Məhkəmə qərarları › İş №2-1(112)-398/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-398/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-398/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs - X2) “çıxarışın ləğvi və yeni çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzilə (Xətai prospekti, 38, blok C2, 307-nömrəli mənzil) verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, iddiaçının əməkdaşlarının iştirakı ilə mənzil sahəsinin yenidən ölçülüb reallığı əks etdirən yeni çıxarış və texniki pasportun verilməsi haqqında qərar öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanda yerləşən binanın 13-cü mərtəbəsindəki 1 nömrəli mənzillə (Xətai prospekti, 38, blok C2, 307nömrəli mənzil) bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin mənzilin sahəsi hissəsinə düzəliş edilərək mənzilin sahəsini 122,8 kv.metr göstərilməklə yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdə öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı şəhəri, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış kompleksi inşa etmişdir. Həmin binada olan mənzillərin bir qismi müqavilə əsasında, digər qismi isə mənzil sertifikatı əsasında ayrı-ayrı vətəndaşlara satılmışdır. O cümlədən, sözügedən mənzil İddiaçı MTK tərəfindən buraxılmış MS seriyalı, 00320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı üzrə tələblər vətəndaş X1 adından xx.xx.2011-ci il tarixdə üçüncü şəxsə ötürülmüşdür. Sonradan üçüncü şəxs özündə olan ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.2011-ci il tarixli mənzil sertifikatı əsasında həmin mənzilə dair reyestr çıxarışın alınması üçün cavabdehə müraciət etmiş və ona xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəsi olan reyestr çıxarışı və texniki pasport verilmiş və həmin çıxarışda mənzilin ümumi sahəsi mənzil sertifikatında göstərilən sahədən 12,25 kv.m az olmaqla 121,9 kv.m kimi qeyd olunmuşdur. Bu da onun narazılığına səbəb olmuşdur. Cavabdeh öz imtina məktubunda mənzilin faktiki ümumi sahəsinin 130 kv.m təşkil etdiyini təsdiq etsə də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına istinad edərək həmin mənzilin faktiki mövcud olan ümumi sahəsindən az olmaqla 121,9 kv.m olduğunu təsdiqləmiş və bununla da mülki qanunvericiliyin tələblərin kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş ilkin hüquqmüəyyənedici sənəd olan xx.xx.2011-ci il tarixli mənzil sertifikatında sözügedən mənzilin ümumi sahəsi həmin vaxt qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq hesablanılmaqla 130 kv.m müəyyənləşmişdir. Belə olan halda, cavabdeh tərəfindən vətəndaşa çıxarış verərkən xx.xx.2011-ci cil tarixli mənzil sertifikatının verilməsindən sonra, yəni 2012-ci ildə qüvvəyə minmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad etmişdir ki, həmin qərarın da, geriyə qüvvəsi ola bilməzdi. Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi məqsədilə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq çoxmənzilli binaların siyahısı müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında çoxmərtəbəli yaşayış kompleksi inşa edilərkən həmin binanın və binadakı mənzillərin ümumi sahələrinə dair tərtib olunmuş işçi layihə planı Bakı şəhər İcra Hakimiyyətinin Baş memarı tərəfindən xx.xx.2007-ci il tarixli, 18/4-499 nömrə ilə təsdiqlənmişdir ki, həmin işçi layihədə də, binada yerləşən mənzillərin ümumi sahəsi konkret müəyyənləşdirimişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianı müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış MS-N seriyalı 000320 nömrəli Mənzil Sertifikatına əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 134,15 kv.m, yaşayış sahəsi 76,77 kv.m, tavanın hündürlüyü 3,30 m, otaqlarının sayı 3 olan mənzil sertifikatının sahibi X4 olmaqla o, xüsusi mülkiyyət hüququnu xx.xx.2012-ci il tarixdən gec olmayaraq qeyri şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Mənzil sertifikatının sahibinə verilmə tarixi 07 aprel 2011-ci il qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 121,90 kv.metr olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 307, Yeni Qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayonu, Xətai prospekti 170, M13, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxsin adına ********** qeydiyyat nömrəsi xx.xx.2020-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən həmin mənzilə dair üçüncü şəxsin adına xx.xx.2020-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzilin ümumi sahəsi 121,9 kv.m, yaşayış sahəsi 76,8 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-494/2022 saylı mülki iş üzrə verilmiş 10/2734 nömrəli 10 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin 121.3 kv.m təşkil etdiyi və həmin sahənin İddiaçı MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 nömrəli Mənzil Sertifikatında göstərilən sahəyə (134.15 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən verilmiş MS-N seriyalı 00320 nömrəli Mənzil Sertifikatında Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 nömrəli 3 otaqdan ibarət mənzilin sahəsinin hansı qayda da hesablanması göstərilmədiyindən mövcud olan uyğunsuzluğun əsaslarını və səbəblərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 10/6904 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 170, M13, m1) mənzil ümumi sahəsinin (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 132,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 1 nömrəli (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 170, M13, m1) mənzilin ümumi sahəsinin 122,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, üçüncü şəxsin ********** qeydiyyat nömrəli ərizəsinin icrası ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin 130 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Lakin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5, eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə əlavə edildiyindən, qeyd olunan mənzil - ümumi sahəsi 121,9 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin faktiki ölçülərini əks etdirən yeni texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (7.1.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir (12.1.). Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir (16.1.). Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs ararında müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti, 38, blok C2, 307-nömrəli mənzil üçüncü şəxsə satılmışdır. Bundan sonra üçüncü şəxs həmin mənzilə dair çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ona verilmiş dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin sahəsi 121,9 kv.metr göstərilmişdir. Lakin, iddiaçı hazırda həmin sahənin bundan çox olduğunu və mənzilə dair mənzil sertifikatının üçüncü şəxsə xx.xx.2011-ci il tarixdə verildiyini, həmin vaxt Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın qüvvədə olmadığını göstərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (bundan sonra - ŞTM) əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (59.1.). Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (59.2.). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (59.3.). Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır (59.4.). Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır (59.5.). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda göstərilmişdir ki, Terras binaya bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydança, Lociya - Xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə, Holl - binaların və mənzillərin giriş hissəsində istirahət üçün, gözləmə yeri kimi və s. məqsədlərlə istifadə olunan sahə, Balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, Eyvan binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgə, Şüşəbənd - adətən binaya əlavə tikilən və təbii işıqla işıqlandırılan şüşələnmiş keçid yerləşgədir (2). Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir (3.8.). Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mənzilin sahəsi hesablanarkən balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri azaltma əmsallarına vurulmaqla hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın hazırkı mübahisəyə tətbiq edilməli olmaması ilə bağlı iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində göstərilmişdir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır (İ). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (Vİİ.). Oxşar normalar “Normativ hüquqi aktlar haqqında” Aərbaycan Respublikasının Konstitusiya Qanununda da nəzərdə tutulmuşdur. Həmin Qanunda göstərilir ki, Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1.). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2.). Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir (87.3.). Qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi daşınmaz əmlakın dövlət reyestrini aparan inzibati orqana qarşı yönəlməklə, mənzilə dair dövlət reyestrində aparılmış düzəliş edilməsi barədədir. Həmin reyestr qeydi isə 2020-ci ildə aparılmışdır. Yəni, iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibəti həmin vaxtdan sonra, yəni iddiaçının öz hüquqlarının pozulması qənəatinə gəldiyi vaxt yaranmışdır. Belə olan halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın hazırkı mübahisəyə tətbiq edilməsi ndə hər hansı maneə mövcud deyildir. Üçüncü şəxsin mənzil sertifikatını 2011-ci ildə əldə etməsi isə mübahisənin mahiyyətinə təsir göstərmir. Belə ki, həmin məsələ iddiaçı ilə üçüncü şəxs arasında olan məsələdir ki, cavabdeh tərəfindən iddiaçının mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı yaranmış mübahisəyə aidiyyəti yoxdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş rəydən görünür ki, 1 saylı mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadıqda 132,6 kv.metr, azaltma əmsalları tətbiq edildikdə 122,8 kv.metr təşkil edir. Göründüyü kimi, ekspert rəyinə əsasən mənzilin sahəsi azaltma əmsalları tətbiq edilməklə hesablandıqda mənzilin ümumi sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstəriləndən 0,9 kv.metr artıq təşkil edir. Göründüyü kimi mənzilin sahəsi cavabdeh tərəfindən realda olduğundan az hesablanmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi hazırda iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin düzgün aparılmadığını, yəni qeydi aparan inzibati orqanın hərəkətlərini mübahisələndirir. Məhkəmə araşdırması zamanı həmin hərəkətlərin düzgün olmadığı və nəticədə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170 ünvanda yerləşən binanın 13-cü mərtəbəsindəki 1 nömrəli mənzillə (Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 307) bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin mənzilin sahəsi hissəsinə düzəliş edilərək mənzilin sahəsinin 122,8 kv.metr göstərilməklə yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar