Məhkəmə qərarları › İş №2-1(112)-3975/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3975/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3975/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 11-ci mərtəbə, 298 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 298 saylı mənzilinə dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 29 saylı xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən İddiaçı tərəfindən pay haqqı tam olaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 11-ci mərtəbə, 298 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil İddiaçı təhvil verilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nə kollektiv müraciət edilmişdir. Lakin cavabdeh xx.xx.2024cü il tarixli, 3-21-3-02/2-KOL-478-8/2024 nömrəli məktubla cavab verib formal mülahizələrə əsaslanaraq tələbi icra etməkdən imtina etmişdir. Hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı hesab edir ki, hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, iddiaçının belə bir hüququ vardır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən ünvanda yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-287/2015 nömrəli icra vərəqəsi daxil olmuşdur. Əlavə olaraq bildirilir ki, qeyd edilən ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən ayrı-ayrı mənzillər üzərində daşınmaz əmlakın dövlət reyestrinin elektron bazasında məhdudiyyətlər mövcuddur.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı evin 4-cü giriş, 11-ci mərtəbə, 298 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və **********43 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 298 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli protokoldan çıxarış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Həmçinin sənədlərə qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı əlavə edilməmişdir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə ümumi sahəsinin 108.5 kv.m olsa da, faktiki 105.0 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2014-cü il tarixli, 29 nömrəli Müqaviləyə İcraçıya ("xxxx" MTK-nə) ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların (İddiaçı) vəsaiti hesabına inşa edilən yaşayış binasında X3 adına olan 3 otaqlı 108,5 kv.m 258 saylı mənzil İddiaçı adına keçirilmişdir (X3 ərizəsinə əsasən).

6. Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə xx.xx.2014-cü il tarixli 22 nömrəli Arayışa əsasən Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 4 giriş 11 mərtəbəsi 298 saylı 3 otaqlı (108,5 kv.m) X3 adına olan mənzil xx.xx.2014-cü il tarixində İddiaçı adına keçirilmişdir.

7. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli Protokolundan Çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 4-cü giriş, 11-ci mərtəbə, ümumi sahəsi 108,5 kv.m, 298 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

8. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) hüquqi varisi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin təsis sənədləri məhkəməyə təqdim edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixə olan məlumata əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" yaşayış sahəsi, 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmişdir.

10. “Azəriqaz” İB tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MTK- ya məxsus çoxmənzilli yaşayış binası “Azəriqaz” İB tərəfindən müvafiq qaydada qazlaşdırılmış və həmin binada yerləşən 288 mənzil qaz sayğacları ilə təmin edilmişdir.

11. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M nömrəli binaya 21 iyun 2023-cü il tarixli Ö/006203 nömrəli “İstismara hazırlıq Aktı” və orda yerləşən 400 kq qaldırma qabiliyyəti olan 4 ədəd sərnişin lifti ilə bağlı Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X12 Agentliyi tərəfindən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 24 iyul 2019-cu il tarixli A-11137 nömrəli Çıxarış "xxxx" MTK-yə verilmişdir.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. “A.R. & Ko " MMC ilə “Badu-Kübə" MTK arasında 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "A.R. & Ko” MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixdə icra qurumu tərəfindən icra edilmişdir. Göründüyü kimi, baxmayaraq ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır, icra qurumu tərəfindən həmin qətnamənin icrası yalnız xx.xx.2023-cü il tarixdə təmin edilmişdir. "xxxx" MTK məhkəmə qətnaməsindən xəbərdar olsa da heç bir hüququ olmadığı halda qanunsuz olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək sözügedən binaya dair “istismara hazırlıq” aktının onun adına verilməsinə nail olmuşdur. Aydın məsələdir ki, həmin akt inzibati orqan tərəfindən verilərkən qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi nəzərə alınmamış, ümumiyyətlə inzibati orqanın bu qətnamənin mövcudluğundan xəbəri olmamışdır. Maraqlısı isə ondadır ki, "xxxx" MTK-nın sədri (qanuni nümayəndəsi) X15 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-8/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il MTK-da vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin inzibati aktın verildiyi tarixdə də "xxxx" MTK-nın sədri (qanuni nümayəndəsi) X15 həbsdə olmuşdur və həmin hüquqi şəxsdə sədr və ya sədr vəzifəsini həyata keçirən hər hansı şəxs olmamışdır. Haşiyədən kənara çıxaraq onu 'da qeyd edək ki, Badu-Kübə” MTK-nın sədri məhkum X15 hazırda əlavə cəzasını çəkir və taksi sürücüsü kimi vergi orqanında qeydiyyatdadır və hazırda həmin MTK-da sədr və ya sədr vəzifəsini icra edən şəxs yoxdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icra qurumu tərəfindən xx.xx.2023-cü il tarixdə icra edildikdən sonra, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə verilməsi təmin edildikdən sonra həmin binanın yeni və qanuni istismarçısı "xxxx" MMC tərəfindən bir sıra dövlət orqanlarına istismara qəbul aktlarının alınması üçün müraciətlər edilmişdir. Həmin dövlət orqanları da binanın istismarçısı qismində "xxxx" MMC-ni tanıyaraq onunla sövdələşmələr aparmış və rəsmi sənədləri "xxxx" MMC-nin adına vermişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icra qurumu tərəfindən xx.xx.2023-cü il tarixdə icra edildikdən tərəfimizdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. İnzibati orqanın vəzifəli şəxsləri tərəfindən bildirilmişdir ki, artıq həmin binaya dair “istismara hazırlıq aktı verilmişdir”, "xxxx" MMC tərəfindən bütün sənədlər toplandıqdan və binada tamamlama işləri yekunlaşdıqdan sonra müraciət edilərsə istismara icazə aktı binanın qanuni istismarçısı "xxxx" MMC-yə təqdim ediləcəkdir. Yəni hazırkı halda 21 iyul 2023-cü il tarixdə verilmiş “istismara hazırlıq” aktını dəyişməyə zərurət yoxdur. Biz də öz növbəmizdə hər işi məhkəməyə daşımaq istəmədiyimizdən hazırda sadəcə olaraq həmin sənədlərin toplanmasına və binanın mövcud problemlərinin həllinə diqqət yönəlmişdir. Bundan başqa tərəfinizdən haqlı olaraq verilmiş bir digər sorğuya “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavab verilərkən məktubda “ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binası” ifadəsindən istifadə edilir. Üçüncü şəxs hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən texniki səhvə yol verilmişdir. Çünki həmin qurumun "A.R. & Ko” MMC-yə ünvanlanan bir digər məktubunda "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası” ifadəsindən istifadə olunur ki, nisbətən doğru olan ifadə tərzi budur. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi "xxxx" MMC-nin xeyrinə çıxarılarkən, yəni "xxxx" MMC-nin iddiası təmin edilərkən məhkəmə "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinin 3.6-cı bəndinə əsaslanmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi istər "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən, istərsə də qanuni qüvvəsini alaraq icra edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair bütün hüquqlarını itirmişdir və binanın istismarı bütünlüklə "xxxx" MMC-yə məxsusdur. "xxxx" MTK-nın təsisçilərinin məhkəməni aldatmasına, ədalət mühakiməsinin həyata keçirilməsinə maneələr yaratmasına, binada yerləşən mənzillərin qanuni sahiblərinin sahiblik və mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə "xxxx" MMC tərəfindən heç bir vəchlə yol verilməyəcək və hüquqi sferada bununla bağlı sonadək mübarizə aparılacaqdır. Hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən "xxxx" MTK-nın bir sıra təsisçiləri barəsində yaşayış binasında yerləşən mənzillərin qanuni sahiblərinin xəbəri olmadan başqa şəxslərə satılması barədə cinayət işləri başlanmış və ibtidai istintaqı davam etməkdədir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadına əsasən iddiaçı X10 nümayəndəsi M.Hadinin iddianı təmin etmə tədbiri ilə bağlı verdiyi ərizəsi təmin edilmişdir. "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda yerləşən əmlakına həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyriyaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi "xxxx" MTK-ya qadağan edilmişdir.

15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

24. X22 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

25. X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə hazırki iş üzrə araşdırmanı X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:

27. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

28. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

29. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X22 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

30. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 11-ci mərtəbə, 298 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.

31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2014-cü il tarixli, 29 nömrəli Müqaviləyə İcraçıya ("xxxx" MTK-nə) ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların (İddiaçı) vəsaiti hesabına inşa edilən yaşayış binasında X3 adına olan 3 otaqlı 108,5 kv.m 258 saylı mənzil İddiaçı adına keçirilmişdir (X3 ərizəsinə əsasən). - Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə xx.xx.2014-cü il tarixli, 22 nömrəli Arayışa əsasən Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 4 giriş 11 mərtəbəsi 298 saylı 3 otaqlı (108,5 kv.m) X3 adına olan mənzil xx.xx.2014-cü il tarixində İddiaçı adına keçirilmişdir. - "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli Protokolundan Çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 4-cü giriş, 11-ci mərtəbə, ümumi sahəsi 108,5 kv.m, 298 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

32. Cavabdeh orqan imtinanın dəlili olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadına istinad etmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadına əsasən iddiaçı X10 nümayəndəsi M.Hadinin iddianı təmin etmə tədbiri ilə bağlı verdiyi ərizəsi təmin edilmişdir. "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda yerləşən əmlakına həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyriyaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi "xxxx" MTK-ya qadağan edilmişdir.

33. Bununla bağlı məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" MMCyə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. “A.R. & Ko " MMC ilə “Badu-Kübə" MTK arasında 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

34. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, “A.R. & Ko " MMC ilə “Badu-Kübə" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsindən görünür olur ki, podratçı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 0.40 hektar ərazidə dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması, tikinti başa çatdıqdan sonra podratçı "xxxx" MTK bina üzərində olan bütün hüquqlarının itirilməsi, eləcə də binanın istismarının sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Odur ki, müqavilədə "xxxx" MTK tərəfindən tikinti ilə bağlı işlərinin aparılması müəyyən edilmiş, bina üzərində müqavilədə "xxxx" MTK-nın mülkiyyət hüququnun yaranması qeyd olunmamışdır. Digər tərəfdən "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda yerləşən daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını təsdiqləyən hər hansı digər hüquqmüəyyənedici sənəd mövcud deyil.

35. Belə olan təqdirdə məhkəmə nəzərə alır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadına əsasən "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda yerləşən əmlakına həbs qoyulması qadağan edilməsinə baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda yerləşən daşınmaz əmlak üzərində "xxxx" MTK-nın mülkiyyət hüquqlarının qeydiyyata alınması faktı müəyyən edilməmişdir.

36. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə fiziki və ya hüquqi şəxsin məhz xüsusi mülkiyyətində olan daşınmaz əmlak üzərində həbsin qoyulması müəyyən edilmişdir.

37. Digər tərəfdən məhkəmə müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən əmlak üzərində həbs X17 adlı fiziki şəxs tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsi nəticəsində qoyulmuşdur (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadı ilə).

38. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən, 258 saylı mənzilin İddiaçı adına keçirilməsi ilə bağlı "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 29 nömrəli X4 tərəfindən mübahisələndirilməmişdir.

39. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 29 nömrəli Müqavilədə, “Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə” xx.xx.2014-cü il tarixli, 22 nömrəli Arayışda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən, 258 saylı mənzilin X5 məxsus olduğu və onun razılıq ərizəsi əsasında İddiaçı adına keçirildiyi qeyd olunmuşdur. Mənzilin İddiaçı adına keçirilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli, 29 nömrəli X1 tərəfindən mübahisələndirildiyi müəyyən edilmir.

40. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən, 258 saylı mənzil xx.xx.2014-cü il tarixdən (yaşayış binasının şəxsin adına keçirilməsi barədə müqavilə bağlandığı tarixdən etibarən) İddiaçı faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Bu müddət ərzində mənzilə dair hər hansı digər şəxsin iddiası və ya mübahisə olmamışdır. "xxxx" MMC-nin (25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən binanın sifarişçisinin) təsisçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli Protokolundan Çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 4-cü giriş, 11-ci mərtəbə, ümumi sahəsi 108,5 kv.m, 298 saylı mənzilin payçısı olması təsdiq edilmişdir.

41. Digər tərəfdən məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixə olan məlumata əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" yaşayış sahəsi, 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə sözügedən binada qeydiyyata alınmış mənzillərlə bağlı hüquq müəyyənedici sənədləri nəzərdən keçirərək müəyyən edir ki, həmin mənzillər üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-8199/2014 nömrəli Qərardadı qəbul edildikdən sonrakı dövrdə tanınmışdır (X8 – xx.xx.2019-cu il tarixdə, X18 – xx.xx.2018-ci il tarixdə, X7 – xx.xx.2018-ci il tarixdə və digərləri).

42. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

43. Məhkəmə nəzərə alır ki, məhkəmə qərarı icra olunan zaman mənzilin faktiki ölçüləri nəzərə alınmalıdır.

44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

49. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

50. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən yaşayış binasının 298 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar