Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3979/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi (direktoru) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 8-ci mərtəbə, 280 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 280 saylı mənzilinə dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən İddiaçı tərəfindən pay haqqı tam olaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 8-ci mərtəbə, 280 saylı, 3 otaqlı (108,5 kv.m) mənzil İddiaçı təhvil verilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün iddiaçı müvafiq sənədlərlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli, **********32 nömrəli məktubla cavab verib formal mülahizələrə əsaslanaraq tələbini icra etməkdən imtina etmişir. Hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı hesab edir ki, hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, onun da belə bir hüququ vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən mənzilə dair xx.xx.2006-cı il tarixində X1 adına "xxxx" MTK ilə müqavilə imzalanmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə X2, "xxxx" MTK və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. "xxxx" MTK-dan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "M" yaşayış sahəsində inşa etdiyi 13 M saylı binanın sakinlərinə "xxxx" MMC - nin rəhbərliyi çıxarışın alınması üçün Protokoldan çıxarış verməyə ixtiyarı yoxdur. Ona görə ki, "xxxx" MMC - nin rəhbərliyinin 13 M saylı binanın sifarişçisi olmasına istinad etdiyi, Bakı İcra Hakimiyyətinin verdiyi 126 saylı Sərəncam, Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı Sərəncamı ilə ləğv edilmişdir. Ləğv edilmiş Sərəncamla "Sifarişçi" olmur və o təşkilat bina tikə bilməz. Əlavə olaraq bildirilir ki, Protokoldan çıxarışı o təşkilat verə bilər ki, alqı-satqı müqaviləsi o təşkilatla bağlansın və müqavilədə olan mənzilin dəyəri həmin təşkilatin xəzinəsinə ödənilsin. "xxxx" MMC yalnız 13 M saylı binanın istismar xidməti ilə məşqul olan bir təşkilatdır. "xxxx" MMC-nin rəhbərliyi iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət edərək Ç Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. "xxxx" yaşayış sahəsi 13 M ünvanında MTK tərəfində inşa edilmiş yaşayış binasının məhkəmə yolu ilə istismsrçisi olaraq qeyd edilən "xxxx" MTK-nın dəyişdirilərək, "xxxx" MMC əvəz edilməsi və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində və Bakı şəhəri üzrə ASAN Xidmət mərkəzlərində sənədlərin qəbulu pəncərəsində xidmət göstərən əməkdaşlar, eləcə də aidiyyəti qurumlara məlumat verməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə icla- sında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona yönəlmişdir ki, yaşayış binasında "xxxx" MTK-dən mənzil alan şəxslər, mənzilə mülkiyyət hüququnun qeydə alınması zamanı cavabdehə müraciət edən zaman vətəndaşlardan "xxxx" MTK-nə dair sənədlər, xüsusilə də ümumi yığıncağın qərarı tələb edilməsin. Bu iddia Bakı İnzibatı Məhkəməsinin xx.xx.2025 ci il tarixli 2- 1(112) -7609\2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir. Qərardaddan iddiaçı Apellyasiya şikayəti vermişdir. xx.xx.2025 ci il tarixli 2-1(103) -2465\2025 saylı Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və İnzibati Məhkəmənin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Xahiş edilir ki, yuxarıda adı şəkilən məhkəmə qərarları nəzərə alınaraq 13 M saylı binanın sakinləri çıxarış üçün müraciət etdikdə təqdim etdikləri alqı-satqı müqaviləsinə uyğun olaraq, Protokoldan Çıxarış da "xxxx" MTK tərəfindən verilməsi tələb edilsin. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazrıkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixində bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilmiş 13M saylı yaşayış binasında, X4 adına olan 3 otaqlı, 108.5 kv.m, 280 saylı mənzil İddiaçı adına keçirilmişdir. -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 8-ci mərtəbə, 280 saylı, 3 otaqlı X4 adına olan mənzili xx.xx.2022-ci il tarixdə İddiaçı adına keçirilmişdir. İddiaçı kooperativə borcu yoxdur. -"xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən evin 4-cü giriş, 8-ci mərtəbə, 280 saylı mənzilin “payçı”sı olması təsdiq edilmişdir. -Cavabdeh tərəfindən təqdim edilən X3 ilə "xxxx" MTK arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində "xxxx" MTK-nın tikilməkdə olan binasında, 4-cü blok, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, sahəsi 108,5 kv.m sahəsi olan 280 saylı mənzil X4 adına olan 3 otaqlı, 108.5 kv.m, 280 saylı mənzil X1 adına keçirilmişdir. -Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3861/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi qismən təmin edilərək, ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" MTK-dan alınaraq, "xxxx" MMC-yə təhvil verilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra vərəqəsi verilmişdir. -Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixə olan məlumata əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-2465/2025 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “elektron xidmətlər bazasında istismarçının adının dəyişdiirlməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-7609/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-7609/2025 nömrəli qərardadı (qeyri-mümkün) dəyişdirilmədən saxlanılmışdır. Araşdırma zamanı məhkəmə sorğusuna verilən cavablara Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismara icazə sənədi yoxdur. Beləliklə işin hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası olaraq "xxxx" MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin əsas dəlili odur ki, iddiaçının mənzilinin yerləşdiyi "xxxx" MTK tərəfindən inşa olunmuş mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının binanın istismara icazə sənədi təqdim edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı təqdim olunmadığından onun tələbinin təmin olunmasından cavabdehin imtinası qanunazidd və hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılması zamanı mübahisə predmeti olan eyni mənzilə dair "xxxx" MTK ilə X2 xx.xx.2006-cı il tarixli müqavilənin olması müəyyən edilmiş və həmin müqavilənin ləğv edilməsi, ləğv edilməsi, etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülkihüquqi əqdin mötəbərliyinə hüquqi qiymət verilməsi isə inzibati məhkəmə icraatının predmeti olmadığından hazırkı şərtlər altında iddianın təmin edilməsi istisna edilir. Məhkəmə iddiaçının mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın istismarına qəbul edilməsi barədə sənəd təqdim olunmadan cavabdeh tərəfindən həmin binada yerləşən digər mənzillərin üzərində ayrı-ayrı şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı halda ona münasibətdə bərabərlik prinsipinə əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” qanundan: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Cavabdeh təşkilat tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mənzilinin yerləşdiyi 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, həmin mənzillər müxtəlif tarixlərdə qəbul edilmiş məhkəmə qərarları əsasında ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmışdır. Qeyd olunan məhkəmə qərarları mübahisələndirilməmiş və qeydiyyat hərəkətləri cavabdeh tərəfindən məhz məhkəmə qərarlarının icrası çərçivəsində həyata keçirilmişdir. Belə olan halda hesab edilir ki, qanunvericiliyə görə məhkəmə qərarından şikayət verilməsi tərəfin hüququ, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburi xarakter daşımaqla vəzifəsi kimi nəzərdə tutulduğundan, bundan sonra sözügedən binada cavabdeh tərəfindən inzibati icraat qaydasında eyni mühüm faktiki hallara əsaslanan azı bir mənzilin belə qeydiyyata alınması ilə bağlı hər hansı sübut təqdim olunmadığından (o cümlədən məhkəmə araşdırması ilə də əldə olunmadığından) hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan tərəfindən bu məsələdə müstəqil inzibati praktikanın yaradılması və praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və davamlı münasibəti təmin edəcək qaydada davranış nümayiş etdirilməsi müəyyən edilməməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı bərabərlik və inzibati orqanların praktikasına etimadın qorunması prinsipinə istinad edə bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Odur ki, iddia əsassız olduğundan təmin edilmir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3979/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3979/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver