Məhkəmə qərarları › İş №2-1(112)-3978/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3978/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3978/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinin imtinasının qeyri-qanuni hesab edilməsi və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 11 sentyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə tərəflərin iştirakı ilə iddianın mümkünlüyü məsələsinə qiymət verilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verdi. İddianın mümkünlüyü məsələsi ilə bağlı izahatında göstərdi ki, iddiaçı tərəfindən əvvəlcə cavabdeh inzibati orqana müraciət olunmuş, daha sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinə müraciət olunsa da, müraciət elektron ərizə vasitəsilə deyil, kağız daşıyıcıda göndərilmiş, müraciət düzgün olmayan qaydada göndərilməməklə yanaşı müraciətə baxılaraq, cavab verilməsi barədə qanunvericliklə müəyyən edilmiş müddət gözlənilmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Halbuki müraciətin edildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik)hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçının hazırki tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair məcburetmə haqqında iddia növünə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə eyni məzmunlu ərizə ilə kağız daşıyıcıda cavabdehə müraciət edərək, ona ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadatənamə verilməsini xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş poçt göndəriş qəbzinin surətindən görünür ki, qeyd olunan ərizə 04 mart 2020-ci il tarixdə cavabdeh ünvanlanmışdır. Lakin iddiaçı müraciətin edildiyi vaxtdan 35 gün keçməmiş 12 mart 2020ci il tarixdə, yəni 08 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinin rəsmi internet səhifəsində nostrifikasiya ilə bağlı ərizələrin verilməsi barədə müraciət qaydaları müəyyən edilmiş, həmin qaydalara əsasən bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Belə olan halda iddiaçı tərəfindən müəyyən edilmiş qaydada düzgün formada, yəni elektron ərizə vasitəsilə müraciət olunmadığından, cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, ona müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə müraciətin edildiyi vaxtdan 35 gün keçməmiş məhkəmədə iddia qaldırdığından, bununla da cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyi tərəfindən İddiaçı oğlunun hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya nostrifikasiya ilə bağlı elektron ərizə vasitəsilə cavabdehə müraciət etməli olması izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya nostrifikasiya ilə bağlı elektron ərizə vasitəsilə cavabdehə müraciət etməli olması izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, İddiaçı küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar