Məhkəmə qərarları › İş №2-1(112)-3977/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3977/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3977/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 27 may 2012-ci il tarixdən əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası alır. 2021-ci ilin iyul ayının 6-da əlillik müddəti bitdiyi üçün 13 iyul 2021-ci il tarixdə əlillik müddətinin uzadılması ilə əlaqədar xəstəlik barədə sənədlər TSEK-ə göndərilmiş və 23 iyul 2021-ci il tarixdə yenidən əlillik təyin edilmişdir. Lakin əlillik dərəcəsi 23 iyulda təsdiqlənməsinə baxmayaraq ona bu barədə məlumat 24 sentyabr 2021-ci il tarixdə edilmişdir. İnzibati orqan ödənişi dayandırdığı tarixdən bərpa etmək əvəzinə yeni ərizənin verilməsini tələb etdi ki, o da, həmin ərizəni təqdim etdi. 01 avqust 2021-ci ildən pensiyanın dayandırıldığı və pensiyanın aylıq məbləği 1413,51 manat olduğu halda oktyabr ayında ona cəmi 1112,31 manat vəsait köçürüldü. 18 oktyabr 2021-ci il tarixdə ona 4240,53 manat vəsait köçürülməli olduğu halda, azaldılaraq cəmi 1112,31 manat vəsait köçürüldü ki, bununla əlaqədar müraciət olunmasına baxmayaraq cavab təqdim edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək onun pensiyasının azaldılması barədə qərarın ləğv edilməsini, pensiyasının məbləğinin dayandırıldığı 01 avqust 2021-ci il tarixdən əvvəlki məbləğdə ödənişinin davam etdirilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi, guya artıq ödənilmiş 17035.20 manat məbləğində vəsaitin bərpa edilməsi barədə 04 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsi və vurulmuş maddi və mənəvi zərərə görə 10 min manat məbləğin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq 17035,20 manat məbləğin bank hesabına köçürülməsini tələb edir. Guya ki, ona 21988,83 manat artıq vəsait hesablanmış və həmin vəsaitdən 495363 manat (2224.62 manat avqust və sentyabr ayları üzrə ona ödənilməli olan ayların 2729.01 manat isə 27 may 20212-30 noyabr 2013-cü illər üçün əskik hesablanma) onun razılığı olmadan inzibati orqan tərəfindən əvəz edilərək bərpa edilmiş 17035.20 manatın ödənilməsi üçün qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək iddia ərizəsində qeyd etdiyi cavab təqdim edilməmiş müraciətinə 08 dekabr 2022-ci il tarixdə cavab təqdim edildiyini, məktubda pensiyanın azaldılmasına dair açıqlama verilsə də açıqlamanın səbəbininin əsaslandırılmadığını qeyd etmişdir. Belə ki, mükafatın faktiki 7.88 dəfə olduğu halda 6.91, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq hesab) 80,35 manat götürülmüşdür. Kompensasiya səhv hesablanaraq aylıq vəzifə məvacibinin artırılması zamanı yeni məvacibə uyğunlaşdırılmamış, məbləğ sabit olaraq qalmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarının ləğv edilməsini, əmək pensiyasının yenidən hesablanması haqqında 7 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, mükafatın 7.88 dəfə (788 faiz), son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsinin və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehə müraciət edilib-edilməməsi baxımından ilkin iddia tələbi ilə sonradan dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə müəyyən fərqlərin olması da mümkün hesab edilir. Belə ki, iddiaçının cavabdehə müraciətindən aydın olur ki, cavabdeh əmək pensiyası məbləğinin azaldılması ilə bağlı iddiaçının müraciətinə cavab təqdim etmədiyindən məbləğin azaldılmasına münasibətdə iddiaçı səbəbləri bilmədiyindən məhz əvvəlki məbləğin bərpa edilməsini pensiyanın azaldılmasının əsassız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı pensiya orqanından əldə etdiyi cavab məktubu ilə pensiyanın azaldılmasının səbəblərini müəyyən etmiş və məhkəmənin yardımı ilə də çatmaq istədiyi, hüquqi marağına uyğun olaraq dəqiqləşmə vermişdir ki, məhkəmə hazırkı tələblərə münasibətdə də müraciətin mövcud olduğu, ilkin müraciətin ifadə formasından asılı olmayaraq cavabdehə hüquqi marağa uyğun müraciət edildiyi və iddiaçının istər ilkin müraciəti, istərsə də dəqiqləşmiş müraciətlərinə müsbət nəticə əldə edə bilmədiyindən hazırkı formada iddianın mümkünlüyü şərtlərinin ödənildiyi qənaətindədir. Belə ki, iddiaçının müraciətinin formasından asılı olmayaraq iddia etdiklərinin təmin edilməsindən cavabdehin imtinası həm ilkin müraciətə cavabında, həm də son müraciətləri və məhkəmədə verilən dəqiqləşmiş iddiaya imtinasından aydın olur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia tələbində qeyd olunan cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Bu hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir: “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə şəxsin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir.Bu səbəbdən də pensiya orqanı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etməli idi. Lakin hazırkı halda iddiaçı iddia ərizəsi ilə müraciət edərək qərarın qəbulu ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirdiyindən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin iddiası olmadan belə, onun hərəkətlərinin qanuni və ya qanunsuz olmasına məhkəmə münasibət bildirməli, təkcə 39.1-ci maddəsinin tələbinin pozulmasından əlavə, həmçinin cavabdehin həmin məbləği geri istəməsi ilə bağlı hərəkətlərinə də qiymət verməlidir. Qeyd olunur ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini və yenidən hesablama barədə inzibati aktın və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, pensiya alan şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, vətəndaşdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması belə məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə pensiya orqanının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində vətəndaşın təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan istər geri qaytarma barədə qərarda və məktubda aparılmış araşdırma nəticəsində guman edilən səhv hesablamaya və tutulmalı olan məbləğin mövcudluğuna istinad edilmişdir ki, bu zaman vətəndaşın guman edilən səhv məbləğ təyinatına hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya hesablanması, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və ya səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödəmələrin bu və ya digər formada həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiyanın yenidən hesablanması barədə inzibati aktın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Göründüyü kimi cavabdehin əmək pensiyasınını yenidən hesablanması barədə son qərarının qanunsuz və ya qanuni olması iddiaçının etimad hüququna istinadı mövcud oludğundan əhəmiyyət daşımır. Cavabdeh pensiyanı yenidən hesablayarkən səhvə yol verdiyini müəyyən etmişdirsə də, bu səhv iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə nəticələnməməlidir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv hesablansa belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. İddiaçının tələbinin digər hissəsindən isə müəyyən edilir ki, iddiaçı eyni zamanda mükafatın 7.88 dəfə (788 faiz) nisbətində yenidən hesablanaraq götürülməsi iddiasındadır. İş materiallarında mövcud olan əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərardan da müəyyən edilir ki, dövlət məvacibinə daxil olan mükafatın faiz nisbəti 691,75 faiz, yəni əmsal kimi təxminən 6.91 kimi müəyyən edilmişdir. İddiaçı isə həmin faizin 788 faiz, əmsal kimi isə 7.88 dəfə olmalı olduğu iddiasındadır. Məhkəmə həmin hissədə də hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan Maliyyə Nazirliyinin 15 yanvar 2019-cu il tarixli məktubundan da müəyyən edilir ki, iddiaçının vəzifəsi üzrə 2003-cü ildə aylıq vəzifə maaşı 310-320 min manat, 2004-cü ildə isə 1120 min manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin:

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Göründüyü kimi mükafatlandırma vəzifə maaşına nisbətdə müəyyən edilir ki, iş materiallarında olan pensiya işindən də müəyyən edilir ki, iddiaçı 2003-cü il üzrə vəzifə maaşı 320 min manat olduğu vaxt mart ayında 320 min manat, noyabr ayında 236500 manat, dekabr ayında 473 min manat, 2004-cü ildə vəzifə maaşının 320 min manat olduğu vaxt 236500 manat, vəzifə maaşının 1120 min manat olduğu vaxt oktyabr ayında 1120 min manat, noyabr ayında 704700 manat, dekabr ayında 1120 min manat, 2005-ci ilin mart ayında isə əmək haqqının 1443 min manat olduğu vaxtda 1443 min manat mükafat almışdır. Bu səbəbdən də iddiaçı müvafiq olaraq 2003-cü il üzrə 3.22 əmsala, 2004-cü ildə 3.37 əmsala, 2005-ci il üzrə isə 1.29 əmsala istinad edərək ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibətdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına dair əsaslı iddia ilə müraciət etmişdir. Cavabdehin hesablamalarından isə aydın olur ki, cavabdeh iddiaçının məhz vəzifə maaşını nəzərə almadan, pensiya işində olan əmək haqqının aylar üzrə məbləği üzrə siyahıda əsas əmək haqqının məbləğinin alınan mükafata nisbətini əsas götürmüş nəticədə isə faiz 691, əmsal isə 6.91 rəqəmini almışdır ki, məhkəmə araşdırması zamanı həmin rəqəmin 2004-cü ildə mart ayında alınan 236500 manat mükafatın adıçəkilən siyahıda əmək haqqının 473 min manat qeyd edilməsinə əsasən alındığını müəyyən etmişdir. Halbuki, həmin dövrdə 2004-cü ilin mart ayı da daxil olmaqla avqust ayına kimi baş məsləhətçi üzrə vəzifə maaşı 473 min manat yox, məhz 320 min manat olmuşdur. Göründüyü kimi iddiaçı son 24 ayda vəzifə maaşının 788 faizi miqdarında mükafat almışdır, cavabdeh isə 691 faiz miqdar müəyyən etmişdir ki, nəticədə iddiaçının əmək pensiyasında mükafatın məbləği müəyyən edilərkən səhvə yol verilmiş, məbləğ 691 faiz kimi qeyd edildiyindən məbləğ 257,97 manat kimi qeyd edilmişdir. Son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsi hissəsində də məhkəmə iddianı əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Qeyd olunan səbəbdəndir ki, son haqq-hesab məbləği də məcburi dövlət sosial sığortaya cəlb edildiyindən, həmin məbləğ pensiya hesablanmasında istər qanunvericiliyin tələblərinə, istərsə də inzibati məhkəmə praktikasının (Azərbaycan Respublikası Ali Məhkəməsi 06 oktyabr 2020-ci il tarixli 2-1(103)-1858/2020 nömrəli qərarı və digər aidiyyəti qərarlar) nəzərə alınmalıdır. Cavabdeh də son haqq hesabı, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiya pensiya təyin edilərkən 80,35 manat olmaqla nəzərə almışdır. Lakin iddiaçı, həmin məbləğin düzgün müəyyən edilmədiyi qənaətindədir. Məhkəmə də həmin hissədə də iddianı əsaslı hesab edərək qeyd edir ki, stifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş kompensasiya pensiya 80,35 manat məbləğində nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının aldığı son haqq hesab kimi ******* manat məbləği əsas götürmüş həmin məbləğ 5000 rəqəminə bölünmüş alınan 1928.34 manat əlavə son 24 ay nəzərə alınmaqla 24-ə bölünərək 80,35 manat rəqəm almışdır. Halbuki, həmin hesablama qaydasının hansı hüquqi akta əsasən hesablandığı sübut edilə bilməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, mükafata münasibətdə hesablama qaydasından fərqli olaraq cavabdehin son haqq hesaba münasibətdə göstərilən hesablama qaydasında fərqləndirmənin aparılması qanunvericiliyin tələbi yox, cavabdehin daxili qayda ilə müəyyən etdiyi hesablama qaydası olduğu aşkardır. Məhkəmə hesab edir ki, son haqq hesabın ******* manat olması nəzərə alınmaqla və iddiaçının vəzifə maaşı yox, dövlət məvacibinin məbləğinin ******* manat olması nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu zaman isə həmin rəqəmlərin nisbətinin 6.68 kimi müəyyən edilir ki, iddiaçının pensiya təyin edilərkən dövlət məvacibinin 742.18 manat olması nəzərə alınmaqla son haqq hesabın 80,35 yox, məhz 206.57 manat olduğu sadə riyazi hesablama yolu ilə müəyyən edilir. Göründüyü kimi iddia bu hissədə də əsaslıdır. Beləliklə, əmək pensiyası yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən hesablanmalıdır. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərarın ləğvi barədə iddia da əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının mükafat və son haqq hesaba görə əmək pensiyasının yenidən hesablanması barədə iddianın təmin edilməsi əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərarının ləğvini zəruri edir ki, məhkəmə qərarının icrası və iddiaçının hüquqi marağının təmini zərurətindən məhkəmə belə qənaətə gəlir ki, həmin qərar ləğv edilməklə məhkəmənin iddiaçının mükafat və son haqq hesaba görə mövqeyi nəzərə alınmaqla onun pensiyası yenidən hesablanmalıdır. Son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsindən sonra dövlət qulluqçularının əmək haqqının arıtırılması tempinə uyğun olaraq son haqq hesabın uyğunlaşdırılması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etmir. Doğrudur ki, məhkəmə hesab edir ki, iddiaçının istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavəsi 80,35 manat yox, 6.68 dəfə nisbət müəyyən edilməklə hesablanmalı idi. Lakin alınan 206.57 manatın dövlət qulluqçuları üçün əmək haqqının artırılması tempinə uyğunlaşdırılması qanunvericiliyin tələbinə uyğun deyil. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın:

1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.

10. Qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Qanunvericiliyin tələbindən də müəyyən edilir ki, dövlət məvacibinin məbləği dəyişərkən əmək pensiyasının yenidən hesablanması həyata keçirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əmək haqqlarının artırılmasına dair müvafiq Sərəncamlarına əsasən əmək pensiyaları dövlət qulluqçularına münasibətdə artırılır. İddiaçı isə ddiaçının istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavənin də həmin Sərəncamlar əsasında artmalı olduğu qənaətindədir. Halbuki, yuxarıda adıçəkilən Qaydalarda hansı məbləğlərin artmalı olduğu aşkar qaydada qeyd edilmişdir. Qaydaların 3 və 4-cü hissələrindən müəyyən edilir ki, qanunvericilik dövlət məvacibinin tərkibində olan vəzifə maaşı, əlavə və digər ödənişlərə münasibətdə fərqli mövqedən çıxış etmişdir. 3-cü hissədən görünür ki, həqiqətən də vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanmalıdır. Lakin, elə əlavələr də vardır ki, vəzifə maaşının artımı həmin əlavələrə təsir etmir. Belə ki, Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) vəzifə maaşından asılı olmayaraq spesifik qanunvericilik normaları ilə tənzimləndiyindən həmin normada müvafiq dəyişiklik edilməklə artırıla və ya azaldıla bilər. Bu səbəbdən də vəzifə maaşının artımı zamanı mütləq rəqəmlə müəyyən edilən əlavə, o cümlədən məbləğləri “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na əsasən müəyyən edilən əlavələr “Dövlət qulluqçularının əmək haqqlarının artırılmasına dair müvafiq Sərəncamlarının qəbulu ilə əlaqədar dəyişməz qalır və həmin Qaydaların özündə dəyişiklik olmadığı müddətdə əmək pensiyasının yenidən hesablanması baş vermir. İddiaçı isə istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının sabit məbləğlə müəyyən edilən əlavə olmadığından məhz, Qaydaların 3-cü hissəsində olduğu kimi vəzifə maaşından asılı olduğundan hər dəfə müvafiq Sərəncamlara uyğun olaraq artırılması olması qənaətindədir. Məhkəmə isə hesab edir ki, həmin son haqq hesab nə vəzifə maaşına münasibətdə faizlə müəyyən edilən əlavə hesab edilmir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, son haqq hesab məbləğinin müəyyən edilməsi ilə əlaqədar hesablama qaydasında da müəyyən edilir ki, həmin rəqəmin alınması zamanı vəzifə maaşına faizlə müəyyən edilmədən söhbət gedə bilməz. Həmin rəqəm hər nə qədər vəzifə maaşının artımından asılı olsa da, konkre faizlə müəyyən edilən əlavə olmamışdır. Qaydaların 3-cü hissəsində faizlə müəyyən edilən əlavəyə misal kimi dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s qeyd edilmişdir ki, və s anlayışına misal olaraq məhkəmə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəni qeyd edir. Belə ki, həmin əlavə də qulluq stajına görə əlavədə olduğu kimi konkret faizlə müəyyən edilir. Göründüyü kimi son haqq hesab nə faizlə müəyyən edilən, nə də mütləq müəyyən edilən əlavə hesab edilmir. Son haqq hesab, məhkəmə hesab edir ki, Qaydaların 4-cü hissəsində adıçəkilən “digər ödənişlər”-in növlərindən biri hesab edilir. Qaydaların 3-cü və 4-cü hissələrinin birgə təhlilindən də aydın olur ki, digər ödənişlər dedikdə qanunvericilik həmin ödənişləri vəzifə maaşına faizlə müəyyənləşdirilən əlavələr və mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələrdən ayırır. Xüsusilə də 4-cü hissədə bu aşkar müəyyən edilir. Belə ki, həmin hissədən də görünür ki, “mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.” kimi ifadə işlətmişdir ki, həmin hissə onu qeyd edir ki, mütləq rəqəmlər müəyyən edilən əlavə, misal ixtisas dərəcəsinə görə əlavə haqq 40 manatdan 80 manata artarsa vəzifə maaşı və ona nisbətdə faizlə müəyyən edilən əlavələrdən başqa, həmçinin digər ödənişlər, yəni 9-cu hissədə qeyd edilmiş dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri, hazırkı iş üzrə isə konkret olaraq son haqq hesab nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Göründüyü kimi Qaydaların 3-cü hissəsində digər ödənişlərin vəzifə maaşı artanda artmalı olduğu qeyd edilməmiş, digər ödənişlər vəzifə maaşından asılı olsalar belə vəzifə maaşına münasibətdə faizlə müəyyən edilmədiyindən dəyişməz saxlanılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyası müvafiq Sərəncamlarla dövlət qulluqçularının əmək haqqının arıtırılması tempinə uyğun olaraq artmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı barəsində qəbul etdiyi “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 04 fevral 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərarları ləğv edilsin. İddiaçı Dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar