Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-398/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 (Kürdəmir rayonu, Pirilli kəndində qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X4 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 11.02.2020-ci il tarixli qərarın ləğv edilməsi və 1-ci qrup əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2-1(120)-890/2020 saylı Qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.06.2019-cu ildə səhər saat 07-30 radələrində Bakı-Qazax şossesinin Kürdəmir rayonunu Qarabucaq kəndi yaxınlığından keçən hissəsində avtomobil qəzası nəticəsində ağır dərəcəli əzilmə ilə qapalı kəllə-beyin travması almışdır. Elə həmin gün o xəstəxanaya yerləşdirilmişdir. Orada 10 gündən artıq koma vəziyyətində qalmış, aparılmış intensiv terapiya tədbirləri nəticəsində həyatda qala bilmişdir. Təxminən iki aydan sonara 22.08.2019-cu ildə iddiaçı evə yazılaraq nevropotoloq və fizioterapevtin nəzarətinə göndərilmişdir. Xəstə evə buraxılarkən onda spastik dərin tetraparez müşahidə olunmuş, sərbəst gəzə bilməmiş və huşu qeyri adekvat olmuşdur xəstənin stasionar tibbi kartından çıxarış). İddiaçının müalicə aldığı Kürdəmir rayon xəstəxanasından xəstəyə əlillik qrupu münəyyən edilmək üçün 30.01.2020-ci ildə cavabdehə elektron göndəriş ünvanlanmışdır. Lakin cavabdeh qəbul etdiyi 11.02.2020-ci il tarixli aktı ilə iddiaçıya əliliik qrupu müəyyən etməkdən imtina etmişdir. Əsas kimi əlavə müalicəyə ehtiyac olması və buna görə də köməkçi diaqnostik müayinələri və diaqnostik ağırlaşmanı təsdiq etmək üçün əlavə stasionar müalicə təyin edilməsi göstərilmişdir. İmtina tamamilə əsassız və qanunsuzdur.İddiaçı 22.08.2020-ci ildən hazırkı vaxta qədər aldığı stasionar və ambulator müalicəyə baxmayaraq onda hər hansı irəliləyiş hiss olunmur. Xəstə sərbəst gəzə bilmir (qəflətən büdrəyib yıxılır), yanındakı adamları tanıyaraq yaddaşında saxlaya bilmir, onunla hazırda söhbət edən ən yaxınlarını (həyat yoldaşını, evladlarını, bacı və qardaşlarını) unudaraq digərlərindən yaxınlarının harada olduğunu dəfələrlə xəbər alır. Söhbətləşərkən tamamilə kənar mövzulara keçir, verilən sualları dürüst cavablandıra bilmir. Əsəbidir, səbirsizdir, nitq qüsuru vardır. Vaxtaşırı təxminən hər 15-20 gündən bir öz evində olmasına baxmayaraq, digər yerdə oluğunu təsdiqləyir və öz evinə getmək istədiyini təkidlə tələb edir. Bütün bunlar iddiaçıda əqli pozuntuların olmasını sübut edir. Alınan ağır qapalı kəllə-beyin travması, alın ve üz nahiyəsinin sümüklərinin həmçinin bədənin çoxsaylı sınıqları və sıyrıntılar nəticəsində xəstə gün ərzində əsasən halsız olur, tez yorulur və vaxtını yataqda keçirməyə məcbur olur. Gün ərzində ona qulluq edən şəxsin himayəsindədir.Əmək qabiliyyətini tamamilə itirib. Beləliklə, iddiaçının son səkkiz ayda aldığı müalicəyə baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmayıb, onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və hissiyat pozuntuları vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0274003AAHD6 saylı göndərişi əsasında 11.02.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0274003AAHD6 saylı göndərişin təhlili göstərmişdir ki, xəstəlik 30.06.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma, QKBT. Baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma və hər iki alın payda hemorragik kontuziyadan sonrakı vəziyyət” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, koqnitiv funksiyaların dərin ifadəli pozulması, spastik tetraparez” xəstəlikləri göstərilmişdir. Cavabdeh bildirir ki, göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş travmanın heç bir ağırlaşmaları müayinələrlə əsaslandırılmır, təsdiqedici köməkçi diaqnostik müayinələrin nəticələri qeyd edilməyib. Belə ki, baş beyinin KT müayinəsi səthi yazılıb, diaqnozu əsaslandırmır. Ensefalopatiya, koqnitiv funksiyaların pozulması diaqnozlu ağırlaşmanı təsdiq edən EEQ müayinəsinin nəticəsi qeyd edilməyib. Ağırlaşma kimi qeyd edilmiş spastik tetraparez nevropatoloqun rəyi ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçıya əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - Neyrocərrahlıq xəstəxanasında tərtib edilmiş stasionar xəstənin tibbi kartından çıxarışdan görünür ki, İddiaçı 30.06.2019-cu il tarixdə “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızma, hər iki alın payda hemorragik kontuziya, üzün və alın nahiyəsinin yumşaq toxumalarının əziyi, bədənin çoxsaylı sıyrıntıları” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Daxil olarkən ümumi halı çox ağırdır. A/T-l 10/80 mm civə sütununa bərabərdir. Nəbzin dəqiqəlik sayı 78 vurğudur. Tənəffüsü sərbəstdir. Qarnı yumşaq və ağrısızdır. Huşu sopor səviyyədə pozulub. Bəbəklər S=D, foto və korneal reflekslər canlıdır. Göz almaların üzücü hərəkətləri qeyd olunur. Ağrı qıcığına qarşı ətraflarda hərəkətlər qeyd olunur. Meningeal əlamətlər yoxdur. KT-da hər iki alın payda hemorragik kontuziya travmatik SAQ qeyd olunur. Xəstə reanimasiya şöbəsinə yerləşdirildi, intensiv terapiyaya başlanıldı. 10.07.2019-cu il tarixdə traxeostomiya icra olundu. İntensiv terapiya fonunda yaxşılaşma qeyd olunur. Xəstəyə müalicəvi bədən tərbiyəsi, masaj tətbiq olunmuşdur. Kontrol KT müayinədə hemorragiya sorulması qeyd olunur. Konservativ taktika davam olundu. Müalicə tədbirləri ərzində yaxşılaşma qeyd olunur. Traxeostom boru çıxarılmış və yara birincili sağalmışdır. Stasionardan yazılarkən huşu aydındır, qeyriadekvatdır, sərbəst tənəffüsdədir. Xəstədə spastik dərin tetraparez qeyd olunur. Aktiv gəzmir. Xəstə nevroloq və Fizioterapevtin nəzarətinə yazılır. - Kürdəmir MRX-da tərtib edilmiş stasionar xəstənin stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı 17.12.2019--28.12.2019-cu il tarixlərdə “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, postravmatik ensefalopatiya, spastik tetraplegiya, koqnitiv funksiyaların pozulması” diaqnozu ilə müalicə almışdır. Xəstə başağrısından, başgicəllənmədən, bütün ətraflarında zəiflikdən, yerişin pozulmasından şikayət edir. 6 aydır ki, xəstədir. Xəstəliyini aldığı qapalı kəllə- beyin travması ilə əlaqələndirir. A/T-l40/80 mm civə sütununa bərabərdir. Nəbzin dəqiqəlik sayı 80 vurğudur. Bəbəklər D=S, işığa reaksiya canlıdır. Burun-dodaq büküşü asimmetrikdir. Reflekslər yüksəkdir, D=S. Spastik tetraplegiya pozulması izlənilir. Xəstə 28.12.2019-cu il tarixdə ambulator müalicəyə yazılır. Kürdəmir rayon mərkəzi xəstəxanasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 0274003AAHD6 nömrəli göndərişlə göndərilmiş 088 saylı arayışdan görünür ki, X8 30.06.2019-cu il tarixindən xəstədir. Xəstəliyin gedişi xronikidir. Xəstəliyə görə son 6 ay ərzində müraciətləri: 14.01.2020, 28.01.2020-ci il tarixlərdə “S06.7 Uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma” diaqnozu ilə. Stasionar malicə aldığı müəssisələr: 30.06-22.08.2019-cu il tarixlərdə Respublika Neyrocərrahiyyə xəstəxanası, 17.12.2019-28.12.2019-cu il tarixlərdə Kürdəmir RMX-sı. TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti: dəri və görünən selikli qişalar solğundur. Periferik limfa vəziləri əllənmir. Əzələ tonusu bütün ətraflarda artıb. Əzələ gücü enib. Sağ ətraflarda 3,5 bal, solda 4,0 bala yaxındır. Ağciyər üzərində sərt tənəffüs eşidilir. Ürək tonları aydındır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Anamnezindən məlumdur ki, 30.06.2019- cu ildə yol qəzası nəticəsində ağır qapalı kəllə-beyin travması almış, ağır vəziyyətdə Neyrocərrahiyyə xəstəxanasına gətirilmişdir. Uzun müddət stasionar müalicə olunub, sonra ev şəraitində neyropatoloqun nəzarəti altında müalicə olunub. Kürdəmir RMX-da stasionar müalicə olunub. Təkrari KT vəj kranioserebral MRT olunub. Xəstənin vəziyyətində əhəmiyyətli dəyişiklik yoxdur. Bəbəkləri D=S, işığa reaksiya canlıdır, göz almalarının hərəkəti' zamanı nistaqm yaranır. Burun-dodaq büküşləri asimmetrikdir. Refleksləri yüksəkdir, D=S. Əzələ tonusu bütün ətraflarda artıb. Əzələ gücü enib, sağ ətrafda 3.5 bal, solda 4,0 bala yaxındır. Xəstənin hərəkətləri çətinləşib, yaddaşı və intellekti kəskin enib, əlaqəsiz danışır, eyni sözləri təkrar edir. Əsəbidir, səbrsizdir, bir yerdə qərar tuta bilmir. Həkim müayinələrinin nəticələri: nevropatoloq: 28.01.2020-ci il tarixdə S06.7 Uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma və hər iki alın payda hemorragik kontuziyadan sonrakı vəziyyət. KT: hər iki alın payda hemorragik kontuziya, travmatik SAQ qeyd olunur. Qanda şəkərin miqdarı-5,1 mmol/L, qanın ümumi analizi-Hb 120ql, Leyk 7,8x 10, EÇS 20 mm/s. Əsas diaqnoz: “S06.7 Uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcə əzilməsi, subaraxnoidal qansızma və hər iki alın payda hemorragik kontuziyadan sonrakı vəziyyət'’. Ağırlaşma:T90.5 kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, koqnitiv funksiyaların dərin ifadəli pozulması, G82.4 spastik tetraplegiya, spastik tetraparez. - TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, TSEK-ə göndərilməsi üçün əsas: ümumi xəstəlik1 Qiymətləndirilmə tarixi: 11.02.2020-ci il. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə məlumat: imtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: köməkçi diaqnostik müayinələri və diaqnozun ağırlaşmasını dəqiqləşdirmək üçün əlavə stasionar müalicə təyin edilir. - Azərbaycan Dövlət Həkimləri X2 və Narkologiya kafedrasının professoru, tibb elmləri doktoru X7 tərəfindən tərtib edilmiş 15.07.2021-ci il tarixli arayışdan görünür ki, xəstə İddiaçı professor-psixiatrda ambulator (privat) son 1 ildir hal-hazıra qədər müalicə qəbul edir. Diaqnoz: “proqressiv ağıl zəifliyi (demensiya)”. - Respublika Neyrocərrahiyyə xəstəxanasında İddiaçı adına tərtib edilmiş 06.08.2021-ci il tarixli baş beynin nativ KT müayinəsindən görünür ki, bilateral olaraq şiddətli beyin atrofıyası izlənilir, atrofıyaya bağlı olaraq üçüncü və yan mədəciklər bir qədər genişlənib, beyin şırımlarının və Silvi yarıqlarının genişliyi artıb. Supratentorial sahədə orta xətdə dislokasiya izlənmədi. Bilateral olaraq alın paylarında köhnə hadisəyə aid hipodens ensefalomalyasiya sahəsi və dərin ağ maddədə mikroangiopatik işemik dəyişikliklər izlənilir. Müayinə sahəsinə daxil olan paranazal sinusların etmoidal hücrələrin pnevmotizasiyası normaldır, patoloji görünüş diqqət çəkmir. - Respublika Neyrocərrahiyyə xəstəxanasında tərtib edilmiş 2849 saylı ambulator kartadan çıxarışdan görünür ki, xəstə kəllə-beyin travması ilə RMX-da stasionar müalicədə olub. Əsas xəstəlik: keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşması: spastik dərin tetraparez, koqnitiv pozuntular, xroniki ensefalopatiya. Vəziyyəti orta ağırdır. Huşu aydın, qeyri-adekvatdır. Suallara ləng cavab verir. Dərin spastik tetraparez qeyd olunur. Sərbəst gəzmir. Beyin atrofıyası, hər iki alın payında ensefalomalyasiya. Xəstə psixiatrın, nevroloqun mütəmadi müalicəsində olmuşdur. Xəstəyə qulluq tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçının 0274003AAHD6 saylı forma 88 göndərişində qeyd olunan əsas diaqnoz və ağırlaşmaların təsdiq edilib-edilməməsi, diaqnoz və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə aid olması barədə rəyin məhkəməyə təqdim olunması Respublika Neyrocərrahiyyə Xəstəxanasından sorğu əsasında tələb edilmişdir. Məhkəmənin mütəxəssis rəyinin verilməsinə dair sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından daxil olan cavab məktubunda iddiaçının 30 iyun 2019-cu il tarixdən 22.08.2019-cu il tarixədək Respublika Neyrocərrahiyyə Xəstəxanasının PHŞ-də qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi diaqnozu ilə stasionar müalicədə olduğu, 19.06.2020-ci il tarixdə təkrar baxış olduğu və kəllə-beyin travmasının qalıq əlamətlərinin müəyyən olunduğu, əlilliyin müayinə və dərəcəsinin təyin edilməsidə onların səlahiyyətli olmadıqları bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında 0274003AAHD6 saylı forma 88 göndərişində qeyd olunan əsas diaqnoz və ağırlaşmaların təsdiq edilib-edilmədiyi və 0274003AAHD6 saylı forma 88 göndərişində qeyd olunan əsas diaqnoz və ağırlaşmalar təsdiq edildiyi təqdirdə diaqnoz və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə aid olması barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli, T265/2021 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1960-cü il təvəllüdlü İddiaçı adına tərtib edilbiş 0274003AAHD6 saylı göndərişin rəsmiləşdiyi zaman əsas diaqnozun ağırlaşmaları qismən öz təsdiqini tapır. Diaqnozun ağırlaşmaları qismən öz əksini tapdığı üçün “əlavə müayinə və müalicə” və yalnız bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməsinin meyarlarına uyğunluğunun araşdırılması qərarı verilmişdir. Buna görə də həmin diaqnoz və ağırlaşmaların əsasnamənin hansı bəndinə uyğun olması haqqında fikir yürütməyin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli, T265/2021 saylı ekspert rəyinin işin hallarına uyğun olduğu qənaətinə gəlməklə əsaslı hesab edir və rəylə razılaşır. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçıya hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra ona 29 iyul 2020-ci il tarixdə uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma, QKBT.Baş beynin ağır dərəcə əzilməsi, subaraxnoidal qansızma və hər iki alın payda hemorragik kontuziyadan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya koqnitiv funksiyalarının dərin ifadəli pozulması diaqnozu əsasında əlillik səbəbi “ümumi” qeyd olunmaqla 2-ci qrup əlillik təyin edilmişdir. Lakin iddiaçı ona 1-ci qrup əlilliyin təyin edilməli olduğu əsası ilə 0274003AAHD6 saylı forma 88 göndəriş əsasında verilmiş 11.02.2020-ci il tarixli imtina cavabını mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının tibbi sənədlərinin təhlili əsasında ona qoyulan diaqnozun qismən öz əksini tapması əsası ilə əlavə müalicə və müayinələrdən sonra reabilitə olunmadığı təqdirdə müvafiq Əsasnaməyə uyğun olaraq 1-ci qrup əlilliyin təyin olunmasının şərtlərinə uyğun olub-olmamasının müəyyənləşə bilməsi müəyyən edilmişdir. Hazırki halda isə cavabdeh tərəfindən iddiaçıya artıq 2-ci qrup əlillik dərəcəsinin verilməsi işin mübahisəsiz halını təşkil etməkdədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); 2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); 2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97); 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0- S06.9); 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); 2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); 2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6); 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); F2.1.16. İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 0274003AAHD6 nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 11.12.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişin natamam doldurulması – səbəb: ixtisaslaşdırılmış müayinə və müalicənin davam etdirilməsi barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş əsasında iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni diaqnozu təsdiqləyən müayinələrin tam aparılmadığı, ixtisaslaşdırılmış müayinə və müalicəyə ehtiyacın olması qeyd olunmaqla Mərkəzə geri göndərmiş və sonrada 0274003AAHLO №li Forma 88 əsasında İddiaçı sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə 11.02.2020-ci il tarixli müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir, iddiaçının hüquqlarının pozulması ilə nəticlənəcək hər hansı hərəkət edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-398/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-398/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver