Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3973/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailəsində anadangəlmə əlil övladını, özünün əlil olduğunu nəzərə alaraq sığorta şirkəti tərəfindən pozulmuş hüququnu bərpa edərək ona çatası qanuni sığortanın alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 20 yanvar 1997-ci il tarixindən 29 avqust 1998-ci il tarixinədək, hərbi polisdə xidmətdə olmuşdur. Xidməti dövründə aldığı xəsarətə görə “Papanin” hərbi hospitalında dörd aya qədər müalicədə olsa da sağlamlığını bərpa olunmadığından 29 avqust 1998-ci il tarixdə xidmətinin qurtarmasına bir aya yaxın vaxt qalmasına baxmayaraq xəstəliyinə görə xidmətdən təxris etmişlər. Sonradan mülki xəstəxanalarda müalicə olunsa da, hərbi qulluqda aldığı xəsarətlərlə əlaqədər təxrisindən 3.5 il sonrası yəni 30 mart 2002-ci il tarixdə İİ qrup əlillik dərəcəsi almışdır. Müddətsiz olaraq hazırdada alır. Ona qanuni çatası icbari şəxsi sığortanı məlumatı olmadığına görə vaxtında almamışdır. Hörmətli Prezidentin icbari sığortanın verilməsi barədə sərəncamından sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ərizə ilə müraciət etsə də, şirkət xx.xx.2022- ci il tarixli 05/2129 nömrəli bildiriş məktubu ilə "Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası Haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “G” bəndini əsas tutaraq sığortanın ödəməkdən imtina edir. İddiası- Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona qanuni çatası icbari sığortanın ödənilməsidir. Vaxtında almadığının səbəbi kimi onu bildirir ki, nə yatdığı xəstəxanalarda, nə xidmətdən təxris olunanda nə də qeydiyyata düşərkən rayon Hərbi Komissarlıqda ona sığorta pulu haqqında məlumat verilməmişdir.
3. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kantuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi iddiaçı 29 avqust 1998-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 30 mart 2002-ci il qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən qanunvericiliyin istinad olunan maddəsinə əsasən, iddiaçıya sığorta ödənişinin ödənməsi qeyri-mümkündür.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 yanvar 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, çağırış məntəqəsindən Azərbaycan Respublikası Hərbi Komissarlığının çağırış məntəqəsindən Hərbi Polis İdarəsi rəisinin sərəncamına gəlmiş və N №-li hərbi hissədə “gənc döyüşçü” kursunu keçmiş, Laçın RHKnın çağırışçısı, sıravi əsgər İddiaçı Hərbi Polis İdarəsi rəisinin xx.xx.1997-ci il tarixli 53 №-li əmrilə (əsas: §-3, səh-21, sıra-90) xidmətini davam etdirmək üçün həmin hərbi hissə komandirinin sərəncamında qalmış hesab edilərək, N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təchizat növlərinə daxil edilmişdir. Yevlax Qarnizonu Hərbi Polis rəisinin xx.xx.1997-ci il tarixli 37 №-li əmrilə (əsas: §-1, səh- 13, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) müddətli hərbi qulluqçu, sıravi İddiaçı şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 1997-ci il tarixli 30 saylı əmrinə və Xəstəliklər cədvəlinin “2-b” maddəsinin İİ qrafasına əsasən hərbi xidmətə məhdud yararlı hesab edilmiş, sıravi İddiaçı Yevlax Qarnizonu Hərbi Polis rəisinin xx.xx.1998-ci il tarixli 152 №-li əmrilə (əsas: səh-55, əmrdə vəzifəsi yazılmamışdır, əsas kimi “HP və QX İdarəsinin xx.xx.1998-ci il tarixli 101 saylı əmri və rəisin sərəncamı” göstərilmişdir.) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Laçın RHKna göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 1997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin 28 noyabr 2022-ci il tarixli 389 nömrəli arayışında bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 101 saylı əmrinə əsasən ehtiyata verilmişdir. xx.xx.1998-ci il tarixdən SHXÇDX-nin Laçın rayon bölməsində hərbi qeydiyyatdadır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
9. İddia tələbindən görünür ki, iddiaçının tələbi sığortanın ödənişinin alınması tələbidir.
10. Hazırki iddia məcburetməyə dair iddiadır.
11. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
13. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
14. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X1rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kantuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir.
19. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinə baxıldığı üçün iddia tələbinin dəyişdirilməsinə zərurət qalmadığını qeyd edir.
20. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva