Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3980/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qardaşı) İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı "bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 600 kv.m. olan "97” saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı adına Bakı şəhəri. Xəzər rayonu. Şüvəlan qəsəbəsində yerləşən “97" saylı torpaq sahəsində 600 kv.m. olan sahə Bakı Şəhər Xalq X3 Komitəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli bağçılıq üzvlük kitabçasına əsasən ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsi məqsədilə, iddiaçı xx.xx.2022-ci il tarixdə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlamış, lakin idarənin xx.xx.2022-ci il tarixli məktubuna əsasən "Sahil" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi “Sahil" bağçılıq-yoldaşlığa ayrılan ayrıe aktından kənarda yerləşdiyi üçün və sözügedən bağçılıqyoldaşlığa dair bölgü sxemi idarədə mövcud olmadığı üçün torpağın qeydiyyatına imtina verilmişdir. Sənədlərə əlavə olaraq xx.xx.2019-cu il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bələdiyyəsi təədiyyə bildirişinə əsasən fiziki şəxs Nümayəndə tərəfindən hər iki vergi növii olan torpaq 32.40 manat, əmlak vergisi isə 50 manat, tinıumillikdə 82 manat olmaqla dövlət hesabına köçürülməsi barədə qəbz qoşulur. Bildirir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bütün imtina məktublarında bağçılıq sənədlərinin və protokollarının olmaması səbəbi gətirilməsinə baxmayaraq, bütün adı çəkilən torpaq sahələrinə dair bağçılıq sənədləri mövcuddur və həmçinin 9/555 nömrəli 15 may 1989-cu il tarixli təhviltəslim aktına əsasən “Sahil" bağçılıq-yoldaşlıq təsərrüfatının təsdiq edilmiş bölgü sxemi iddiaya əlavə edilir.
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “97” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətdən imtina onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ərizəçinin adı aşkar olunmayıb. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin bir hisəsinin “Sahil” bağçılıq-yoldaşlığa ayrılan ayrıc aktından kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən bağçılıq-yoldaşlığa dair bölgü sxemi idarədə mövcud olmadığı üçün tərəfinizdən göstərilən bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Sahil“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı oğlunun adı aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən “Sahil” bağçılıq-yoldaşlığa ayrılan ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, sözügedən bağçılıq-yoldaşlığa dair bölgü sxemi İdarədə mövcud olmadığı üçün iddiaçı tərəfindən göstərilən bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********97 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 95 və 96 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/508 nömrəli qərarına əsasən Şimali DRES ərazisində kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün torpaq sahələri ayrılmışdır.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Sahil” bağçılıq yoldaşlığının üzvlük kitabçasına əsasən Bakı Baş Tikinti İdarəsinin əməkdaşı, müəssisədə 1990-cı ildən işləyən İddiaçı xx.xx.1995-ci il tarixli 01 nömrəli protokola əsasən sahəsi 600 kv.m. olan 97 nömrəli bağ sahəsi ayrılmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Şüvəlan ərazisindəki “Sahil” bağçılıq yoldaşlığı nəzdində dövlət qeydiyyatına alınmış bağ sahələrindən bir neçəsinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti nümunə olaraq təqdim olunmuşdur.
8. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı (nümayəndəsi) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
20. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
22. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
24. Məhkəmə tərəfindən torpaq sahəsinin ortofoto görüntüsünə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsi faktiki olaraq bir hissədə “Sahil” bağçılıq yoldaşlığına ayrılmış ayrıc aktında, bir hissədə isə kənarda, “Sahil” bağçılıq yoldaşlığının sxematik planına uyğun (nömrə ardıcıllığı ilə) yerləşir, torpaq sahəsi faktiki olaraq iddiaçının qanuni istifadəsindədir və hər hansı mübahisə yoxdur. Belə ki, müəyyən edilir ki, həmin bağ faktiki olaraq qeyd edilən ardıcıllıqla hazırkı vəziyyətinə uyğun yerləşmişlər.
25. Məhkəmə Bakı şəhər İcra Hakimiyyətinin Şüvəlan ərazisindəki “Sahil” bağçılıq yoldaşlığı nəzdində dövlət qeydiyyatına alınmış bağ sahələrindən bir neçəsinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olan “Sahil” bağçılıq yoldaşlığının eyni protokolu əsasında (xx.xx.1995-ci il tarixli 01 nömrəli) ayrılmış torpaq sahəsi (131 nömrəli bağ X2 adına) dövlət qeydiyyatına alınmışdır.
26. Beləliklə, məhkəmə qeyd edir ki, eyni protokolla ayrılmış torpaq sahəsi üzərində digər şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində inzibati orqanın öz təşəbbüsü ilə qeydiyyata alınmışdır. Odur ki, məhz həmin protokol əsasında da (xx.xx.1995-ci il tarixli 01 nömrəli) iddiaçıya torpaq sahəsi ayrıldığından həmin sənədin həqiqiliyi məhkəmədə şübhə doğurmur.
27. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
28. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
29. Odur ki, bu səbəbdən qeyd edilən texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin bir hissədə bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşməsi mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
30. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
31. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 600 kv.m. olan "97” nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva