Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3981/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırki tarixədək yaşadığı və qeydiyyatda olduğu, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Belə ki, buna dair ona müvafiq qurum tərəfindən hüquqlarının qeydiyyatına dair xx.xx.2020-ci il tarixli çıxarış da, verilmişdir. Qeyd olunan fərdi yaşayış evi, uzun müddət onun mülkiyyətində olmuş və o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Uzun müddət istismar olunduğu üçün həmin ev yararsız vəziyyət düşmüşdür. Onun müraciəti əsasında, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 421 saylı sərəncamı ilə həmin evin sökülərək, təqdim edilmiş layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Qeyd olunan sərancam əsasındə həmin fərdi yaşayış evi yenidən tikilmişdir. Bundan sonra o, qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-21-330/2-37748/2023 **********48 saylı məktubu ilə qeyd olunan fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, bu imtina əsasızdır. Çünki, tərəfindən təqdim olunmuş iddia ərizəsinə də, əlavə etdiyi sənədlərdən görünür ki, qeyd oluna fərdi yaşayış evi tərəfindən müvafiq icazə və sənədləşmə aparılaraq yenidən fərdi yaşayış evi kimi tikilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********49 saylı və xx.xx.2023-cü il tarixli, **********18 saylı xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş mənzilin sökülərək yerində fərdi yaşayış evinin inşa edildiyi məlum olmuşdur. Lakin, sökülmüş mənzil üzərində hüquqların ləğv edilməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə və inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin layihənin baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-37748/2023 **********48 nömrəli məktubla imtina edilmişdir.
8. İddiaçı tərəfindən iş materiallarına mübahisəli daşınmaz əmlakı 1993-cü il tarixə olan vəziyyətinə dair tərtib edilmiş texniki pasport əlavə edilmişdir.
9. Xətai rayon İcra Hakimiyyəti başçısının 421 nömrli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xüsusi mülkiyyətində olan H.Aslanov qəsəbəsi, İlqar Abbasov (keçmiş 4-cü Dairəvi) küçəsi, 35 saylı evin sökülüb təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına ünvan 2 ünvanında yerləşən İddiaçıa məxsus fərdi yaşayış evinin “Areal Group” MC tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma bölməsi əlavə edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 17 aprel 2024-cü il tarixli, 3-48-2F/2-822/2024 nömrəli məktubla İddiaçı barəsində Dövlət Arxivinin Bakı Filialında salanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2008-ci il tarixli, 421 saylı sərəncamın və ona əlavə edilmiş sənədin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-20918/2024 **********8 nömrəli məktubla Bakı şəhəri, Xətai rayonu, İ.Abbasov küçəsi, 35 A saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-21710/2024 **********10 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 4 . Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... M a d d ə 1 8 . Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
24. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən edilmiş hallarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Abbasov küçəsi, 35 saylı 4 otaqlı mənzilin 2 otağı xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı və onun mərhum anası X4 tərəfindən X1. İddiaçı həmin ünvanda yerləşən köhnə tikilinin sökülüb təqdim olunmuş layihə əsasında yenidən tikilməsinə icazə verilməsi barədə ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 421 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən İddiaçı xüsusi mülkiyyətində olan H.Aslanov qəsəbəsi, İlqar Abbasov (keçmiş 4-cü Dairəvi) küçəsi, 35 saylı evin sökülüb təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən köhnə mənzil sökülərək yerində rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında yeni fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən iddiaçının həmin mənzil sahəsi üzərində hüquqları tam şəkildə, “Qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək yeni inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və sökülmüş mənzil üzərində hüquqların ləğv edilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizənin təqdim edilməməsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
25. Halbuki, mübahisə predmeti olan daşınmaz əmlak, əvvəlcədən iddiaçının xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın sökülərək yerində inşa edilmiş əmlakdır və iddiaçı tərəfindən həmin əmlakın sökülərək yerində yenisinin inşa edilməsinə dair müvafiq ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edilmiş və sonuncu tərəfindən xx.xx.2008-ci il tarixli sərəncamla həmin sahədə razılaşdırılmış layihə əsasında yeni fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Sökülmüş mənzil üzərində hüquqların ləğv edilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizənin təqdim edilməməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, bu hal ümumiyyətlə imtinanın formal əsası kimi qiymətləndirilməlidir.
26. Göstərilənlərdən əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “35A” sayı altında qeydiyyatdan keçmiş fərdi yaşayış evinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı və onun mərhum anasının paylı mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Abbasov küçəsi, 35 saylı mənzilin xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 hissəsinin Xətai rayon İcra Hakimiyyəti başçısının 431 nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamı əsasında Ə.Həsənovun ərizəsinə əsasən sökülüb təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir və bundan sonra yenidən inşa edilmiş fərdi yaşayış evi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, eyni mühüm faktiki hallara malik müxtəlif işlər olduğu təqdirdə iddiaçıya münasibətdə cavabdeh tərəfindən fərqli mövqeyin sərgilənməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin (Bərabərlik prinsipi) tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
28. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
29. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva