. Bundan əlavə həmçinin həmin sərəncam aşağıdakılar baxımdanda qanunverciliyin tələblərinə zidd olmuşdur. Torpaq İcarəsi haqqında qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Habelə sözügedən etibarsız sərəncam verilərkən belə bu barədə iddiaçı təşkilatın özünün razılığı alınmamış, torpaq icarəsi müqaviləsi bağlanmamış, həmin icarə müqaviləsi dövlət qeydiyyatına alınmamış, ümumiyyətlə sərəncam özü qeyrimüəyyən olmaqla faktiki səbəblərdən icrası mümkün olmayan sənəd olmuşdur. Həmçinin həmin sərəncam heç bir hüquqi nəticəsi olmadığından və səlahiyyətsiz qəbul olunduğundan həmin sərəncam əsasında qəbul edilmiş "Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilməsi barədə olan Bakı Şəhər İcra Hakimiyyətinin 60 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı da etibarsız olmuşdur. Bundan əlavə məhkəmənin diqqətinə bir neçə əhəmiyyətli məqamın da çaldırılması vacib hesab edir. Belə ki, həmin sərəncam əsasında orada tikilmiş yarımçıq tiklidə tikili zibil tullantılarının, yanğına səbəb ola biləcək qurumuş ot və digər tullantıların atıldığı sahəyə, "evsiz insanların" məskunlaşma məkanına çevrilmişdir. Göstərilən sahədə mövcud olan anti-sanitar şərait real xəstəlik mənbəyi olmaqla yanaşı Tofiq Bəhramov adına Respublika Stadionunda Beynəlxalq və ölkə səviyyəli futbol oyunları və idman tədbirlərinin təşkili zamanı gələn qonaqlarda stadionun imici haqqında mənfi rəy formalaşdırır.
3. "xxxx" MMC-yə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamına əsasən, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 1/802 saylı razılıq məktubunu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2012-ci il tarixli, 43/1730 saylı məktubunu, X3 Nazirliyinin xx.xx.2012-ci il tarixli, 03/R-06/16 saylı məktubunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, 01/01-02 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, 830-cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün 0,3031 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 426 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan ada keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 60 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası X3 Nazirliyinin xx.xx.2019-cu il tarixli, 455/R-06/16 saylı müraciətini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 012-019 saylı məktubunu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası X3 Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 002-019 saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 426 saylı sərəncamı ilə Nərimanov rayonu, 830cu məhəllə, T.Bəhramov adına Respublika Stadionunun istifadəsində olan ərazidə mehmanxana binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmış 0,3031 ha torpaq sahəsi "xxxx" MMC-nin adına sənədləşdirilmişdir.
5. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğularına cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası X3 Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun yerləşdiyi ünvan ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir.
6. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər.
7. Üçüncü şəxs "xxxx" MMC iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası X3 Nazirliyinin Tofiq Bəhrəmov adına Respublika Stadionu iddia ərizəsini iddia müddətini ötürməklə verib. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər və Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı sərəncamların etibarsızlığına dair iddianı Sərəncamların icrasına başlandığı tarixdən müvafiq olaraq 11 və 4 ildən artıq vaxt keçdikdən sonra verib. Halbuki, yuxarıda qeyd etdiyi kimi, iddiaçı bu müqavilənin etibarsızlığına dair iddianı Sərəncamların icrasına başlanıldığı 03 oktyabr 2012-ci və 18 fevral 2019-cu il il tarixdən hesabalanmaqla, bir il müddətində yəni, 03 oktyabr 2013-cü il və 18 fevral 2020-ci il tarixə qədər irəli sürə bilərdi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cii maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı Azərbaycan Respublikası X3 Nazirliyinin Tofiq Bəhrəmov adına Respublika Stadionu cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti tətbiq edib, iddia tələblərini təmin etməməsini xahiş etmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/04-359 nömrəli məktubu ilə razılaşdırılmış işçi layihəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 426 nömrəli Sərəncamına əsasən 0.3031 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli 12/139 nömrəli ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
9. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 01-49/24 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəsisi rəyinə əsasən tədqiqatın nəticəsi: 1.Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisinin Genplan xəritəsi əsasında sərhədləri naturada müəyyən hissəsi şərti sərhəd olmaqla müəyyən edildi. (bax ortofoto görüntüləri)
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-yə 0.3031 ha torpaq sahəsinin 2012-ci ildəki və hazırkı vəziyyətdə yuxarıda göstərilən genplan əsasında Tofiq Bəhramov adına Respublika Stadionunun hüdudları daxilində yerləşir. (bax:şəkil-3)
3. 1989-cu ildə tərtib edilmiş cizgi plan əsasında müəyyən edilmiş stadionun ərazisinin döngə nöqtə koordinatları və mübahisəli torpaq sahəsinin döngə nöqtə koordinatları əks edilməklə ortofoto görüntüsü və sxemi müəyyən edildi. (bax:şəkil-3)
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-yə verilmiş torpaq sahəsinin 2012-ci il və hazırkı vəziyyətə kateqoriyası senaye, rabitə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyalı, dövlət mülkiyyətində olan torpaq sahəsidir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin vəkili iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
15. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
16. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
17. X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
20. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli sərəncamın və həmin sərəncam əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli sərəncamın etibarsız hesab edilməsini xahiş edir və tələbini onunla əsaslandırır ki, stadionun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsi qeyri-qanuni şəkildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin icarəsinə verilmişdir. Lakin qeyd edilən hal iddiaçıya sərəncamların mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hansı hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. İddiaçının məhkəməyə təqdim edilmiş və özü tərəfindən təsdiq edilmiş “Genplan xəritəsi” sərəncamların mübahisələndirilməsi üçün əsas hesab edilə bilməz.
21. Odur ki, iddiaçının həmin torpaq sahəsinə dair sərəncamların etibarsız hesab edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə iddiaçının iddia tələbində icra hakimiyyətinin səlahiyyətlərinin aşması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ var.
22. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır, baxmayaraq ki, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillədən və mütəxəsis rəyində ərazinin fototəsvirlərindən aydın görünür ki, mehmanxana binası artıq uzun illərdi ki, tikilir. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir.
23. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva